Əsas Səhifə > Cəmiyyət > KƏRƏM HƏSƏNOV METAL BİZNESİNƏ GİRİŞİB
KƏRƏM HƏSƏNOV METAL BİZNESİNƏ GİRİŞİB5-11-2012, 14:07 |
KOMİTƏ SƏDRİ KİMƏ FIRILDAQ GƏLİB? GUNDEMINFO.AZ Metal biznesi sektoru Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun monopoliyasından çıxarılır. 20-yə yaxın kiçik poladəritmə müəssisəsinin sahiblərindən zorla alınaraq “Baku Steel Kompany”nin icraçı direktoru Rasim Məmmədovun idarəçiliyinə verilməsi komitə sədrinin patronajlığında olan metal biznesinin əlindən alınması prosesinin başlanğıcı idi. Bu barədə məlumatlı mənbələrdən məlumat daxil olub. Mənbənin iddiasına görə, poladəritmə müəssisələri ayrı-ayrı şəxslərə məxsus olsa da, onlar bəlli şərtlər (gəlirin bir hissəsini himayədara verməklə) əsasında K.Həsənovun çətiri altında işləyirdilər. Şərti olaraq Bakı qrupuna daxil olan K.Həsənov metal bazarının bu seqmentini şəriksiz idarə edirdi. Ancaq biznes elitasında bazarların yenidən bölüşdürülməsi uğrunda gədən rəqabət nəticəsində bu seqment Naxçıvan klanının nəzarətinə keçib. K.Həsənov həmin müəssisə rəhbərlərinin etirazını təşkil etməklə buna müqavimət göstərməyə cəhd göstərsə də, məqsədinə nail ola bilməyib. Qaynağın bilgisinə görə, 20-yə yaxın metaləritmə müəssisəsinin ardınca K.Həsənovun idarəetməsində olan “Azəralüminium” ASC (tərkibinə “Gəncə Gil-torpaq istehsal sahəsi”, “Sumqayıt Alüminium”, Daşkəsən “Zəylik Alunit” istehsalat sahələri daxildir) və “Azərboru” ASC-lər kimi nəhəng müəssisələr də onun əlindən alınıb. Buna səbəb Kərəm Həsənovun həmin müəssisələrin gəlirlərini gizlətməsi, siyasi rəhbərliyi aldatması olub. Pul məsələsində qeyri-dəqiqliyi bağışlamayan siyasi rəhbərlik onun “ümumi kassa”ya ödənişi azaltmasını həzm etmək niyyətində deyil. Bu baxımdan K.Həsənovun siyasi elitadakı mövqeyi xeyli laxlayıb. Xüsusilə də kiçik poladəritmə müəssisələrinin təhvil-təslimi zamanı K.Həsənovun müəssisə rəhbərlərinin dili ilə müqavimət göstərməsi hakimiyyətin üst qatında qıcıq doğurub. Hakimiyyətin yazılmamış qanunlarına görə, ictimai etiraz çox böyük siyasi səhv sayılır və buna adekvat olaraq sanksiyalar işə düşür. Qaynaq iddia edir ki, gələn ildən K.Həsənovun qardaşı Malik Həsənovun sahibi olduğu “Azinko-holdinq”ə verilən dövlət sifarişləri də kəskin şəkildə azalacaq (Qış bulvarı layihəsində bir neçə yüz milyon manatlıq əsas dövlət sifarişi məhz bu holdinqə verilmişdi, eyni zamanda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bu şirkət məşğul idi). Çünki holdinqin də “ümumi kassa”ya ödənişlərində ciddi şübhələr var. Holdinq nəhəng dövlət sifarişlərinin icrasından başqa, şəhərin mərkəzi ərazilərində çoxmərtəbəli elitar yaşayış binaları inşasını həyata keçirir. Son illər siyasi hakimiyyətin ən çox etimad göstərdiyi kadrlarından olan K.Həsənov indi narahat günlərini yaşamaqdadır. Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin etibarlı kadrlarından sayılan K.Həsənov onun həbsindən sonra nəinki karyerasını qoruya bildi, hətta daha da yüksəldi - F.Əliyevin əzəli rəqibi, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi funksiyası nazirlikdən alınaraq müstəqil quruma verildi və K.Həsənov quruma rəhbər təyin edildi. Az sonra onunla rəqabət aparan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovu da bitirdi - xidmət Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyinə verildi. Bir çox müşahidəçilər bunu təəccüblə qarşıladılar. Bir neçə hakimiyyət dönəmində vəzifəsini qorumağı bacaran təcrübəli A.Qaraşovun K.Həsənova uduzmasının gerçək səbəbləri indi də bəlli deyil. Hakimiyyət elitasında “odda yanmaz, suda batmaz” imicini qazanmış K.Həsənovun 2010-cu ilin parlament seçkisində qardaşı Malik Həsənovu deputat seçdirməsi də müşahidəçilərin təəccübünə səbəb oldu. Çünki M.Həsənovun Cəlilabadın 67 saylı şəhər seçki dairəsindəki əsas rəqibi əslən bu rayondan olan, Biləcəri Çağırış Məntəqəsinin uzun müddət rəisi olmuş Aydın Həsənov idi (A.Həsənov 2005-2010-cu illərdə həmin dairədən deputat olub). A.Həsənov Cəlilabadda yüksək nüfuz sahibi olmaqla yanaşı, K.Həsənovun himayədarlarından biri olub. Məlumatlara görə, F.Əliyev haqda siyasi qərar qəbul edilərkən məhz A.Həsənovun vasitəçiliyi ilə K.Həsənov K.Heydərovla görüşüb və batan gəmidən xilas ola bilib. Ancaq K.Həsənov himayədarını qurban verərək qardaşını YAP-ın siyahısına sala və deputat seçdirə bildi. Az sonra K.Həsənov başqa bir himayədarını - Kəmaləddin Heydərovu da sataraq Bakı qrupuna transfer etdi. Eyni zamanda qısa müddət ərzində ölkənin ən iri oliqarxlarından birinə çevrildi - metal və daşınmaz əmlak və tikinti sektorunda monopolist mövqeyə sahib çıxdı. İndi metal biznesi əlindən alınıb, tikinti biznesi də laxlamaq üzrədir. Bir sözlə, indi K.Həsənov yüksəliş yox, eniş dövrünü yaşayır. Maraqlıdır, hazırda mövqeləri möhkəm olan Bakı qruplaşması K.Həsənovu xilas edə biləcəkmi? Geri qayıt |