Əsas Səhifə > Sosial, Manşet > VƏZİFƏ VERİBLƏR, AMMA SƏLAHİYYƏT VERİLMƏYİB

VƏZİFƏ VERİBLƏR, AMMA SƏLAHİYYƏT VERİLMƏYİB


5-11-2012, 10:01
VƏZİFƏ VERİBLƏR, AMMA SƏLAHİYYƏT VERİLMƏYİB
SEVİNDİK HƏTƏMOVUN YARDIMLIDA SÖZÜNÜN KƏSƏRİ NİYƏ YOXDUR?

DİA.AZ: - Bir müddət əvvəl Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun qərarsızlıq içində olması barədə məlumat vermişdik. Məlumatımızda onu da bildirmişdik ki, artıq bir neçə şəbəkənin nəzarəti altında olan Yardımlıda icra başçısı hətta sıradan bir icra nümayəndəsini belə dəyişdirə bilmir. Hər kəs kiminsə adamıdır.

Ən qalmaqallı vəziyyətin Yardımlı rayon mərkəzi xəstəxanasının baş həkimi Fəxrəddin Əkbərovla yarandığı məlum olur. Qeyd edək ki, bu günlərdə Sumqayıtın keçmiş deputatı Sevindik Hətəmovun Fəxrəddin Əkbərovu vəzifəsindən alması barədə xəbərlər yayılmışdı. Indi isə aydın olur ki, icra başçısı əmrini geri oxumalı olub.

Bu barədə DİA.AZ-a məlumat verən rayondakı qaynağın iddialarına görə, Yardımlının baş həkimini birbaşa olaraq səhiyyə nazirliyindən başçıya tapşırıblar: «Maraqlı orasıdır ki, Sevindik Hətəmov gəldiyi ilk gündən heç bir qərarının üzərində dayanmır».

Xatırladaq ki, onun Yardımlıya rəhbər göndərilməsinin ardından mətbuatda belə bir xəbər yayıldı ki, Sevindik Hətəmov bir neçə müəssisə rəhbərinin və həmçinin rayon icra başçısı müavinlərinin ərizələrini alıb. Lakin sonradan həmin ərizələrə müvafiq olaraq heç bir addım atılmadı ki, bu işdə də icra başçısının müavini Mahir Mirzəyevin məxsusi rol oynadığı söylənilir.

Məlumatlı mənbənin sözlərinə görə, «yuxarılar»ın yanında heç bir nüfuzu və çəkisi olmayan Sevindik Hətəmovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adından hər addımda istifadə edən Mahir Mirzəyevə bata bilməməsi artıq hər kəs tərəfindən qəbul edilmiş bir reallığa çevrilib.

Geri qayıt