Əsas Səhifə > Gündəm, Manşet > VİDEOQALMAQALLA BAĞLI HƏBSLƏR BAŞLADI

VİDEOQALMAQALLA BAĞLI HƏBSLƏR BAŞLADI


4-11-2012, 12:14
VİDEOQALMAQALLA BAĞLI HƏBSLƏR BAŞLADI
DÜNƏN BİR NEÇƏ YÜKSƏK VƏZİFƏLİ MƏMURUN QOLLARI QANDALLANDI

DİA.AZ: - Keçmiş deputat Gülər Əhmədova ilə bağlı lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektorunun mandat bazarlığında vasitəçilik edən Sevinc Babayevanın işi ilə bağlı həbslər başlayıb. Bu şok məlumatı DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr ötürüb.

Məlumatı verən mənbə bildirir ki, dünən axşam saatlarında Bakı şəhər icra hakimiyyəti başçısının mədəniyyət məsələləri üzrə müavininin və daha bir neçə səlahiyyətli şəxsin həbs edildiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 25-də Elşad Abdullayev keçmiş deputat Gülər Əhmədova və Sabir adına kitabxana-klubun direktoru Sevinc Babayeva ilə bağlı video yaymışdı. Videoda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S.Babayeva arasında E.Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Bildirək ki, bu qalmaqalın ardından Xətai rayonunda Sabir adına kitabxananın direktoru vəzifəsində çalışan S.Babayeva vəzifəsindən alındı və bu barədə qərarı mədəniyyyət və turizm nazirliyindən verdilər. Halbuki ilk başdan nazirlik rəsmisi Sevinc Babayeva ilə ilin sonuna kimi müqavilələrinin olduğunu bildirirdi və işdən çıxarılmanının qeyri-mümkünlüyünü iddia edirdi. Amma vəziyyətin gərginləşməsi fonunda nazirlik adının bəlli prosesdə hallandırılmaması üçün Sevinc Babayeva ilə yollarını ayırmaq qərarına gəldi.

Amma hüquq-mühafizə orqanlarının bu məsələ ilə əlaqədar araşdırma apardığını söyləyən mənbəmizin sözlərindən belə aydın olur ki, Sevinc Babayevanın hansı yolla kitabxanaya müdir təyin edilməsinin araşdırılması zamanı ortaya ilginc faktlar çıxıb və məlum olub ki, Gülər Əhmədovanın yardımı ilə və Nazirlər Kabinetinin bir neçə yüksək vəzifəli şəxsinin dəstəyilə qanunsuz olaraq katibxana müdiri vəzifəsinə təyin etdirilən Sevinc Babayevyaya dəstək verənlər arasında Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun mədəniyyət məsələləri üzrə müavini də var.

Mənbəmiz bildirir ki, sözügedən «əməliyyatda» iştirak edən bütün şəbəkəni ifşa edən hüquq-mühafizə orqanları bütün şəbəkə üzvlərini həbs edib.

Xatırladaq ki, Sevinc Babayeva bir müddət parlament müxbiri də olub. “Media Nyus” qəzetində çalışmış bu xanım çox güman ki, G.Əhmədova ilə əlaqələri parlament vasitəsilə yaradıb. Bundan başqa, bu qadının E.Abdullayevlə də qohum olduğu bildirilir.

Mənbəmiz bildirir ki, Sevinc Babayeva hələlik həbsdən yayına bilib və o, axtarışdadır: «Onun hazırda harnda olmasının müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir».

Geri qayıt