Əsas Səhifə > Ölkə, Manşet > «RESPUBLİKANSKİ» XƏSTƏXANADA BAZAR AÇIBLAR

«RESPUBLİKANSKİ» XƏSTƏXANADA BAZAR AÇIBLAR


1-11-2012, 14:14
«RESPUBLİKANSKİ» XƏSTƏXANADA BAZAR AÇIBLAR
VƏTƏNDAŞ XƏSTƏXANADAKI ŞƏRAİTDƏN GİLEY EDİR

DİA.AZ: - Əksəriyyətin bildiyi məşhur bir lətifəni xatırlayaq. Günlərin birində bir xəsis adamın evinə qonaq gəlir. Və ev sahibi adətə uyğun olaraq qonağın qarşısına çay qoyur. Ev sahibi diqqət edib görür ki, qonaq qəndi iki-iki götürür. Nəhayətdə dözməyən xəsis ev sahibi qonaqdan soruşur: «Qardaş sizin kənddə ölünü qəbirə neçə-neçə qoyurlar?» Qonaq heç əhvalını pozmadan daha iki qəndi ağzına tullayıb cavab verir: «Baxır ölüyə»…

Deyəcəksiniz nə dəxli? Dəxli var. DİA.AZ-a müraciət edən Vəliyev Eyvaz adlı Bakı sakininin şikayəti cəmiyyət arasında “Respublikanski xəstəxana” kimi tanınan akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasındandır.

Narazı vətəndaş bildirir ki, bu günlərdə ağır vəziyyətdə olan həyat yoldaşını sözügedən xəstəxanaya təcili tibbi yardım maşını ilə çatdırıb: «Həyat yoldaşım şəkərin komasında olduğundan onu təcili surətdə reanimasiya şöbəsinə götürdülər. Amma reanimasiyada əməlli-başlı basabasın olduğunu elə ilk dəqiqələrdən gördüm».

Bakı sakini bildirir ki, heç də reanimasiya şəraitində müalicə almağa ehtiyacı olmayan bir neçə nəfərin xəstə kimi reanimasiya şöbəsində yer məşğul etdiyini və ağır vəziyyətdə olan həyat yoldaşımı yerləşdirmə imkanının olmadığını görüb, həkimə şikayətlənib: «Amma nahaq yerə. Reanimasiya şöbəsinin əsas həkimi mənə ağır cavab verməklə bildirdi ki, əgər xoşum gəlmirsə, xəstəmi başqa xəstəxanaya apara bilərəm. Daha sonra əlavə etdi ki, həmin ayaq üstündə gəzən xəstələr də ağırdır, sadəcə olaraq icazəsiz şəkildə ayağa durublar».

Amma həmin xəstələrin ən azından reanimasiyalıq xəstələr olmadığını görən narazı vətəndaşımız yenə də etiraz etsə də, onunla daha da kobud danışıblar: «Təsəvvür edin, ağır xəstələri çarpayılara iki-iki yerləşdirirlər, amma yüngül xəstələr üçün reanimasiyada xüsusi şərait yaradılır».

Onu da bildirək ki, əslində bu məsələ bizim üçün tanış bir haldır və artıq bu barədə məlumat da yaymışıq. Amma nədənsə səhiyyə nazirliyində bir kimsə xəstəxanalardaı reanimasiya biznesinə əncam qılmaq barədə düşünmür. Çünki bu bir faktdır ki, bu gün xəstəxanalarda reanimasiya palataları xüsusi həkim nəzarəti olması səbəbindən xəstələrə bir ayı 1000 manata satılır. Və redaksiyamıza müraciət edən vətəndaş da bu faktı təsdiqləyərək bildirdi ki, həmin xəstələrin əslində reanimasiyaya ehtiyaclarının olmadığı halda, normal palatalara köçürülməməsi və reanimasiyada həftələrlə saxlanılmaları ortadakı pul faktorunun nəticəsidir.

Geri qayıt