Əsas Səhifə > Siyasət, Manşet > ABSURD: FHN ŞEFİ BALIQÇILARLA MÜBARİZƏ APARIR

ABSURD: FHN ŞEFİ BALIQÇILARLA MÜBARİZƏ APARIR


1-11-2012, 11:17
ABSURD: FHN ŞEFİ BALIQÇILARLA MÜBARİZƏ APARIR
KƏMALƏDDİN HEYDƏROV KİMİ OLİQARXA YARAŞMAYAN BİR HƏRƏKƏT

DİA.AZ: - Bu gün ölkənin ən zəngin adamlarından biri kimi diqqətə gələn və əlində böyük bir iqtisadi imperiyanı saxlayan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun hər zaman səxavətli birisi olması barədə xəbərlər yayılsa da, bu dəfə nazirin qazandığı ada layiq olmayan bir davranışlarından məlumat almışıq. Söhbət FHN şefinin nəzarətində olan «Caspian Fish»in maraqları naminə bir sıra Kürqırağı rayonlarda əhalinin müstəqil qaydada balıq ovlamasının qarşısının alınması niyyətindən gedir.

Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbənin sözlərinə görə, bu günə qədər ayrı-ayrı Kürqırağı rayonlarda yerli əhalinin əsas dolanışıq yerlərindən biri olan balıq ovlanması məhdudlaşdırılmayıb, yalnız xüsusi yerlərdə belə bir qadağalar olub: «Amma Kəmaləddin Heydərovun Mingəçeviri, Yevlaxı və daha bir neçə Kürqırağı bölgəni ələ keçirməsilə balıqçıların qara günlərinə start verilib».

Mənbəmiz iddia edir ki, artıq həmin rayonların ərazilərində bir çox yerlərdə balıq ovlanması əngəllənir: «Hətta bəzi yerlərdə xırda vətəgələri olan sahibkarlara qarşı da süni maneələr və qadağalar tətbiq olunur ki, bütün bu işlərin də arxasında «Caspian Fish»in dayandığı məlumdur».

Məlumatlara görə, bu günlərdə isə ölkədə qanunsuz balıq ovlanması və balıq yetişdirilməsi, balıqçılıq təsərrüfatı ilə bağlı xüsusi qadağaların qüvvəyə minməsi də gözlənilir: «Kəmaləddin Heydərovun adamlarından gələn bu təşəbbüslar təbii ki, daha çoxi pul qazanma istəyilə bağlıdır. Amma bu zaman az qala əsrlərdir dolanışığını dənizdən, çaylardan çıxaran vətəndaşların bir qarın çörəyin həsrətində qoyulması faktı da nəzərə alınmalıdır. Lakin göründüyü kimi kimsə bu barədə düşünmür».

Geri qayıt