Əsas Səhifə > Siyasət, Manşet > DƏHŞƏT: ASTARA GÖMRÜKXANASI NARKOTİK YOLU İMİŞ

DƏHŞƏT: ASTARA GÖMRÜKXANASI NARKOTİK YOLU İMİŞ


1-11-2012, 09:40
DƏHŞƏT: ASTARA GÖMRÜKXANASI NARKOTİK YOLU İMİŞ
GÖMRÜK İDARƏSİNİN RƏİSİNƏ NARKOMAFİYA HƏR AY AYRICA PAY VERİR

DİA.AZ: - Redaksiyamıza Astara gömrük idarəsi ilə bağlı olduqca ciddi ittihamların yer aldığı bir məlumat daxil olub. Qeyd edək ki, dünən gün ərzində əldə etdiyimiz məlumatlara münasibət öyrənməyə çalışsaq da, müvafiq dövlət qurumlarından kimsə bu barədə danışmaq istəmədi.

Beləliklə, DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, bu gün ölkənin narkotik bazarına daxil olan Əfqanıstan və İran istehsalı olan narkotik məhsullarının böyük əksəriyyəti məhz Astara gömrük idarəsindən keçirilir. Bu barədə məlumatlı mənbə şok faktları açıqlayıb:

«Hər halda, bu işdən Dövlət Gömrük Komitəsinin rəhbərliyinin də məlumatı var. Və yaxud da DGK rəhbərliyi bu məsələyə müdaxilə imkanında deyil. Çünki bu gün içərisində narkotika olan TIR-lar və digər maşınlar Astara gömrük məntəqəsinin gözündən asanlıqla yayınır».

Mənbəmiz bir fakta diqqət çəkməyimizi vacib bilir: «Nəzər yetirin, əksər hallarda hüquq-mühafizə və xüsusi xidmət orqanları narkotik məhsullarını iri partiyalarda gömrükdə yox, məhz ölkə daxilində ifşa edirlər. Doğrudur, burada bəzi hallarda əməliyyata uyğun olaraq hərəkət edilir və gətirilən narkotik məhsullar məqsədli olaraq gömrük məntəqəsindən buraxılır ki, daha geniş şəbəkəyə ulaşılsın. Amma əksər hallarda Astara gömrük məntəqəsindən asanlıqla sərhədləri aşan narkotik məhsulların böyük partiyası məhz sonradan əməliyyat məlumatları əsasında təsbit olunur».

Yəni mənbəmizin sözlərinə görə, Astara gömrük məntəqəsindən ölkəyə asanlıqla daxil olan narkotik məhsulları sonradan hüquq-mühafizə və xüsusi xidmət orqanları ciddi araşdırmadan və yaxud da öz agenturaları hesabına əldə etdikləri məlumatlardan müəyyən edə bilirlər ki, bu da idxal olunan narkotik məhsulların heç də hamısının ifşası anlamına gəlmir.

Bu işdə birbaşa olaraq Astara gömrük məntəqəsi rəhbərliyinin də aylıq payçı olduğunu, yəni qeyd olunan gömrükxananın rəisi «Rokfeller» ləqəbli Hikmət Məmmədova aylıq haqqın çatdığını bildirən mənbəmiz onu da vurğuladı ki, əslində Hikmət Məmmədovun yerində kimin oturması önəmli deyil: «Çünki hər şey yuxarıdan qaynaqlanır və ölkədəki narkomafiya üçün Astara qapısı ən önməli pozisiyalardan biridir». Mənbəmiz onu da əlavə etdi ki, Azərbaycan ərazisi ilə Rusiya, Gürcüstan və Avropaya idxal olunan narkotik məhsulları da məhz Astara gömrük məntəqəsindən keçirilir. Hər halda, elə bu faktdan müəyyən etmək olar ki, nədən gömrük idarəsinin rəisi Hikmət Məmmədov dünyaca məhşur yəhudi milyonçu Rokfellerin namını öz ayamasına çevirib.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt