Əsas Səhifə > Sosial, Manşet > BU QƏDƏR DƏ OLMAZ! MASALLI POLİSİNDƏ ÖZBAŞINALIQ!

BU QƏDƏR DƏ OLMAZ! MASALLI POLİSİNDƏ ÖZBAŞINALIQ!


30-10-2012, 11:14
BU QƏDƏR DƏ OLMAZ! MASALLI POLİSİNDƏ ÖZBAŞINALIQ!
RƏİSİN OTAĞINDA POLİS ƏMƏKDAŞINI BIÇAQLAYAN ŞƏXS KİMƏ GÜVƏNİR?

DİA.AZ: - Bu il oktyabr ayının 26-da Masallı Rayon Polis Şöbəsində bıçaqlanma hadisəsi baş verib. Əslində bu olayın əsası bir gün əvvəl qoyulub. Belə ki, Masallı Rayon Polis Şöbəsinin Ərkivan qəsəbəsi üzrə sahə müvəkkilinin köməkçisi, polis nəfəri Zamir Kazımov idarə etdiyi VAZ 2007 markalı maşınla Ərkivanın yuxarıbaş adlanan hissəsində, Bədirli yolunda həmkəndlisi Seymur Hacı İbrahimoğlunun idarə etdiyi LAND CRUİSER markalı avtomobillə qarşılaşıb. Verilən məlumata görə, Seymur pəncərədən Zamirə qarşı xoşagəlməz ifadələr işlədib. Zamir Kazımov sonra maşınla geri qayıdaraq ondan soruşub: “Bu sözləri mənə deyirsən?” Beləcə, mübahisə başlanıb. Sonra razılaşıblar ki, bura kəndin içidir, gedək kənarda, kəndin yuxarı hissəsində, Allahyarlı yolunda mübahisəmizi davam etdirək. Həmin vaxt Seymurun maşınında olan, kənddə çoxlarının Qaqaş adlandırdığı Saleh Xıdırov da onunla mübahisə məkanında olub.

DİA.AZ bildirirki, Saleh Xıdırov Masallı Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin rəisi Baba Xıdırovun qardaşı oğludur. Onun atası isə tanınmış idmançı Alim Xıdırovdur. Maşını idarə edən Seymur Əliyev isə Ərkivan – Masallı yolunun sağ tərəfində yerləşən Maye Qaz Doldurma Məntəqəsinin müdiri Hacı İbrahim Əliyevin oğludur. Seymur Əliyevin özünün İsti su ərazisindəki “Udman” istirahət mərkəzini işlətdiyi bildirilir. Saleh isə Masallı şəhər mərkəzində ticarət dükanı işlədir.

DİA.AZ-a daxil olan məlumata görə, bu iki şəxslərlə Zamir Kazımov arasında əvvəllər də mübahisə olub. Daha doğrusu, bu gənclərin narkotik istifadəçisi olduğu barədə söhbətlər dolaşır və Zamir də onlara qarşı əməliyyat keçirmək istəyib, lakin bu əməliyyat uğurlu nəticələnməyib. Mənbənin bildirdiyi məlumata görə, mübahisə vaxtı Saleh Zamir Kazımova narkotik göstərərək deyib ki, bax, əlimdəki narkotikdir, bacarırsan, məni həbs elə.

Yenidən gənclər arasında mübahisəyə qayıdaq. Allahyarlı yolundakı mübahisədən sonra onlar razılaşıblar ki, sabah yenidən bu söhbətə qayıtsınlar. Zamir bundan sonra polis şöbəsinə gələrək hadisəni bölmə rəisi, Salehin əmisi Baba Xıdırova məruzə edib. Lakin o, buna əhəmiyyət verməyib. Daha sonra Zamir hadisəni polis rəisinin özünə çatdırıb. Rəis məsələni araşdırmağı müavini Əlifağa Kazımova tapşırıb. Həmin 2 gənc – Saleh və Seymur Zamir Kazımovla birgə rəis müavininin otağına dəvət olunub. Bu zaman həmin şəxslərin üstü axtarılmayıb. Rəis müavininin otağında mübahisə yenidən qızışıb və o, həddə çatıb ki, Saleh bıçaq çıxararaq Zamirin qarın nahiyəsinə zərbə endirib.

Hazırda Zamir Kazımovun yarasına tikiş qoyulub və o, evdə müalicə alır. Vəziyyəti normaldır. Onunla dalaşan şəxslər isə dərhal həbs olunub. Verilən məlumata görə, həmin şəxslər əvvəl qandallanaraq ciddi rejimdə saxlanılıb. Lakin bir neçə saatdan sonra zaminə buraxılıblar. Masallı Rayon Prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

Geri qayıt