Əsas Səhifə > Gündəm, Manşet > NAZİR QARDAŞI RUSİYA SƏNAYESİNİ NECƏ ÇÖKDÜRÜR?

NAZİR QARDAŞI RUSİYA SƏNAYESİNİ NECƏ ÇÖKDÜRÜR?


28-10-2012, 11:12
NAZİR QARDAŞI RUSİYA SƏNAYESİNİ NECƏ ÇÖKDÜRÜR?
SƏN DEMƏ, ZİYA MƏMMƏDOVUN QARDAŞI RUSİYAYA «RUS MALI» İDXAL EDİRMİŞ

DİA.AZ: - Məşhur filmlərdən birinin bir səhnəsi redaksiyamıza daxil olan ilginc bir məlumata tam uyğundur desək, yanılmarıq. Söhbət «Bəyin oğurlanması» filmində işlənən «monqol dublyonkalarını monqol turistləri alıb, aparıblar» ifadəsindən gedir. Yəni həmin filmdə anlaşılanı bu idi ki, sovet dövrünün xarakterik xüsusiyyətlərindən biri olan defisit malı satmaq istəməyən dükan sahibi istənilən bir bəhanə ilə vəziyyətdən çıxmağa çalışır. Doğrudur, uğurlu alınmır. Yəni kimsə, hətta sadə kəndlilər belə inanmırlar ki, monqol turistlər öz ölkələrinin istehsalı olan dublyonkaları ala bilmələri üçün Azərbaycanın ucqar kəndlərindən birinə gəlsinlər…

Amma kifayət qədər peşəkar olan bizlər ruslar üçün «Rusiya istehsalı olan» malları rahatlıqla idxal edə bilirik. Bəli, yanılmadınız, ruslar üçün «Rusiya istehsalı olan» mallar. Söhbət Rusiya istehsalı olan avtomobillərin ehtiyat hissələrindən gedir. Yox, həmin ehtiyat hissələri biz istehsal etmirik, amma Rusiyaya bizdən idxal olunur.

Bununla bağlı DİA.AZ-a məlumat verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, bu gün Rusiya bazarına bu ölkənin istehsalı olan avtomobillərin ehtiyat hissələrinin idxalı ilə məşğul olan bir nömrəli şəxs azərbaycanlıdır. Mənbəmiz bildirir ki, bu biznes sahəsi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun nəzarəti altındadır.

Məlumatı verən qaynaq bildirir ki, Rusiya istehsalı olan maşınların ehtiyat hissələrinin tam eynisini, amma ucuz qiymətə - fabrika qiymətindən qat-qat aşağı qiymətə Çində istehsalına sifariş verən İldırım Məmmədov sonradan həmin ehtiyat hissələri Azərbaycana gətirərək, buradan da Rusiyaya idxal edir.

Mənbəmizin söylədikləri: «Putin hələ ilk dəfə dövlətin başına keçəndən sonra Rusiyanın Çinlə sərhədlərini ciddi şəkildə nəzarət altına aldı. Və bu zaman yerli istehsala problem yarada biləcək istənilən bir məhsulun idxalının qarşısı qəti şəkildə alındı. Doğrudur, ara-sıra sapmalar olsa da, nəzarət olduqca güclüdür».

Amma bu nəzarətin Rusiya istehsalı olan maşınların ehtiyat hissələri mövzusunda o qədər də yetərli olmadığını bildirən mənbəmizə görə, bu işdə nazirin qardaşı rusları belə heyrətləndirməkdədir: «Bu gün Azərbaycandan Rusiyaya gedən bütün avtobusların yük yerləri, həmçinin qatarların əsas yük yerləri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun ixtiyarındadır. Bu yolla Rusiyaya Çində istehsal olunmuş maşınların ehtiyat hissələrini daşıyan İldırım Məmmədov özünə əməlli-başlı şəbəkə də qurub».

Mənbəmiz bildirir ki, Ziya Məmmədovun nüfuzu sayəsində Azərbaycan sərhədlərini asanlıqla aşan saxta ehtiyat hissələri Rusiya gömrükçülərinin də «gözündən yayına bilir»: «Bunun üçün Rusiyanın gömrükçülərinə bir ay ərzində Rusiyaya keçirilən malın ümumi məbləğinin 20 faizi qədərində rüşvət verilir. Yəni hələ Sovetlər Birliyi dönəmindən rusları rüşvətə alışdıran bizimkilər hələ də «böyük qardaşlarının» boğazlarını yağlamağı yaxşı bacarırlar».

Hər halda, Ziya Məmmədovun qardaşına milyonları qazandıran bu əməliyyatdan rus sənayesinin nə qədər itirdiyini hesablamaq o qədər də çətin deyil…

Geri qayıt