Əsas Səhifə > Cəmiyyət > CƏNUB BÖLGƏSİ İFLİC OLUB

CƏNUB BÖLGƏSİ İFLİC OLUB


9-11-2011, 13:04
CƏNUB BÖLGƏSİ İFLİC OLUB

HƏLƏ DƏ 100-Ə YAXIN KƏNDLƏ ƏLAQƏ YOXDUR

Noyabrın 8-dən cənub bölgəsinə yağan güclü qar yerli əhalini bir sıra problemlərlə üz-üzə qoyub. APA-nın cənub bürosunun məlumatına görə, dağlıq Lerik rayonunun ucqar ərazilərinə düşən qarın hündürlüyü 1 metr 20 sm, rayon mərkəzində isə 1 metr təşkil edib.

Nəticədə rayonun enerji təsərrüfatına ciddi ziyan dəyib. Qarın ağırlığından 450-dən çox elektrik dirəyi uçub, 16 km-dək naqil sıradan çıxıb. Bu isə rayonun 50 yaşayış məntəqəsinin işıqsız qalmasına səbəb olub. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun sözlərinə görə, hazırda rayonda günəşli hava şəraiti hökm sürür ki, bu da təmir briqadalarının işinin sürətlənməsinə imkan yaradıb. H. Məlikov günün sonunadək işıqsız qalmış bütün kəndlərə enerji verilişinin bərpa olunacağını bildirib.

Güclü qar Yardımlı rayonun elektrik təsərrüfatını da iflic vəziyyətə salıb. Qarın ağırlığından 100-ə yaxın elektrik dirəyi aşıb, 3 km-dən çox naqil sıradan çıxıb. Nəticədə 40-a yaxın yaşayış məntəqəsinə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Rayon fövqəladə hallar komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, hazırda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür, günün sonunadək rayonun daxili imkanları hesabına yaranan problemlərin aradan qaldırılması nəzərdə tutulur.

Güclü qar nəticəsində Lənkəran rayonunda da 200-ə yaxın elektrik dirəyi aşıb, 5 km-dən çox naqil qırılıb, 2 ədəd transformator sıradan çıxıb. Dəyən ziyan Lənkəran Rayon Elektrik Şəbəkəsinin qəza briqadalarının səyləri ilə dünən axşama kimi aradan qaldırılıb. Hazırda rayonun 99 faiz ərazisinə elektrik enerjisinin verilişi bərpa olunub.

Noyabrın 7-dən 8-nə keçən gecə Cəlilabad rayonunun Sabirabad kəndi ərazisindən keçən Qarazəncir çayının daşması nəticəsində bu yaşayış məntəqəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsini su basıb. Rayonun müvafiq qurumlarının səyləri ilə kənddə ağır texnika gətirilərək çayın istiqamətini dəyişdirməklə təhlükə sovuşdurulub.

Hazırda bölgədə günəşli hava hökm sürür.


Geri qayıt