Əsas Səhifə > Siyasət, Manşet > ABBAS ABBASOV RUSİYANIN GİZLİ OYUNLARINDA

ABBAS ABBASOV RUSİYANIN GİZLİ OYUNLARINDA


24-10-2012, 11:55
ABBAS ABBASOV RUSİYANIN GİZLİ OYUNLARINDA
BAŞ NAZİRİN KEÇMİŞ MÜAVİNİ KREMLİN PLANLARINI POZA BİLƏCƏKMİ?

DİA.AZ: - Dünən Bakıda olması haqda xəbəri yayılan, sonradan isə Moskvada olduğunu şəxsən mətbuata bildirən baş nazirin keçmiş birinci müavini Abbas Abbasovla bağlı redaksiyamıza çox ilginc məlumatlar daxil olub. Xatırladaq ki, Abbas Abbasov Moskvada Putin administrasiyasının təşkilatçılığı ilə baş tutan erməni diaspora nümayəndələri ilə görüşə qatılmamışdı və özünün açıqlamasında baş nazirin keçmiş müavini bildirmişdi ki, Azərbaycan prezidenti İlham Əliyevin razılığını almadan buk imi aksiyalarda iştirak edə bilməz.

Maraqlıdır, Abbas Abbasov prezidentin razılığını nədən ala bilməyib? Hər halda, onun tədbirə qatılmaması belə bir sualı ortaya çıxarır. Qeyd edək ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı da məhz rəsmi Bakının məsələyə müdaxiləsindən sonra fəaliyyətini dondurmalı oldu. Və həmin təşkilata da Abbas Abbasovun rəhbərlik etməsi faktdır.

Bunlarla bağlı DİA.AZ-a Rusiyadakı qaynaqlardan verilən xəbərdə qeyd olunur ki, əslində Abbas Abbasov hələ ÜATİ yarandığı ilk gündən və ona sədrlik təklif edildiyi ilk andan Azərbaycan prezidenti İlham Əliyevlə əlaqə saxlamağa çalışıb və onun mövqeyini öyrənmək istəyib. Amma prezident Abbas Abbasovla danışmaq istəməyib. Mənbəmiz bildirir ki, baş nazirin keçmiş müavini iki dəfə prezidentlə əlaqə yaratmaq istəsə də, alınmayıb. Sonradan isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə də danışmaq, rəsmi Bakının mövqeyini öyrənmək istəyən Abbas Abbasova PA şefi tərəfindən də görüş üçün rədd cavabı gəlir.

Bunun ardından ÜATİ-nin elan olunduğunu bildirən mənbəmiz vurğuladı ki, rəsmi Bakıdan yeni diaspora təşkilatı ilə bağlı müxtəlif reaksiyaların gəlməsi və ortada bir incikliyin olması nəhayətdə Abbas Abbasovun geri çəkilməsilə nəticələnib: «Doğrudur, Putin administrasiyasının diqtəsi ilə hərəkət edən Söyün Sadıqov yeni təşkilatın dondurulmasının əleyhinə olub və elə ermənilərlə keçirilən görüş də yeni təşkilatın il kişi kimi təqdim olunmalı idi. Amma buna baxmayaraq, Abbas Abbasov bu məsələdə rəsmi Bakının mövqeyinin öyrənilməsinin vacib olduğunu bildirməklə yanaşı, təşkilatın fəaliyyətinin durdurulmasına nail olub. Bunun ardından isə baş tutan ermənilərlə görüş də ÜATİ-nin fəaliyyətinin təzahürü kimi təqdim olunmayıb».

Qeyd edək ki, mənbəmiz eyni zamanda Abbas Abbasovun Bakıya gəlmə məsələsinə də aydınlıq gətirib: «Əslində ona Bakıdan heç bir dəvət-filan gəlməyib. Siz özünüz təsəvvür edin, Abbas Abbasovu prezident yanına çağırsın, o da bu qədər yubansın. Sadəcə olaraq, Abbas Abbasovla bağlı yaranmış məsələnin qalmaqal həddinə çatmaması üçün Söyün Sadıqov belə bir şaiyə buraxdı ki, guya prezident İlham Əliyev Abbas Abbasovu Bakıya çağırıb. Belə bir çağırış yoxdur və bu gün də Abbas Abbasov məhz rəsmi Bakının mövqeyini bilmədiyindən ermənilərlə görüşə qatılmaqdan imtina edib».

Bütün bunlardan isə aydın olanı odur ki, baş nazirin keçmiş birinci müavini Rusiyanın xüsusi xidmət orqanlarının gizli oyunlarına cəlb olunub. Amma vaxtında ayılan Abbas Abbasov hələlik bu planları poza bilir. Amma davamlı olacaqmı? Hər halda, rusların da ona böyük təsir rıçaqları var…

Geri qayıt