Əsas Səhifə > Güney Press, Üçüncü sektor > EKSPERT NAZİRİN SÖZLƏRİNİ LAĞLAĞIYA QOYDU

EKSPERT NAZİRİN SÖZLƏRİNİ LAĞLAĞIYA QOYDU


24-10-2012, 08:00
EKSPERT NAZİRİN SÖZLƏRİNİ LAĞLAĞIYA QOYDU
Misir Mərdanov: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır”
Əlövsət Osmanlı: “Belə getsə, bir azdan “kasıblar uşaqlarını oxutmasın, hamballığa göndərsin” sözlərini də eşidəcəyik”

DİA.AZ: - “Bəzi müəllimlər repetitorluğa can yandırırlar ki, onların hazırlaşdırdığı uşaqlar yüksək göstəricilərlə ali məktəblərə qəbul olsunlar”. Bildirək ki, bu sözləri təhsil naziri Misir Mərdanov dünən Sabunçu rayonunun 252 saylı məktəbində “Müasir təhsil proqramlarının tətbiqi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.
Nazir onu da qeyd edib ki, həmin müəllimlərin bunda əsas məqsədi odur ki, pullu adamların uşaqları onların yanına gəlsinlər: “Müəllimlərimizin əksəriyyətinin paytaxtın mərkəzi məktəblərində dərs deməyə meyil etməsinin də səbəbi budur. Yəni pullu adamların uşaqlarını özlərinə cəlb etmək”. M. Mərdanovun sözlərinə görə, Sabunçu rayonundan ali məktəblərə daxil olanların sayının digər paytaxt məktəblərinə nisbətən aşağı olması bu rayonun sakinlərinin kasıb olması ilə bağlıdır: “Sabunçuda göstəricilərin aşağı olması onunla bağlıdır ki, bu rayonun sakinləri kasıbdır. Yəni Sabunçuda yaşayan valideyn uşağını ali məktəbə hazırlaşdırmaq üçün 30 manat repetitora pul verir, nəticə də ürəkaçan olmur”.
Nazirin bu və bəzi digər fikirlərinə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı DİA.AZ-a münasibət bildirib. Onu oxucuların diqqətinə çatdırırıq.
“Bu yaxınlarda mətbuatda “Misir Mərdanov və Herostrat” başlıqlı yazım dərc olundu. Orada bir tanışıma istinadən belə fikir söyləmişdim: “Təhsilimizlə bağlı mövzu axtarmaq üçün heç də dağa-daşa düşmək, uzaqlara getmək lazım deyil, sadəcə olaraq, Mərdanovun çıxışlarını izləmək yetərlidir. Onun hər ifadəsi bir mövzudur”. Nazirimizin bu gün (dünən – red.) Sabunçu rayonunun 252 saylı məktəbində işlətdiyi ifadələri də bu qəbildən hesab etmək olar.
Mən Mərdanovun sözlərinə heç də təəccüblənmədim! Elə biz də neçə vaxtdır, bunu demirdikmi?! Nəhayət ki, nazir, dolayısı ilə də olsa, rəhbərlik etdiyi ümumtəhsil sistemində təhsilin olmadığını boynuna aldı. Buna görə, bizə ancaq onu “təbrik etmək” düşür. Kişi daha nə deməlidir? Elan edir ki, ali məktəbə qəbul olmaq üçün məktəb yox, repetitor və valideynin pulu əsasdır. Onun məktəb təhsilinin keyfiyyətindən yox, Sabunçu rayonu əhalisinin kasıblığından danışması, onların repetitorlara az pul verməsindən “şikayəti” isə dünyada analoqu olmayan nazir “səmimiyyətidir”. Bəs necə, nazir artıq camaatın pulunu saymağa başlayıb. Özü də bunu təkcə Sabunçu rayonu üçün deməyib, Xəzər və Qaradağ rayonları üçün də deyib! Hətta Yasamal rayonunun niyə bu cərgəyə düşməsini təəccüb və təəssüflə qarşılayib: “Xəzər, Sabunçu və Qaradağ rayonlarını bu məsələdə başa düşmək olar. Lakin Yasamal rayonunda təhsil alan şagirdlərin imtahanda bu cur xoşagəlməz nəticə göstərməsini başa düşmürəm. Gərək belə olmayaydı”. Əlbəttə gərək belə olmayaydı! Axı Yasamal rayonu əhalisinin imkanlarını Misir müəllimdən yaxşı kim bilir?! Mətbuat bu rayonun məktəblərinə direktor keçmək üçün təklif edilən məbləğin altırəqəmli ədədə yaxınlaşmaqda olduğunu bildirir...
Misir Mərdanovun “düşündürücü” fikirləri bununla da bitmir. Bir neçə gün öncə o, Gədəbəydə bundan da dəhşətli fikirlər söyləmişdi. Bildirmişdi ki, təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələrin əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylər yaradılmalıdır, bu liseylərə ən yaxşı müəllimlər və xüsusi istedadı olan şagirdlər cəlb edilməlidir. Bunun adı nədir? – Ümumtəhsil sistemini dağıtmaq, hər rayonda bir “göstərgə” məktəb yaradaraq ora imkanlıların uşaqlarını toplamaq deyilmi? Belə getsə, bir azdan yəqin ki, “kasıblar uşaqlarını oxutmasın, hamballığa göndərsin” sözlərini də eşidəcəyik”...

Geri qayıt