Əsas Səhifə > Ölkə, Manşet > ŞAMAXIDA İCRA BAŞÇISI “GESTAPO REJİMİ” YARADIB

ŞAMAXIDA İCRA BAŞÇISI “GESTAPO REJİMİ” YARADIB


23-10-2012, 12:50
ŞAMAXIDA İCRA BAŞÇISI “GESTAPO REJİMİ” YARADIB
SAKİNLƏR ŞİKAYƏT ETMƏYƏ DƏ QORXURLAR

DİA.AZ: - Şamaxıdan redaksiyamıza bir qrup vətəndaş adından şikayət məktubu ünvanlanıb. DİA.AZ-a müraciət edən narazı vətəndaşların gileyi rayon təhsilindəki özbaşınalıqlarla bağlıdır. Müraciət müəllifləri bildirir ki, son günlər Şamaxıdakı İqtisadiyyat Kollecində pultoplama kampaniyası başlayıb.

Məktubda deyilir: “Müəllimlərin hərəsindən 500 manat yığırlar ki, kollecdə nazirlik bir neçə ixtisası ixtisar etmək istəyir və bunun qarşısını almaq üçün “yuxarılara” pul verilməlidir. Nazirliyin aparat rəhbəri İlham Pirməmmədova 10 min manat verilməlidir ki, bizə hörmət eləsin, əlavə ixtisas versin.

Kollecin rəhbəri hər müəllimdən 20 manat qəzet pulu toplatdırır. Kollecdə semestr imtahanlarında 100 manatdan toplanmaqla 11 min manat yığılıb direktora verilməlidir. Kollecdə 15 nəfər ölü can var, hamısı direktorun yaxın qohumlarıdır. Direktor deyir ki, çoxlu pul lazımdır, oğlumu Hesablama Palatasında işə düzəldim. Həm də yeni tikdirdiyim villanın üstünü ağ dəmir elətdirməliyəm. Buna da pul lazımdır”.

Şamaxıdan daxil olan bir başqa şikayət məktubunda isə hədəfə alınanı icra başçısı Asif Məmmədovdur. DİA.AZ-a müraciət edən rayon sakinləri Asif Məmmədovun Şamaxıda «gestapo rejimi» yaratmasından şikayət edirlər:

«Bu gün Şamaxının bütün idarə müdirləri, hətta yerli orqan rəhbərləri də icra başçısının təsiri altındadır. Buna görə də onun sözünü iki edən yoxdur. Baş verən özbaşınalıqlarla bağlı dəfələrlə «yuxarılara» şikayət etsək də, səsimizi kimsə eşitmir».

Sakinlər bildirir ki, əsas narahatçılıqları qarşıdan gələn qış aylarında soyuqdan donma təhlükəsi ilə bağlıdır: «Maddi imkanı olmayan ailələr icra hakimiyyətinə yardım üçün müraciət etsələr də, qulaqardına vurulur. Yalandan hesabat verirlər ki, aztəminatlı ailələrə odun paylanılır. Amma belə şey yoxdur. İcra başçısına şikayət etmək isə hər kəsin öz başına könüllü surətdə ip salması deməkdir. Çünki peşmansan, başçıya şikayət etməyə, dərhal, polis və digər qurumlar səni get-gələ salır».

Bütün tərəfləri dinləməyə hazırıq…

Geri qayıt