Əsas Səhifə > Cəmiyyət > BİZNESMEN İCRA BAŞÇILARININ NƏ QƏDƏR PULU VAR?

BİZNESMEN İCRA BAŞÇILARININ NƏ QƏDƏR PULU VAR?


23-10-2012, 11:06
BİZNESMEN İCRA BAŞÇILARININ NƏ QƏDƏR PULU VAR?
ONLARIN HƏRƏSİ BİR OLİQARXDIR

Azərbaycanda oliqarx dedikdə daha çox nazir, komitə sədri vəzifəsini tutan bəzi iri məmurlar göz önünə gəlir. Bu da təbiidir - onların gözqamaşdırıcı sərvətinə həqiqətən hətta ərəb şeyxləri belə qibtə apara bilərlər.

Amma oliqarxlarımızın siyahısı yalnız həmin bəzi nazir, komitə sədri ranqlı iri məmurlarla da tamamlanmır. Hazırda Azərbaycanın bir çox rayonlarına rəhbərlik edən elə icra başçıları var ki, onların bu posta məhz biznesdən gəlişi və icra başçısı görəvində daha da varlanmaları həmin rayon rəhbərlərini də milli oliqarxların sıralamasına daxil etməyə imkan verir.

Bunu apardığımız kiçik bir araşdırma da sübut etdi. Araşdırmamız göstərdi ki, bizdə bir çox rayon rəhbərləri görəvlərinə ticarət, iş dünyasından, sahibkarlıq fəaliyyətindən gəliblər, tutduqları postun verdiyi imkanlardan, fürsətlərdən yararlanaraq isə sərvətlərini daha da böyüdüblər. Hətta o qədər ki, əllərindəki maddi imkanlara vəzifə, səlahiyyəti baxımından onlardan yüksəkdə dayanan bir çox məmurlar qibtə edə bilərlər.

Beləliklə, bizim biznesmen icra başçılarımız kimlərdir? Məsələn, İsmayıllı rayon Icra Hakimiyyətinin başçısı, əmək və əhalinin sosial mdafiəsi naziri Fizuli Ələkbərovun qardaşı Nizami Ələkbərov. O, 1993 - 1994-cü illərdə "Improtex Holdinq Qrup" şirkətinin vitse-prezidenti, 1994 - 1995-ci illərdə "Imair" avia şirkətinin icraçı direktoru, 2001 - 2006-cı illərdə "Improtex" şirkətinin vitse-prezidenti olub. Elə icra başçısı təyin edildiyi zaman da həmin postda əyləşirdi.

Və yaxud Şamaxının icra başçısı Asif Məmmədov - "Kaspi-Yıldız" Azər-Türk MM-də baş direktor, daha sonra idarə heyətinin sədri kimi çalışıb, bir sözlə icra başçılığına özəl müəssisə rəhbəri kimi qədəm qoyub. Asif Məmmədovun biznesi yanğınsöndürmə təsərrüfatı üçün aparatların istehsal və satışından ibarətdir.

Şəkinin icra başçısı Elxan Usubov da icra başçılığı karyerasına biznesdən qədəm qoyub. Şəki şəhər İcra Hakimiyyətinin rəsmi saytında qeyd edilir: "Sonralar biznes fəaliyyəti ilə məşğul olmuşdur". Vəssalam. Odur ki, Şəkinin icra başçısının konkret biznes sahəsini söyləməyə çətinlik çəkirik, amma elə icra başçılığı fəaliyyətinə iş adamlığından gəlişinin rəsmi bəyanı kifayətdir.

Lerik Rayonu Icra Hakimiyyətinin Başçısı Rövşən Bağırov - iri maliyyə mərkəzlərində "Yelmarbank"da (1995-96), "Debütbank"da (1994-2003) yarımməsul vəzifələrdə işləyib.

Cəlilabadın icra başçısı Əziz Əzizovun rayon icra hakimiyyətinin saytındakı tərcümeyi-halında onun düz on il (05.03.1996 - 08.08.2006) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu göstərilib. Və 10 illik biznesdən sonra - Cəlilabad Rayon Icra Hakimiyyətinin başçısı təyin edilib. Əslində "biznesdən sonra" demək doğru deyil, onun hələ də yaxın adamlarının vasitəsilə geniş biznesinin olmasına ancaq uşaq sadəlöhvlüyünə malik insanlar inana bilərlər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun da adı biznesmen rayon rəhbərləri sırasındadır. KİV-də dəfələrlə qeyd edilib ki, Xətainin icra başçısı ölkənin ən böyük qızıl alverçilərindən biridir. İcra başçısının əsas ticarət obyektlərinin paytaxtda olduğunu bildirən mənbənin sözlərinə görə, Razim Məmmədov bəzi başçı həmkarları ilə razılaşaraq rayonlarda da ortaq ticarət obyektləri inşa etdirib.

Araşdırmalarımızı dərinləşdirəcəyimiz və genişləndirəcəyimiz təqdirdə digər rayon rəhbərləri ilə bağlı da analoji gerçəkliklərin ortaya çıxacağına şübhə yoxdur. Odur ki, həm araşdırmalarımızı davam etdirəcək, həm də əlavə heç bir şərh vermədən bütün bunların dəyərləndirilməsini oxucuların ixtiyarına buraxacağıq. \ unikal \

Geri qayıt