Əsas Səhifə > Partiya > İSA QƏMBƏR SPİKER DOSTU İLƏ DANIŞIQLAR APARIR

İSA QƏMBƏR SPİKER DOSTU İLƏ DANIŞIQLAR APARIR


22-10-2012, 12:09
İSA QƏMBƏR SPİKER DOSTU İLƏ DANIŞIQLAR APARIR
MÜSAVATIN QURULTAYI ÜÇÜN

Müsavat Partiyasının uzun müddətdir həllini tapmayan qurultay məsələsi yenidən gündəmə gəlib. Dəfələrlə hakimiyyətin təklif etdiyi yerlərdən imtina edən partiya yenidən Gürcüstan variantı üzərində düşünməyə başlayıb. Belə ki, Müsavat Partiyasının Gürcüstandakı müttəfiqi Respublikaçılar Partiyasının hakimiyyətə gəlməsi və David Usupaşvilinin parlament sədri seçilməsi qurultay üçün əlverişli zəmin yaradıb. Hətta, Müsavat başqanı İsa Qəmbər partiya Məclisinin iclasında bu məsələyə toxunaraq qurultayın cari ilin sonuna kimi keçiriləcəyini bəyan edib.

Müsavat başqanının müavini Gülağa Aslanlı da Modern.az-a açıqlamasında müttəfiqləri David Usupaşvilinin parlament sədri seçilməsindən sonra qurultay məsələsi ilə bağlı Gürcüstan hökuməti ilə danışıqlara başlaya biləcəklərini deyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ilin sonuna kimi onlara mötəbər tədbirlərini keçirmək üçün münasib yer ayırmasa Müsavat Partiyası Gürcüstana üz tutacaq.

“İlk öncə hakimiyyət bizə normal yer verməlidir ki, sonradan bu əlavə söz-söhbətə səbəb olmasın. Təbii ki, biz bu şəraitdə Gürcüstanda qurultay keçirə bilərik. Bizim qurultayımızın Gürcüstanda keçirilməsi hakimiyyətə baş ucalığı gətirməyəcək. Onsuz da bütün hadisələrdə mənfi siyahıdadırlar, bu məsələdə də çalışsınlar bu siyahıya düşməsinlər. Qurultay ilin sonuna kimi keçirilməlidir. Bunun üçün biz bütün mümkün variantlardan istifadə edəcəyik. Gürüstan variantını da həmçinin”, - deyə G.Aslanlı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası qurultayın Gürcüstanda keçirilməsi ilə bağlı hələ bir müddət əvvəl hazırda iqtidarda olan Respublikaçılar Partiyası ilə danışıqlara başlayıb. Gürcüstan parlamentinin “Gürcü arzusu” koalisiyasından olan yeni üzvü Əli Məmmədov isə saytımıza açıqlamasında yeni hökumətin qurultay keçirmək üçün Müsavat Partiyasına icazə verməyəcəyini bildirmişdi.

Geri qayıt