Əsas Səhifə > Cəmiyyət > BEYLƏQANDA SAHİBKARLARDAN RÜŞVƏT TƏLƏB EDİRLƏR

BEYLƏQANDA SAHİBKARLARDAN RÜŞVƏT TƏLƏB EDİRLƏR


17-10-2012, 12:22
BEYLƏQANDA SAHİBKARLARDAN RÜŞVƏT TƏLƏB EDİRLƏR
BAZARDA ADAMBAŞINA 4 MİN MANAT İSTƏNİLİR

Füzuli rayonundan olan məcburi köçkün Xaliq Fərzəliyev əməkdaşımızla əlaqə saxlayaraq, Beyləqan rayon Mərkəzi bazarının rəhbərliyinin qanunsuz əməllərindən şikayətlənib. O, bazarın rəhbəri Mehdi Əhmədovun bibisi Sənəm Fərzəliyevaya və digər satıcılara qarşı zor tətbiq etdiyini və satış köşkü üçün 4-min manat pul istədiyini deyib. Onun sözlərinə görə, bazar rəhbərliyinin hərəkəti artıq sahibkarları bezdirib: “Satıcılarla rəhbərlik arasında böyük narazılıq yaranıb. Buna səbəb isə bazar rəhbərliyinin sahibkarlarla kobud rəftar etməsidir. Satıcılar qorxularından şikayət etməkdən çəkinirlər. Çünki, onlara bazar rəhbərliyi tərəfindən hədə-qorxu gəlirlər. Heç kim bir tikə çörəyini, qazanc mənbəyini itirmək istəmir. Mənim bibimə qarşı bazarda böyük haqsızlıqlar olub. Milli Qəhrəman ailəsinə qarşı hörmətsizliyə görə, bazar rəhbərliyi cavab verməlidirlər. Rəhbərlik bibimdən kiçik köşkə görə böyük məbləğdə rüşvət tələb edir. Bu adam bazarda fironluq edir. Sizdən çox xahiş edirik ki, bazar rəhbərliyinin özbaşnalığını aidiyyəti qurumlara çatdırasınız”, – deyə X.Fərzəliyev bildirib.

Daha sonra Beyləqan rayon mərkəzi bazarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Sənəm Fərzəlieva ilə əlaqə saxladıq. Mərkəzi bazarda ticarətlə məşğul olan məcburi köçün S.Fərzəlieva başına gələnləri “Mərkəz.az”danışdı. O bildirdi ki, bazarın sahibi Mehdi Əhmədov qeyri-qanuni olaraq sahibkarlardan əlavə pul tələb edir: “Bir il bundan əvvəl bazarın müdirinə 1500 manat pul verərək oradan ticarət köşkünü icarəyə götürdüm. Hər ay isə 150 manat icarəhaqqını ödəyirdim. Lakin ötən həftədən M.Əhmədov bazardakı bir sıra sahibkarlardan, o cümlədən məndən əlavə olaraq 4 min manat pul tələb etdi. Mənim isə həmin pulu ödəməyə imkanım çatmır”.

S.Fərzəliyeva bildirir ki, o həmin məbləği ödəyə bilmədiyi üçün “bazarkom” onun köşkünün qapısına qıfıl vurub: “Bazarda bir neçə nəfər var ki, həmin pulu verə bilmir. Onların hamısının köşkü qıfıllanıb. Biz məcburi köçkünük və burada ticarət edərək ailəmizi dolandırırıq. Amma bazarın müdiri heç kimi dinləmir. Hədə ilə danışır. Bu barədə rayon icra hakimiyyətinə, polis idarəsinə də müraciət etmişik. Amma onların heç biri bazar müdirinə söz deyə bilmir”. Onu da qeyd edək ki, S.Fərzəliyeva, Azərbaycanın Milli Qəhrəman Pəhləvan Fərzəliyevin bacısıdır.

Sahibkarlar məsələylə bağlı rayon prokurorluğuna da müraciət etdiklərin deyiblər. Amma bununla bağlı heç bir tədbir görülməyib. Hazırda bazarın müdiri M.Əhmədov Beyləqanın keçmiş icra başçısı Xasay Əhmədovun qardaşıdır. Sahibkarlar rayonun hazırkı icra başçısının, polis rəisinin və digər vəzifəli şəxslərinin də M. Əhmədovdan çəkindiyini bildirirlər. Sahibkarlar məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşırlar.

Sözügedən məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərovla əlaqə saxladıq. Rayon rəsmisinin məsələyə münasibəti belə oldu: “Beyləqan rayon Mərkəzi bazarında korrupsiya faktı olduğunu deyənlər yaxşı olar ki, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat versinlər. Mərkəzi bazar özələşdirildiyi üçün onların işinə müdaxilə edə bilmərik. Baş verənlərlə bağlı icra hakimiyyətinə müraciət edənlərə də çox güman ki, yuxarıda qeyd etdiklərimi deyiblər. Rüşvətxorluq faktı ilə qarşılaşanlar prokurorluğa müaraciət etsələr daha yaxşı olar”, – deyə M.Qələndərov bildirdi.

Məlumat üçün bilirək ki, sentyabrın 19-da Beyləqan Mərkəzi bazarında işləyən 50-yə yaxın sahibkar rayon icra hakimiyyəti qarşısında etiraz aksiyası keçirib. Buna səbəb Mərkəzi bazarının əsas yola çıxan qapısının bağlanması olub. Sahibkarlar hesab edir ki, bazarın əsas giriş qapısının qaynaq edilməsi onlara qarşı hörmətsizlikdir. Bununla yanaşı, Beyləqanda müasir tələblərə cavab verən ticarət mərkəzi tikilsə də, rayonun mərkəzindəki geyim və kənd təsərrüfatı mallarının satış bazarı hələ də yeni ünvana köçürülməyib. Əvəzində hazırda sözügedən bazarın yeni binasında Mərkəzi Rayon Xəstəxanası yerləşir. \ merkez.az \

Geri qayıt