Əsas Səhifə > Cəmiyyət > KİNO SAHƏSİNDƏ DƏ VƏZİYYƏT QARIŞDI

KİNO SAHƏSİNDƏ DƏ VƏZİYYƏT QARIŞDI


8-11-2011, 13:16
KİNO SAHƏSİNDƏ DƏ VƏZİYYƏT QARIŞDI

“ELƏ FİLMLƏR ÇƏKİLİR Kİ, BİR İLDƏN SONRA UNUDULUR”

“Bu gün Azərbaycanda kino sahəsində hərc-mərclik dövrüdür. Bu sahəyə yeni rejissorlar, operatorlar gəlir. Mən gənc rejissor və ya operatorların gəlişinə narazılıq etmirəm, bu təbii bir prosesdir. Amma mövzu seçimi bir çox hallarda düzgün olmur. Elə filmlər çəkilir ki, bir ildən sonra unudulur”.

Bu sözləri açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş operatoru, Avropa Kino Akademiyasının üzvü Kənan Məmmədov deyib. Azərbaycanın bir çox filmlərində baş operator kimi çıxış edən K.Məmmədov, kinonun mövcud vəziyyəti ilə bağlı dəvət aldığı hər filmə razılıq vermədiyini deyib: “Film təklifinə razılıq verməmişdən əvvəl, ssenari və materialla yaxından tanış oluram. Rejissor tərəfindən hansısa filmə dəvət alanda heç zaman əvvəlcədən razılıq vermirəm. O ssenari ürəyimə yatırsa, o materialı hiss edirəmsə o zaman razılıq verirəm. Əgər o material mən də emosional bir vəziyyət yaratmırsa, hiss oyatmırsa o filmə getmərəm”.

Son illər kinoya gələn gənclərlə bağlı danışan K. Məmmədov onlardan heç zaman məsləhətlərini və tövsiyələrini əsirgəmədiyini açıqlayıb: “Deməzdim ki, bu gün kinoya gələn gənclərin hamısı istedadsızdır. Sadəcə, bir şey arzulayardım ki, onlar da film materialı seçəndə çox məsuliyyətlə yanaşsınlar. Yalnız film çəkmək naminə, istənilən materiala uymasınlar. Bu gün yerli televiziya kanallarında ayrı-ayrı seriallar çəkilir. Hərdən çox təəssüflənirəm ki, bu filmi necə çəkib və bu materialdan necə istifadə ediblər? Bu nöqteyi-nəzərdən çox acınacaqlı vəziyyətlər yaranır”.


Geri qayıt