Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TƏHSİLİMİZDƏ “DƏRSLİK DÜYÜNÜ”

TƏHSİLİMİZDƏ “DƏRSLİK DÜYÜNÜ”


16-10-2012, 08:35
TƏHSİLİMİZDƏ “DƏRSLİK DÜYÜNÜ”
"TQDK-NIN İŞİNİN FAYDASI NƏDƏN İBARƏT OLACAQ?"

DİA.AZ: - Bir neçə gün öncə riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı I, V siniflərin yeni riyaziyyat dərsliklərini üzərə çıxaranlara qarşı “bu adamlar dövlətin və millətin düşmənləridir!” ittihamı ilə mətbuatda çıxış etmişdi. Ekspertin sərt ittihamı oxucular arasında geniş əks-səda doğurduğundan məsələyə yenidən, amma bir az fərqli yöndən qayıtmağı zəruri hesab etdik. Belə ki, bildiyimiz kimi, ölkə başçısının fərmanı ilə bu ildən ümumtəhsil məktəbləri dərsliklərinin monitorinqinin aparılması qərarlaşdırılıb və bu iş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə edilib. Hətta bununla bağlı TQDK-da xüsusi şöbə də yaradılıb. DİA.AZ olaraq bu və bəzi digər məsələlərə Əlövsət müəllimin münasıbətini oxucuların diqqətinə çatdırırıq.

– Əlövsət müəllim, mütəxəssislər arasında belə fikir dolaşmaqdadır ki, dərsliklərin monitorinqinin TQDK tərəfindən aparılması da heç nəyi dəyişməyəcək...
– Doğrusu, bu fikir yeni deyil, məlum fərman elan edilən vaxtdan dövriyyədədir. Belə hesab edirəm ki, onu səsləndirən şəxslər boşuna danışmırlar. Bunun üçün onların əllərində tutarlı əsaslar var. Bildiyiniz kimi, mövcud qaydalara görə ibtidai sinif dərslikləri dörd ildən bir, yuxarı sinif dərslikləri isə beş ildən bir 105 faiz həcmində çap olunur. Məsələn, bu il I və V sinif dərslikləri çap olundu. Deməli, onlar bir də 2016, 2017-ci illərdə çap olunacaq. Əgər TQDK bu il onlarda ciddi qüsurlar aşkar edərsə, nə baş verəcək? Dərsliklərdə düzəliş aparmaq mümkün olmayacaq. Deməli, 2016, 2017-ci illəri gözləmək lazım gələcək. Həmin vaxtsa yeni dərsliklərin hazırlanması və çapı üzrə müsabiqə-tender elan olunacaq. Çox ehtimal ki, onda da başqa dərsliklər qalib gələcək. Deyin görüm, belə olan təqdirdə TQDK-nın işinin faydası nədən ibarət olacaq? Bunun xeyri ancaq və ancaq o zaman ola bilər ki, dərsliklər hər il tam tirajla çap edilsin...

– Ola bilər, TQDK monitorinqin nəticələrini çap edib kitabçalar şəklində məktəblərə göndərəcək, müəllimlər də qüsurlardan hali olduqdan sonra tədris prosesində korrektələr edəcəklər...
– Diqqətinizə çatdırıram ki, burada söhbət 8 min tirajı olan müəllim vəsaitindən yox, şagirdlər üçün nəzərdə tutulan 130 min dərslikdən gedir. Yeni təhsil konsepsiyasına görə şagirdlər standartlarda təsbit olunmuş bilik və bacarıqları dərsliklərdən müstəqil şəkildə çıxarıb mənimsəməlidirlər. Müəllimsə tədris prosesində yalnız rəhbər – yol göstərən qismində çıxış etməlidir. İndi siz deyin: Müəllimin dərslikdəki qüsurları bilməsi nəyi həll edir? O hər dəfə gəlib kitabdakı səhvlərdən danışmalı, yaxud bu səhvləri şagirdlərlə birgə islah etməklə məşğul olmalıdır? Onda tədris prosesinin keyfiyyəti nə olacaq? Şagirdlərin dərsliyə qarşı hörməti itməyəcəkmi? Onlar vaxtilə hamımızın müqəddəs hesab etdiyimiz bu kitablara qarşı inamsız olmayacaqlarmı?!

– Söhbətimiz nəsə pessimist notlar üzərində keçir. Necə fikirləşirsiniz, bəs bizdə dərslik məsələsi nə vaxt həll olunacaq? Bəyəm bunu həll etməyin ideal yolunu tapmaq mümkün deyil?!
– Bu pessimizm bizim söhbətimizdən yox, dərsliklərin yaradılması, seçimi, nəşri və paylanması sahəsində hamıya bəlli olan qanunsuzluqlardan, özbaşınalıqlardan və əyintilərdən qaynaqlanır. O ki qaldı dediyiniz ideal yola, bu, əlbəttə mümkündür. Biz təzədən velosiped icad edəsi deyilik ki?! Bunun üçün Təhsil Nazirliyi inkişaf etmiş qərb ölkələrində olduğu kimi, əlini dərslik işindən tamamilə çəkməlidir. O yalnız standartları müəyyən etməli, dərslik məsələsilə isə nəşriyyatlar və müəlliflər məşğul olmalıdırlar. Təhsil proqramlarına uyğun dərslikləri onlar hazırlayıb bazara çıxarmalıdırlar. Bu halda rəqabət yaranacaq, başlıcası isə seçimi, Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) kimi, Təhsil Nazirliyinin ağzına baxan əldəqayırma qurum yox, tədris prosesinin əsas iştirakçıları – müəllimlər, metodistlər, şagirdlər, eləcə də sifarişçi tərəf – valideynlər aparacaq. Nəşriyyatlararası, müəlliflərarası rəqabətdən və alternativlikdən keyfiyyət doğacaq. Bəs indi vəziyyət necədir?! Nazirlik məmurları yüz cür fənd-fəsadla bir dərslik çap edib şagirdə verirlər və deyirlər: Sən ancaq bu dərsliyi oxumalısan, onu biz seçmişik, çünki biz hamıdan ağıllıyıq! Siz indiyədək Azərbaycan məktəblərində alternativ dərsliyə rast gəlmisinizmi? Alternativlik, rəqabət olmayan yerdə hansı inkişafdan, hansı keyfiyyətdən danışmaq olar?! Müəllimlərimizi, balalarımızı dərslik seçimindən məhrum etməkdə məqsəd nədir? Onların almandan, ingilisdən, estondan, gürcüdən nəyi əskikdir?

– Nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı bu ildən bizdə də alternativ dərsliklərin olacağını bildirir. Hətta nümunə kimi V sinfin ədəbiyyat dərsliklərini göstərir...
– Doğrusunu deyim, nə danışdığını özü də anlamayan həmin məmurun söylədiyi sözlərə təfsir vermək həvəsində deyiləm. Biabırçılığa baxın: Bir dərsliyin tirajını yarı bölməklə dövlət vəsaiti hesabına iki dərslik çap edib onlardan birini ölkənin bir yarısına, digərini isə başqa yarısına məcburi qaydada göndərirlər, adını da qoyurlar “alternativ dərslik”. Belə “alternativliyə” bişmiş balığın da gülməyi gələr! Bu bölgü-seçimi yenə nazirlik məmurları aparmırlarmı? Tutaq ki, Qazax rayonunda bir məktəbin şagirdləri onlara göndərilmiş dərslikdən yox, digərindən istifadə etmək istəyirlər. Onda nə baş verəcək? Faiq Şahbazlı həmin kitabları geri qaytarıb əvəzinə digərini göndərəcək? Bu fərqli istək hətta bir məktəbin müxtəlif sinifləri arasında da ola bilər. Əgər ölkə şagirdlərinin 70-80 faizi həmin kitabı istəsə, bu qədər dərsliyi haradan alacaqlar? Daha açıq deyim, dövlət vəsaiti hesabına alternativ dərslik yaratmaq fikrinə düşmək ya boşboğazlıq, ya da ki, talançılıqdır, üçüncü yol isə yoxdur!..

– Əlövsət müəllim, dediklərinizlə razılaşmamaq mümkün deyil, ancaq bizim də öz reallığımız var: pulsuz dərslik məsələsi. Sizin təklif etdiyiniz variantla valideynlər razılaşarlarmı? Onda gərək onlar dərslikləri öz vəsaitləri hesabına alsınlar...
– Mənə görə, pulsuz dərslik haqqında qəbul edilmiş qərar zamanında çox ölçülü-biçili addım idi. Əvvəla, cəmiyyətin iqtisadi durumu bunu tələb edirdi, ikincisi isə o vaxtlar “alternativ dərslik” ideyasının simptomları da yox idi. Ancaq indiki mərhələ, yəni yeni təhsil proqramlarına və alternativ dərsliklərə keçid mərhələsi pulsuz dərslik məsələsinə təzədən baxılmasını tələb edir. Hazırda özəl məktəblərimizdə təhsil alan şagirdlər dərslikləri pulla alırlar. Əlbəttə, bunlar imkanlı ailələrin uşaqlarıdır. Dövlət məktəblərində oxuyan imkanlı ailələrin uşaqları da çətinlik çəkmədən bunu edə bilərlər. Qaldı imkansızlar, mənə elə gəlir, bu da problem deyil. Dövlətin hər il dərslik nəşrinə ayırdığı milyonlarla pul bu məsələnin həllinə artıqlaması ilə yetər. Həmin pulu versinlər imkansız şagirdlərin özlərinə və ya məktəbə, qoy onlar da Avropada olduğu kimi gedib bazardan lazım olan dərsliyi seçib alsınlar...

TƏHSİLİMİZDƏ “DƏRSLİK DÜYÜNÜ”

– Qayıdaq indiki duruma. Bəs mövcud reallıqda necə hərəkət etmək olar? TQDK-nın yeni şöbəsi bu işə pozitiv yöndən təkan verə bilərmi?
– Doğrusunu deyim ki, həmin şöbənin nə əsasnaməsini oxumuşam, nə də ki, dərsliklərin monitorinqinin hansı meyarlar əsasında aparılacağını bilirəm. Eşitdiyimə görə bu şöbə məktəblərə, müəllimlərə məktub göndərib dərsliklərdəki səhvlər barədə onlara məlumat vermələrini xahiş ediblər. Əgər bu informasiya düzgündürsə, çox təəssüf edirəm. Çünki Təhsil Nazirliyi məmurlarının bu işə pəl vuracağına əminəm. Onlar heç vaxt müəllimlərə icazə verməzlər ki, özlərinin təsdiq etdikləri dərsliklərdə səhv tapıb onu TQDK-ya bildirsinlər. Uzaqbaşı “otpiskaya” icazə verərlər. Belə çıxır ki, ip dönüb-dolanıb yenə nazirlik məmurlarının doğanağından keçəcək, həm də qatar gedəndən sonra...
Mənim şəxsi qənaətimə görə, əgər bu işdə doğrudan da bir dönüş yaratmaq istəyirlərsə, ildə bir dəfə toplaşıb 5-6 günə 30-35 dərslik və metodik vəsaitin “taleyini həll edən” DQŞ-nin funksiyaları alınıb daimi fəaliyyətdə olan bu şöbəyə verilməlidir. Monitorinqsə dərsliklər çap olunduqdan sonra yox, əvvəlcə aparılmalıdır. Qoy Təhsil Nazirliyi müsabiqə-tenderi yox, tenderi və sonrakı prosedurları həyata keçirsin. Belə olan halda nazirlik də maraqlı olacaq ki, TQDK-nın təklif etdiyi dərslikdəki səhvləri üzə çıxarsın. Bunun üçün də şöbə hər bir fənni, xüsusən də onun kurikulumunun fəlsəfəsini yaxşı bilən mütəxəssislər tapıb onlarla işləməlidir. Mütəxəssisləri seçməkdən ötrü hətta hansı formadasa müsabiqə də keçirmək olar. Bu insanlara gördükləri işin müqabilində yaxşı qonorar verilməlidir ki, onlar təsir altına düşməsinlər...

– Yeni bir layihə kimi düşünülmüş DQŞ-nin ölkədə kifayət qədər tanınan üzvləri var. Mənim üçün də maraqlıdır, onların bu sahədə fəaliyyəti dərslik işindəki nöqsanları nədən aradan qaldıra bilmədi?
– Bunun çox asan cavabı var. Təhsil Nazirliyi məmurları bütün mütərəqqi ideyalar kimi, “DQŞ ideyası”nı da çürütdülər. DQŞ müstəqil, heç kəsdən asılılığı olmayan təşkilat olmalı idi. Amma nə baş verdi?! İş o yerə çatdı ki, hətta onun tərkibinə nazirliyin şöbə müdirini də daxil etdilər. Ümumiyyətlə, onların hamısı nazirliyin tabeçiliyində olan təşkilatların əməkdaşlarıdır. DQŞ sədrinin rəhbəri olduğu QHT-nin son 10 ildə Təhsil Nazirliyindən aldığı qrantların həcminə ölkənin bütün QHT-ləri “həsəd” apara bilərlər. Belə olan halda sədr necə müstəqil ola bilər? Oturduğu budağı kəsməyəcək ki?! O ki qaldı qurumun tanınmış üzvlərinə, açığını deyim, onlar Təhsil Nazirliyinin zibillərini süpürüb xalça altına yığmaq üçün lazımdır. 2009-cu ildə nəşr edilmiş bir neçə dərslikdə dövlət bayrağımız baş-ayaq çap olunmuşdu. Mən onda açıq şəkildə bildirdim ki, bu insanlar həmin dərslikləri qalib elan edib nəşrinə icazə verərkən içərisindən xəbərləri olmayıb, əgər əksini iddia edirlərsə, onda cinayət törədiblər. Çünki ölkənin dövlət rəmzi onların imzası ilə təhqir olunub.

– Siz arxayınsınız ki, TQDK-nın tərkibində olanda şura yaxşı fəaliyyət göstərəcək?
– Mən DQŞ-nin ora verilməsini yox, funksiyalarının verilməsini təklif elədim. Bunlar tamamilə başqa-başqa şeylərdir. Yenə də deyirəm, dərsliklərin monitorinqi elə də asan məsələ deyil. Bu həcmdə işi DQŞ kimi “bir həftəlik qurum” yox, daimi fəaliyyətdə olan işlək qurum yerinə yetirə bilər.

– Belə çıxır ki, siz DQŞ-nin ləğv olunmasını təklif edirsiniz. Bəs onda “Dərslik siyasəti” sənədi də dəyişdirilməli deyilmi?!
– Bu sənəd nədir, Quran ayəsi deyil ki?! Onu Nazirlər Kabinetinin razılığı ilə Təhsil Nazirliyi təsdiq edib. Necə olur, daha ciddi və strateji əhəmiyyət daşıyan “Azərbaycan Respublikasında ümumi təhsilin milli kurikulumu” çərçivə sənədini mürəkkəbi qurumamış dəyişə bilirlər, amma bunu edə bilmirlər? Ümumiyyətlə, belə düşünürəm ki, naqisliklərlə dolu olan “Dərslik siyasəti” sənədi də geniş müzakirələr aparılmaqla yenidən işlənməlidir. Yaxşı olar ki, bu iş də TQDK-ya həvalə edilsin...

– Siz bilən TQDK təhsilimizdə yaranmış “dərslik düyünü”nü aça biləcəkmi?
– Bu asılıdır onun məsələyə nə cür yanaşmasından və işini necə qurmasından...

Geri qayıt