Əsas Səhifə > Gündəm, Manşet > YENİ MEDİA TƏXRİBATI

YENİ MEDİA TƏXRİBATI


8-11-2011, 11:30
YENİ MEDİA TƏXRİBATI

BU DƏFƏ QƏZET YAYIMINDA MANİPULYASİYA EDİRLƏR

DİA.AZ: - Paytaxtda yeni qəzet köşkləri peyda olmağa başlayıb. Hansı yayım firmasına məxsus olduğu rəsmən bilinməyən köşklərin «Kaspi» firmasına məxsus olduğu iddia edilir.

İlk baxışdan bu köşklərin qəzet satışı üçün nəzərdə tutulduğunu anlamaq çətin olur. Çünki burada dövrü nəşrlərdən daha çox şirniyyat məhsulları, içkilər və xırdavat satılır. Köşklər şəhərdə gediş gəlişin intensiv olduğu yerlərdə, metrostansiyaların çıxışında, əhalinin toplaşdığı yerlərdə qoyulması təsdiq edir ki, firmanın arxasında «güclü əl» var.

Dünən havanın qarlı olmasına baxmayaraq bir neçə köşkün fəaliyyətini müşahidə edib maraqlı mənzərənin şahidi olduq. Elmlər Akademiyası metrostansiyasının qarşısında yerləşən köşkdə iki satıcı var. Alıcılardan nəşrlərlə maraqlanan yoxdur. Köşkdə müxtəlif sərinləşdirici içkilər, şokoladlar, peçenyelər, bir neçə növ siqaret və saqqız, alışqanlar, uşaq oyuncaqları, dəftərxana ləvazimatları, şəkil üçün albomlar və s. satılır. Satıcı alıcılıq səviyyəsindən gileylənir. Deyir ki, bizim millət qəzet oxumur, amma yaxşı siqaret çəkir. Köşkə hər gün 40 növ qəzet gətirilir.

- Bəs hansı daha çox gəlir gətirir: qəzetlər, ya qida məhsulları?

- Biz qida məhsulları satmırıq, siz bir qəzet alanda, biz də bir “kojik” verə bilərik (gülür).

28 may metro stansiyasının qarşısında yerləşən köşkün isə 3 satıcısı var. Burada içəcək və şirniyyat məhsullarının çeşidi daha çoxdur. İçəridə içkilərin saxlanılması üçün iki boş soyuducu var. Alıcıların əksəriyyəti gənclərdir. Alınan məhsul isə əsasən siqaretdir. Qəzetlərin yanında bir yaşlı kişi “Xalq” qəzetini səhifələyir, sonra isə alır. Satıcı, dükanın gəlirlərinin icarə puluna yetməsi barədə bilgili deyil. Deyir burada sadəcə satıcıdıdırlar. O, qəzet satışından şikayətçi deyil. Soyuducular isə bir müddət sonra enerjiyə qoşulacaq.

- Bu yeyinti məhsullarını günəşin altında saxlamaq nə dərəcədə doğrudur?

- Bunlar çox qalmır burada, tez satılır, təzəsini gətiririk.

İrəlidəki digər köşkün isə bir satıcısı var. O, qəzetdən çox digər məhsulların satıldığını etiraf edir. Soyuducular hava isti olmadığı üçün enerjiyə qoşulmur. Köşkün satıcısı məhsulların üzərinə günəş şüalarının düşmədiyini deyir. Çünki köşkün çətiri var və hər səhər açılır. Həm də, yayda köşkün qarşısında da soyuducu qoyulacaq.

Yeni köşklərdən biri Memar Əcəmi metro stansiyasının çıxışına da qoyulub. Maraqlısı odur ki, bu köşk “Qasid” köşkünün düz qarşısında yerləşdirilib. “Qasid”in satıcısı deyir ki, şübhəsiz bu bizim bazara təsir edəcək. Eyni sözü Elmlər Akademiyası metrostansiyasında qəzet satan satıcı da təsdiqləyir. Müşahidələr onu göstərir ki bu obyektləri “qəzet köşkü” adlandırmaq düz deyil.

Onu da xatırladaq ki, bu günlərdə Prezident Adiministrasiyasının şöbə müdiri Əli Həsənov açıqlama verərək bildirdi ki, yeni “Press Köşk”lərin nə ona, nə də “Kaspi” firmasına aidiyyatı yoxdur və köşklər Bakı Şəhər İcra hakimiyyəti Ticarət Departamentinə məxsusdur. Hər halda, bu təkzibin özü belə imkan vermir ki, qəzetlər üçün nəzərdə tutlan köşklərdə “pirojki” satılsın...

Geri qayıt