Əsas Səhifə > Cəmiyyət > MÜDAFİƏ NAZİRLİYİ SUDAN QURU ÇIXDI
MÜDAFİƏ NAZİRLİYİ SUDAN QURU ÇIXDI4-11-2011, 19:35 |
“ƏSGƏR ÖLÜMÜ İLƏ BAĞLI HEÇ BİR FAKT GİZLƏDİLMƏYİB” Respublika Hərbi Prokurorluğu Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yayıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə ehtiyatsızlıqdan və qəsdən adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə əlaqədar, avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə Respublika Hərbi Prokurorluğu tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılır və istintaq hərəkətləri aparılmaqla təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin olunur. Qeyd olunan hadisələrlə bağlı istər Müdafiə Nazirliyinin, istərsə də digər hərbi qurumların komandanlığı tərəfindən hər hansı gizlətmə hallarına yol verməsi faktı aşkar olunmayıb. Həmin qurumlar tərəfindən də istər bu qəbildən olan cinayət hadisələrinin, istərsə də digər cinayətlərin araşdırılması və istintaqın aparılmasına müvafiq zəruri köməkliklər göstərilib. Qeyd edək ki, son günlər Azərbaycan Ordusunda əsgərlərin xəstəlikdən ölməsi faktı qeydə alınıb. Həmin faktlarla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Geri qayıt |