Əsas Səhifə > Partiya > ZAHİD ORUC COŞUB

ZAHİD ORUC COŞUB


4-11-2011, 18:12
ZAHİD ORUC COŞUB

“BU JURNALİSTLƏR HƏMİN VƏTƏNDAŞIMIZIN TƏHLÜKƏSİZLİYİNƏ TƏMİNAT VERƏ BİLƏRLƏRMİ?”

Ümumiyyətlə, Rusiyanın müxtəlif kanallarında və böyük auditoriya qarşısında çıxış edən istənilən peşə sənət sahibləri, o cümlədən jurnalistlər öz məsuliyyətlərini anlamalıdırlar. Çünki konkret bir fakt qarşısında onlar emosional bir durumdadırlarsa, bütöv bir milləti təhqir etməkdən kənarda dayanmalıdırlar. Bunu cümə günü Trend-ə "Vesti FM" radiostansiyasında "Utro s Vladimirom Solovyovım. Polnıy kontakt" proqramının aparıcısı Vladimir Solovyovun Azərbaycanın əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deputat Zahid Oruc deyib.

Noyabrın 1-də Rusiyanın "Vesti FM" radiostansiyasında "Utro s Vladimirom Solovyovım. Polnıy kontakt" proqramının aparıcısı Vladimir Solovyov Azərbaycan Respublikası və Azərbaycan xalqının ünvanına bəşəri dəyərlərə və jurnalist etikasına sığmayan ifadələr işlədib. Onun bu davranışı dinindən və dilindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hiddətinə səbəb olub. Ölkəmizin din ictimaiyyəti də bu məsələyə kəskin reaksiya verməkdədir.

Oruc deyib ki, bir şəxsin, həm də bir kampaniya rəhbərinin Azərbaycana gəlişinin məhz milliyəti səbəbindən və digər təhlükəsizlik problemləri ilə necə üzləşəcəyi onun özünə bəlli olmalı idi.

"Bu məsələdə Azərbaycanda günah axtarmaq tamamilə yersizdir. Azərbaycanın hər hansı bir vətəndaşı Ermənistan ərazisinə səfər həyata keçirəcəyi təqdirdə, bu jurnalistlər həmin vətəndaşımızın təhlükəsizliyinə təminat verə bilərlərmi? Digər tərəfdən, bu qədər işğal reallığını görmədən Azərbaycan insanının hissiyatını bir kənara tullamaq da jurnalistika prinsipləri ilə uzlaşmayan mövqedir. Hər hansı bir iş, fəaliyyət özündə ciddi prinsip və dəyərləri daşımalıdır. Bu necə dəyərdir ki, bir insanın hava limanından geri qaytarılmasına münasibətdə insan ağlına gələn və gəlməyən fikirləri çıxıb efirdən deyəsən, kinini, küdurətini tökəsən. Amma ərazilərin ələ keçirilməsi, vandalizm, terror hadisələri, bir xalqın başqasından fobiyası, bütün ideoloji sisteminin Azərbaycan xalqının əleyhinə yönəldilməsinə, konstitusion müddəalarında Azərbaycana ərazi iddiasında olmasına göz yumasan", - Oruc əlavə edib.


Geri qayıt