Əsas Səhifə > Partiya > VƏKİL CABBAR SAVALANA BAŞ ÇƏKİB

VƏKİL CABBAR SAVALANA BAŞ ÇƏKİB


4-11-2011, 17:59
VƏKİL CABBAR SAVALANA BAŞ ÇƏKİB

GƏNC FƏAL DƏSTƏK MƏKTUBLARI ALIB

Vəkil Əsabəli Mustafayev noyabrın 4-də Bakı İstintaq Təcridxanasında 2 aprel məhbusları – Müsavat başqanının müavini Arif Hacılı və AXCP fəalı Elnur Məcidli ilə görüşüb. “Media forum” saytına açıqlamasında vəkil hər iki məhbusla apellyasiya şikayətləri istiqamətində məsləhətləşmələr apardığını qeyd edib. O, məhbusların səhhətinin yaxşı olduğunu deyib.

Vəkil 10 saylı Cəzaçəkmə Müəssisəsində gənc fəal Cabbar Savalanlıya da baş çəkib: “Cabbar dedi ki, “Amnesty İnternational” təşkilatının xətti ilə yeni dəstək məktubları alıb. Sentyabr ayında, ad günü ərəfəsində Cabbara 236 dəstək məktubu göndərilmişdi. İndi “Amnesty İnternational” xətti ilə daha 140 məktub gəlib. Cabbar bu dəstək kampaniyasına görə “Amnesty İnternational” təşkilatına minnətdarlığını bildirdi”.

Əsabəli Mustafayev əlavə edib ki, noyabrın 4-də görüşdüyü hər üç məhbusa Ziyalıların İctimai Forumunun sovqatını aparıb: “Yazıçı Rüstəm İbrahimbəyovun və professor Rafiq Əliyevin öz avtoqrafları ilə göndərdikləri kitabları Arif bəyə, Elnur Məcidliyə və Cabbara təqdim etdim. Böyük təşəkkürlərini çatdırdılar”.

Aprelin 2-də müxalif İctimai Palata Bakının mərkəzində keçirdiyi aksiyaya görə tutulan Arif Hacılı 2 il 6 ay, Elnur Məcidli 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. AXCP Gənclər Komitəsinin üzvü olan Cabbar Savalanlını bu il fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları həbs edib. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. May ayında gənc fəal Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməməsi barədə qərar çıxarıb.


Geri qayıt