Əsas Səhifə > Siyasət, Manşet > 2013 SEÇKİLƏRİ: MÜXALİFƏT NƏ ETMƏLİDİR?

2013 SEÇKİLƏRİ: MÜXALİFƏT NƏ ETMƏLİDİR?


12-10-2012, 11:35
2013 SEÇKİLƏRİ: MÜXALİFƏT NƏ ETMƏLİDİR?
ARTIQ İNDİDƏN MÜXALİFƏT DÜŞƏRGƏSİNİ QAYNADAN FİKİRLƏR ATILIB

DİA.AZ: - Qarşıdan gələn prezident seçkilərinin heç də sakit notlar altında keçməyəcəyi indidən hiss olunmaqdadır. Artıq həm iqtidar cinahında və həm də müxalifət daxilində gərgin bir ab-hava hökm sürməkdədir. Hakimiyyət daxilində baş verənlərlə bağlı yetərincə bilgilər vverilsə də, müxalif içindəki olaylar bir növ yetərincə işıqlanmır.

Nə baş verir? İlk növbədə müxalifət düşərgəsinin prezident seçkilərinə hansı əhvalda getməsinə nəzər salaq. Aydındır ki, İctimai Palata - müxalifətin əsas qalası hesab olunan bu təşkilat artıq vahid namizəd ideyasından vaz keçdiyini və vahid platforma ilə seçkilərə qatıldığını bəyan edib.

İP-lə yanaşı daha bir neçə şəxs də seçkilərə müxalifət namizədi olaraq qatılacaq. Onlardan biri ADP-nin də dəstəyini alan Ümid Partiyasının sədri İqbğal Ağazadədir. Hələ xeyli əvvəldən Demokratların lideri Sərdar Cəlaloğlu Ağazadəni dəstəkləyəcəyini bəyan edib.

Digər bir namizədin isə Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev olacağı henç şübhəsizdir. Rəsul Quliyevin bir müddət əvvəl yollarını ayırdığı KXCP-nin də seçkilərə namizəd çıxaracağı şübhəsizdir. Doğrudur, bu gün Mirmahmud Mirəlioğlunun partiyasında kiçik miqyaslı oyunlar oynanılır və bununla da hansısa hərəkətlənmə görüntüsünü yaratmağa cəhd edirlər. Amma bu da Mirəlioğlunun namizədliyinə hansısa formada təsir etməyəcək.

Lakin ən vacibi heç də kimin seçkilərə necə qatılmasında deyil. Vacib olanı bir neçə gün əvvəl müxalifət düşərgəsi üçün yeni reseptini elan edən «Yeni Müsavat» qəzetinin analitiklərinin irəli sürdüyü fikirdir. Söhbət «Müxalifət 2013-ə yox, 2015-ə hazırlaşmalıdır» ideyasından gedir. Əslində bu ideyanın hansı məqsədə xidmət etdiyini təxmin etmək o qədər də çətin deyil. Ən azından əgər burada tam səmimiyyət varsa, demək olar ki, ideya müəllifləri prezident seçkilərindəki uğursuzluqdansa, parlament seçkilərinə hesablanmış daha uzun müddətli və nisbətən uğur vəd edən hədəfit göstərmək istəyiblər. Yəni 2013-cü il seçkilərinə ona görə qatılmaq lazımdır ki, 2015-ci il parlament seçkilərində ciddi yer ala biləsən.

Amma bu ideya heç də müxalif düşərgə tərəfindən birmənalı qarşılanmadı və hətta təxribat kimi dəyərləndirildi. DİA.AZ bildirir ki, konkret olaraq AXCP cinahından məlum ideyaya hücumlar edildi. Və ortaya çox ciddi arqumentlər də qoyuldu. Çünki burada bir məsələ var ki, istənilən halda, hətta 2015-ci il seçkilərinin hədəfləndiyi şəraitdə belə 2013-cü il seçkilərinin boş və mənasız hesab olunmasıt doğru deyil. Digər tərəfdən, bu gün qarşılarına hakimiyyət dəyişikliyini məqsəd kimi qoyan qüvvələr üçün ən münasib olanı məhz gələnilki seçkilərdir. Hətta 2015-ci ildə müxalifət parlamentin əksər yerlərini götürsə belə (halbuki bu, indiki şəraitdə qeyri-mümkün görünür - DİA.AZ A.Q.), yenə də istədiyi nəticəyə varmış hesab olunmur. Bu baxımdan məlum ideyanın rəqibləri olduqca ilginc versiyalar səsləndirməyə başlayıblar.

Bununla bağlı redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, qarşı tərəf mənsubları hesab edirlər ki, məlum ideya birbaşa olaraq hakimiyyətin mətbəxində hazırlanıb və bu yolla müxalifətin gələn ilki seçkilərdən izoləsi nəzərdə tutulub. Amma burada bir sual meydana çıxır. Hakimiyyət mətbəxində hazırlanan ideya müxalifət mətbuatında nədən bu qədər israrla müdafiə olunur. Hər halda, bu kimi sualların cavabı mütləq verilməlidir.

Amma redaksiyamıza bir başqa qaynaqdan sızan informasiyalardan aydın olur ki, həqiqətən də YAP iqtidarı qarşıdan gələn seçkilərdə müxalifətin ən acınacaqlı formada iştirakında və yaxud da ümumiyyətlə, iştirak etməməsində birbaşa maraqlıdır: «Və bunun üçün planlar hazırlanıb, icra olunmaqdadır»…

Geri qayıt