Əsas Səhifə > Cəmiyyət > BP NƏ DEYİR? – TƏHDİD EDİR?

BP NƏ DEYİR? – TƏHDİD EDİR?


11-10-2012, 11:38
BP NƏ DEYİR? – TƏHDİD EDİR?
ŞİRKƏTDƏN İKİBAŞLI CAVAB: “BİZ SADİQİK”

«Biz Azərbaycana tam sadiqik və «Azəri-Çıraq-Günəşli» hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik». Bunu «APA-ECONOMICS»ə açıqlamasında «BP-Azerbaijan» şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı bildirib.

Qeyd edək ki, bu bəyanat Azərbaycan Nazirlər Kabinetinin oktyabrın 10-da keçirilən 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında prezident İlham Əliyev tərəfindən BP şirkətinə qarşı sərt ittiham və tənqidlərə cavab olaraq səsləndirilib.

Xatırladaq ki, ölkə başçısı bəyan edib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf «Azəri», «Çıraq» yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub. «Biz BP şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyil. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay BP tərəfindən mənə rəsmi qaydada söz verilmişdi ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaq. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyil. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcək. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçib və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilib ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcək», - deyə İlham Əliyev bəyan edib.

Qeyd edək ki, ölkə başçısı «Azəri» və «Çıraq» yataqlarında hasilatın azalmasını əyani sübut edən statistik göstəriciləri də diqqətə çatdırıb: «2009-cu ildə «Azəri», «Çıraq» yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln. ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln. 2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP «Azəri», «Çıraq» yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək. Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 mlrd. dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır».

Geri qayıt