Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ANAR ÜÇ İLDİR Kİ, SƏDR DEYİLMİŞ- SENSASİYA

ANAR ÜÇ İLDİR Kİ, SƏDR DEYİLMİŞ- SENSASİYA


11-10-2012, 08:53
ANAR ÜÇ İLDİR Kİ, SƏDR DEYİLMİŞ- SENSASİYA
YAZIÇILAR BİRLİYİNİN BÖYÜK SİRRİNİN ÜSTÜ AÇILDI

Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid mətbuata açıqlamasında deyib ki, təmsilçisi olduğu təşkilatın qurultayının 2014-cü ildə keçiriləcəyini söyləyib:“Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik və həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır”.

Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsinin III maddəsinin birinci bəndində yazılıb ki, təşkilatın ali orqanı qurultaydır və beş ildən bir çağırılır.

Qurultayın keçirilməməyi çoxlu suallar yaradır. Kulis.az ictimai təşkilatın nizamnamənin tələblərini pozaraq qurultay keçirməməyinin yaratdığı hüquqi situasiyanı araşdırıb.

Hüquqşünas İntiqam Əliyev deyir ki, ictimai təşkilatlar ildə bir dəfə yığıncaq keçirməlidir: ”Amma Azərbaycanda bu qaydaya əməl edilmir. İctimai təşkilatlar illərlə yığıncaq keçirmirlər. Söhbət konkret olaraq Yazıçılar Birliyindən gedirsə, həm qurultayın keçirilməməyi, həm də bu qurumun dövlət tərəfindən maliyyələşməsi anormaldır”.

Hüquqşünas Aslan İsmayılov fikrinə görə təşkilat qurultayın keçirilməsini xeyli yubadırsa, icra orqanlarının verdiyi qərarların legitimliyi şübhə altına düşür: “İcra orqanlarına səlahiyyəti qurultay verir. Əgər qurultay beş ildən bir keçirilirsə, demək səlahiyyət də beş illikdir. Beş ildən sonra qurultay keçirilmirsə, artıq icra orqanları səlahiyyətini itirir. İndiki halda Yazıçılar Birliyinin icraedici orqanlarının verdiyi qərarların hüquqi qüvvəsi yoxdur”.

Yazıçılar Birliyinin nizamnaməsinin III maddəsinin ikinci bəndində yazılıb ki, Azərbaycan yazıçılarının qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar Birliyinin sədrini, sədrin təqdimatıyla birinci katibi və katiblərini (beş il olmaqla iki müddətdən artıq seçilə bilməz), 31 nəfərdən ibarət İH üzvlərini (adbaad və açıq), 21 nəfərdən ibarət gənclər şurasını, 5 nəfərdən ibarət təftiş komissiyası üzvlərini (adbaad və açıq) seçir.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu qurultayın xeyli gecikməsini belə əsaslandırıb: “Yazıçılar Birliyi bir il altı ay təmirə bağlanmışdı və birlik ümumiyyətlə fəaliyyət göstərə bilmirdi. Təmirdən sonra isə yeni avadanlıqların, kompüterlərin alınmasına altı ay vaxt sərf olundu. Daha sonra ölkəmizdə “Evrovizion” musiqi yarışması keçirildi. Biz düşündük ki, qurultayı bu tədbirdən sonra keçirsək yaxşı olar. Sonra qurultay hazırlıqlarına başladıq və hazırlıqlar bu günə qədər davam edir”.

Ədalət Əsgəroğlu məlumat verib ki, qurultay ilin axırına qədər keçiriləcək: “Qurultaya hazırlıq işləri demək olar ki, yekunlaşıb. Bir-iki texniki məsələ qalıb, o da yaxın günlərdə həll ediləcək. Qurultay ilin axırına qədər keçirilməlidir, ancaq yerlə bağlı problem olsa, tədbirin baş tutması fevralın on beşinə qədər uzana bilər. Bundan o tərəfə keçməyəcək”. \ Kulis.az \

Geri qayıt