Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV «SOVETSKİ»Nİ ƏLƏ KEÇİRİB

RAMİZ MEHDİYEV «SOVETSKİ»Nİ ƏLƏ KEÇİRİB


4-11-2011, 15:43
RAMİZ MEHDİYEV «SOVETSKİ»Nİ ƏLƏ KEÇİRİB

DANIŞIQLARI ZİYA MƏMMƏDOVUN ADAMLARI APARSA DA, SONRADAN «ZQAN» HOLDİNQ KƏNARDA QALIB

Xeyli müddət gedən müzakirələrdən sonra nəhayət, hakimiyyət “Qış Bulvarı”nın ardınca “Sovetski”ni sökmək üçün işə başlayıb. Bu barədə Abdulla Şaiq küçəsində yaşayan sakinlərdən biri məlumat verib. Artıq iki gündür ki, sözügedən ərazidəki evlərin bir qismini sökmək üçün hazırlıqlara başlanılıb:

“Nərimanov prospektindən Abdulla Şaiq küçəsinə kimi böyük bir ərazidə yerləşən evlərin sökülməsi barədə Bakı Şəhər Icra Hakimiyyəti qərar çıxarıb. Artıq bizimlə danışıqlara başlanılıb. Bir-bir həyətlərə gəlib evlərin ”kupça"larına diqqət yetirirlər. Deyirlər ki, kupçaları alıb, onların qeydiyyatını aparacaqlar. Qısa müddətdən sonra isə sakinlərə mənzillərinin pulunu verəcəklərini vəd ediblər".

Məlumatı verən sakin deyir ki, ilkin olaraq onlara hər kvadratmetr üçün 2500-3000 dollar ödəniləcəyi bildirilib: “Hətta deyilib ki, pul istəməyənlərə mənzil də verilə bilər. Amma çoxu pul istəyir. Çünki mənzil veriləcəyi təqdirdə məkan ya Xırdalan şəhəri, ya da Hövsan qəsəbəsi olacaq. Şəhərin mərkəzində yaşayan heç kəs sözügedən iki ünvanları seçməyəcək”.

Onlara evlərinin sökülməsi ilə bağlı xəbərdarlıqla yanaşı başqa bir təklif də edilib: “Dedilər ki, heç nədən narahat olmayın, tezliklə evlərin sökülməsinə başlanılacaq. Hər bir kəsə yüksək məbləğdə kompensasiya veriləcək. Həm də dedilər ki, yaxın günlərdə telekanallar gəlib ”Sovetski"dən reportaj hazırlayacaq. Bizim dediklərimizi də onlara deyərsiniz".

Sakinlər onların başına “Qış bulvarı” layihəsinə qurban getmiş ailələrin aqibətini yaşamayacaqları təqdirdə ekran qarşısına çıxacaqlarını deyiblər: “Biz bunun təxribat ola biləcəyini təklif verənlərin diqqətinə çatdırdıq. Çünki Heydər Əliyev adına sarayın arxasında yaşayanlar aylar öncə televiziyaya çıxıb hər şeyin yaxşı olduğunu söylədilər. Aidiyyəti qurumlar da bundan istifadə edib hər kvadrat metrə görə qiyməti 1500 manat elədilər. Çünki ekrana söyləmişdilər ki, hər şey yağ kimi gedir. Ola bilsin, bizi də belə aldatsınlar. Vəziyyət necə olacaqsa, televiziya qarşısına çıxıb, elə də danışacağıq”.

Sakin bir-iki nəfərin əvvəlcədən hazırlanmış ssenari üzrə efirə çıxıb mədhiyyələr oxuyacağına da şübhə etmədiyini vurğuladı.

Onu da bildirək ki, məsələ tək bununla da yekunlaşmır. Bu barədə məlumatı verən mötəbər qaynaqların sözlərinə görə, sakinlərlə ilkin danışıqları aparan «ZQAN» Holdinqin əməkdaşları olsa da, sonradan Nəqliyyat Nazirni Ziya Məmmədova məxsus olan bu şirkətin «Sovetski»də tikinti həyata keçirilməsinə qadağa qoyulub və nəticədə sakinlərlə danışıqlar başqa bir şirkət tərəfindən, daha dəqiqi prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın olan tikinti firmalarından biri tərəfindən davam etdirilib.

Mötəbər mənbə bildirir ki, ilk əvvəl ərazi inşaat üçün Ziya Məmmədova verilib: «Amma onun mövqeləri son zaman kifayət qədər zəifləyib. Bəlkə də buna görədir ki, «Sovetski» kimi möhtəşəm bir ərazi Ziya Məmmədova verilməyib. Çünki burada yeni tikiləcək evlərin qiyməti hər halda, Bakıda ən yüksək qiymət ola bilər».

Geri qayıt