Əsas Səhifə > Siyasət, Manşet > ELDAR ƏZİZOV «QILINCINI SİVİRİB»

ELDAR ƏZİZOV «QILINCINI SİVİRİB»


17-09-2011, 13:30
ELDAR ƏZİZOV «QILINCINI SİVİRİB»

XOŞLUQLA YOLA GƏLMƏYƏNLƏRƏ DÖVLƏT QURUMLARININ ƏLİ İLƏ TƏZYİQ EDİLİR

Məlum olduğu kimi, Sumqayıt şəhərində yerləşən «Simurq» şadlıq sarayının əmlakı vergiləri ödəmədiyi üçün siyahıya alınıb. Məlumatda bildirilir ki, siyahıyaalma sentyabr ayının 15-də 2 saylı Ərazi vergilər İdarəsinin Vergi borclarının məcburi alınması işinin təşkili şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Vətəndaş Elxan Əsədova məxsus şadlıq sarayında aparılmış səyyar və kameral vergi yoxlamaları nəticəsində əsas borc 3 036,88 manat, maliyyə sanksiyası 16 605,03 manat, faiz borcu isə 6,07 manat olmaqla, ümumi borc məbləğinin 19 647,98 manat olduğu müəyyən edilib. Bununla bağlı sahibkara iyul ayında bildiriş göndərilib.

Vergi Məcəlləsinin əmlakın siyahıya alınması məsələlərini əks etdirən 89-cu maddəsinə əsasən, vergi ödəyicisi vergi borclarını müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi sentyabrın 13-də "Simurq" şadlıq sarayında əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi orqanları əməkdaşları tərəfindən "Simurq" şadlıq sarayında nağd pul vəsaiti aşkar olunmadığından obyektdəki 19900 manat dəyərində əmlak - 13 ədəd müxtəlif markalı televizor, 5 ədəd müxtəlif markalı kondisioner, 20 ədəd stol-stul dəsti, 5 ədəd divan və jurnal masası dəsti siyahıya alınıb.

Qeyd edək "Simurq" Sumqayıt şəhərində ən böyük şadlıq saraylarından sayılır.

Xatırladaq ki, hələ bir neçə gün öncədən Sumqayıtın icra başçısı Eldar Əzizovun yerli sahibkarlara savaş elan etdiyi barədə məlumat vermişdik və bildirmişdik ki, burada əsas hədəflərdən biri də şadlıq evləridir.

Onu da qeyd edək ki, neçə gündür Eldar Əzizov Sumqayıtın əsas klan rəhbərlərindən olan Zaman İsgəndərovla da çəkişmədədir və bu gün «Simurq» şadlıq sarayının cərimələnməsi də bununla bağlıdır.

Sumqayıtdakı qaynaqlardan ötürülən informasiyaya görə, icra başçısının pulyığma kampaniyasında «iştirak etməyən» şadlıq evləri və digər iaşə obyektləri məhz ayrı-ayrı dövlət qurumlarının əli ilə cərimələndirilir. Bir sözlə, Eldar Əzizov qeyri-rəsmi olaraq haqq ala bilmədiyi ünvanları rəsmən cərimələtdirir.


Geri qayıt