Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RAMİZ MEHDİYEVƏ QARŞI HÜCUM PLANI

RAMİZ MEHDİYEVƏ QARŞI HÜCUM PLANI


10-10-2012, 09:12
RAMİZ MEHDİYEVƏ QARŞI HÜCUM PLANI
ARTIQ BU BARƏDƏ ƏMR VERİLİB

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə qarşı hakimiyyət düşərgəsində hücumlar planlaşdırılır. "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, hakimiyyətdaxili qruplaşmalardan biri PA rəhbərinin nüfuzdan salınması istiqamətində hərəkətə keçib. Qurplaşma xüsusilə "Gülər Əhmədova olayından" geninə-boluna istifadə etmək niyyətindədir.

Məlumatlarda bildirilir ki, plana görə, ilk öncə Gülər Əhmədovanı ələ almaq və sonradan keçmiş deputatın dili ilə PA rəhbərinə qarşı mətbuatda ittihamlar səsləndirməkdir. Bunun müqabilində isə hakimiyyətdaxili qruplaşma Gülər Əhmədovaya toxunulmazlıq statusu söz verib. Məlumatlarda həmçinin bildirilir ki, bu həmin qruplaşmadır ki, vaxtilə tanınmış dramaturq Rüstəm İbrahimovla Ramiz Mehdiyev toqquşanda birincini dəstəkləmişdi. İndi həmin qruplaşma hesab edir ki, PA rəhbərinə qarşı kampaniyanın aparılması yerinə düşər.

Bir neçə gün öncə isə PA rəhbəri baş verənlərdə adının hallandırılması özünə qarşı ciddi təxribat olduğunu bildirmişdi. Ramiz Mehdiyevin bu məsələyə münasibətini də rəqiblərinə qarşı mesaj kimi dəyərləndirmək olar. PA rəhbəri bildirib ki, məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib: “Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır. Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. İnamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.

O ki qaldı, ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də vardır. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq".

"AzeriNews.org"a mənbənin dediklərinə görə, elə bu açıqlamadan sonra Gülər Əhmədovanın qorxuya düşdüyünü duyan hakimiyyətdaxili qurublaşma keçmiş deputatı özlərinə tərəf çəkmək istiqamətində danışıqlara başlayıblar. Məlumatlarda qeyd edilir ki, Gülər Əhmədovanın razılığı alındığı təqdirdə Ramiz Mehdiyevə qarşı mətbuatda sərt tənqidlər daha da geniş miqyas alacaq.

Geri qayıt