Əsas Səhifə > Cəmiyyət > 460 MİLYON MANATI KİM YEYİB?
460 MİLYON MANATI KİM YEYİB?8-10-2012, 12:36 |
OQTAY GÜLALIYEV SUALLARI CAVABLANDIRIR “Media forum” saytı oxucularının suallarını “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev cavablandırır. Azər Əliyev, İmişli: Təbii fəlakət nəticəsində evim qəzalı vəziyyətə düşüb. Siz və daha 2 nəfər rayonumuzdakı qəzalı evlərə baxış keçirəndən sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri İmişliyə ezam olundu. Onlar açıqca bildirdilər ki, “Kür”ün Vətəndaş Cəmiyyəti Qərargahının Fövqəladə Hallar Nazirliyinə təqdim etdiyi siyahıdakı evlərə baxırıq. Bu baxış nəticəsində kəndimizdəki 3 evin sökülüb yenidən tikilməsi, 5-dən artıq evin isə təmiri barədə rəy verildi. Həmin 3 evin tikintisi çoxdan başa çatıb, amma təmir pulu ödənilməyib. Əlimizdə sənəd olmadığından biz əmin də deyilik ki, bu evlər nə vaxtsa təmir olunacaq, yaxud təmir pulu ödəniləcək. Oqtay müəllimdən soruşmaq istərdim ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bununla bağlı Fövqəladə Hallar Nazirliyi ilə danışıq aparıbmı, onlara konkret söz deyilibmi? İkinci sualım. Dövlət yardımından qanunsuz olaraq məhrum edilən, ayrı-seçkiliyə məruz qalan fəlakət qurbanları bu ilin martında aclıq aksiyası keçiriblər. Deputat Çingiz Qənizadənin onların ünvanına sərt ifadələr işlətməsi bu rayonda böyük narazılıq doğurmuşdu. Barəsində mətbuatda yazılanların bir təşkilatın işi olduğunu bildirən deputat bununla bağlı müvafiq orqanlara müraciət edəcəyini demişdi. Ardınca siz həbs edildiniz. Hesab edirsinizmi ki, buna həm də o müraciət səbəb oldu? Cavab: 2010-cu ilin yayında baş vermiş Kür-Araz daşqınları ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq müəyyən bir mərhələdə Fövqəladə Hallar Nazirliyi ilə intensiv əməkdaşlığımız oldu. Məhz bu əməkdaşlıq nəticəsində evi fəlakətin təsirinə məruz qalmış, problemi həll edilməyən, şikayəti eşidilməyən, unudulmuş yüzlərlə insanın evi tikildi, onlar kompensasiya aldı. Həqiqətən Fövqəladə Hallar Nazirliyinə təqdim etdiyimiz siyahı əsasında nazirliyin komissiyası müəyyən evlərə baxış keçirib müsbət rəy verdi. Ancaq bir çox evin bərpa və ya təmir olunması barədə nazirliyin yerli komissiyalarının müsbət rəyi olsa da, bu işin həyata keçirilməsi yubanır. Bizim də bu barədə nazirliyə müraciətimiz olub. Cavab gözləyirik. Güman edirəm ki, bu problem müsbət həll olunacaq. İkinci sualınızla əlaqədar qeyd edim ki, həqiqətən Çingiz Qənizadə belə bir bəyanatla çıxış etmişdi. Mənim həbsimdə bu bəyanatın rol oynayıb-oynamadığını deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, bu həbs yüksək səviyyədə razılaşdırılmışdı. Hətta həbsimdən bir neçə gün öncə hakimiyyətə yaxın müxtəlif mənbələrdən mənə bu haqda məlumat da verilmişdi. Bütün bunlara baxmayaraq mən fəaliyyətimi davam etdirdim, Sabirabada səfər etdim və həbs olundum. Buna görə peşman deyiləm. Bu, bir qismətdir, taledir. Ümumiyyətlə, mən həbsxanadan çıxanda da demişdim, həbsdən qorxmaq lazım deyil. Həbs mübarizənin bir mərhələsidir. Əsas odur ki, prinsiplərinə sadiq olasan, özünə və mübarizənə inanasan. Müəllim, Bakı: İyun ayında sizi azadlığa buraxsalar da, haqqınızda açılmış cinayət işi bağlanmayıb. Sizi hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqda və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışda ittiham edirlər. Bu əməl üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yenidən həbs olunacağınızı gözləyirsinizmi? Cavab: Bu ola da bilər, olmaya da. Mən heç bir qanunsuz fəaliyyətlə, işlə məşğul deyiləm ki, həbs ediləm. Əksinə, biz qanunsuz həbs edilmiş məhbusların, eləcə də köməyə, dəstəyə ehtiyacı olan insanların hüquqlarını müdafiə edirik. Amma Azərbaycan reallığında heç kim həbsdən sığortalanmayıb. Yenə təkrar edirəm ki, həbsdən qorxmaq lazım deyil. Mən heç kimə həbs olunmağı arzulamıram. Amma özümü istənilən an buna hazır hesab edirəm. Azərbaycan cəmiyyətində həbs edilməyi az qala ölümə bərabər tutan xeyli sayda insan var. Hətta həbsdən çıxanda görüşdüyüm bir müxalifət lideri mənə “Düşmənimin də ora düşməsini arzu etmirəm” demişdi. Onunla sonrakı söhbətdə məndə belə bir təəssürat oyandı ki, bizim bir sıra müxalifətçilərin gerçək müxalifətçilikdən hakimiyyətə yolu həbsxanalardan keçir... Çünki onlar həbs olunub bilməlidirlər ki, həbsxana ölüm düşərgəsi deyil, əksinə, mübarizə, mətinlik, təcrübə meydanıdır. Bəlkə də onlar həbs olunsalar, daha qətiyyətli, daha kəsərli və ardıcıl mübarizə apararlar. Təbii ki, mənim bu sözüm müxalifət liderlərinin hamısına aid deyil. Aydın, iqtisadçı alim: Oqtay müəllim, sizin haqqınızda çox oxuyuram və fəaliyyətinizi də çox bəyənirəm. Mənim üçün maraqlıdır ki, siz bu işə - regionlarda insanların hüquqlarının müdafiəsi işinə necə gəlib çıxmısız? Cavab: Xoş sözlərə görə təşəkkür edirəm. 2004-cü ildə Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun BP şirkəti ilə imzaladığı anlaşma memorandumu nəticəsində ölkədə fəaliyyət göstərən 27 qeyri-hökumət təşkilatı Bakı-Ceyhan neft kəməri boyunca monitorinq keçirdi. Mənim olduğum qrup həmin prosesdə İnsan Hüquqları Qrupu idi. Həmin vaxt bizə İngiltərədən dəvət olunmuş xüsusi təlimçi - beynəlxalq auditor Klayf Morqan təlim keçdi və biz 2 ildən çox kəmər boyu ərazilərdə “Bakı-Ceyhan”ın insan hüquqlarına təsirini araşdırdıq, əhali qrupları ilə görüşüb onları narahat edən fikirləri öyrəndik və sonrakı mərhələdə onların hüquqlarını qoruduq. O zaman biz xeyli təcrübə əldə etdik. 2010-cu ildə Kür-Araz daşqınları baş verəndə bu təcrübədən də istifadə etdik. Elman Şahbazov, Qarabağ veteranı, I qrup əlil: 2010-cu ildə Kür-Araz daşqınlarında zərər çəkmişik. O vaxtdan məhkəmələrə gedib-gəlirik. Daşqından zərərçəkmişlərin məhkəməsi nə zaman yekunlaşacaq? Cavab: “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı olaraq Kür-Araz daşqınlarının təsirinə məruz qalmış 130 nəfərdən artıq vətəndaşın iddia sənədlərini hazırlayıb məhkəmələrə təqdim etmişik. Həmin iddiaların bir qismi məhkəmə ərəfəsində öz müsbət həllini tapıb və onların evləri tikilib, kompensasiya alıblar. Amma hazırda 96 nəfərin iddiası məhkəmə baxışındadır. 2 nəfərin şikayəti Azərbaycanda bütün məhkəmə instansiyalarını keçərək Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunub. Hazırda bu proses davam edir. Prosesin yekunlaşması Azərbaycan hökumətindən, konkret desək, Fövqəladə Hallar Nazirliyindən asılıdır. Çünki problemin həlli ilə bu qurum məşğuldur. Əks təqdirdə şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə qədər gedəcək və o məhkəmə bu problemlərə son qoyacaq. Biz istəyirik ki, fəlakətin təsirinə məruz qalmış, problemi bu günə qədər həll olunmayan vətəndaşların şikayətləri məhkəmə instansiyasına çatmadan həll olunsun. Yox, artıq işlər məhkəmədədirsə, heç olmasa burda həll olunsun. Bunun üçün hər cür imkan var. Çünki son iki ildə dövlət büdcəsindən bu istiqamətdə 460 milyon manat vəsait ayrılıb və bu məbləğ problemlərin həlli üçün yetərlidir. Zərərçəkən, Sabirabad rayonu: İki il üç aydır ki, evimiz daşqın nəticəsində yararsız hala düşüb. Bütün təşkilatlara müraciət etsək də, nəticəsi yoxdur. Ancaq bir dəfə uzun çəkən məhkəmə çəkişməsindən sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evimizdə təmir-bərpa işlərinə ehtiyac olduğunu qeyd etdilər. Buna baxmayaraq həmin gündən bizimlə maraqlanan olmayıb. Bu nazirlikdən məhkəmədə heç kimin iştirak etməməyi bizi narahat edir. Nə vaxta kimi biz məhkəmələrdə sürünəcəyik? Bizim vəziyyətimizlə kim maraqlanıb dərdimizə əlac edəcək? Cavab: 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarından 2 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də fəlakətin nəticələri tam aradan qaldırılmayıb. Hələ də yüzlərlə insan evinin tikilməsini və ədalətli kompensasiya alacağını gözləyir. Fövqəladə Hallar Nazirliyi komissiyasının rəsmi qərarına və evlərə baxış keçirilməsinə dair tərtib olunmuş aktlara baxmayaraq yüzlərlə insanın evində bərpa-gücləndirmə işləri başlamayıb. Halbuki bu işlərin davam etdirilməsi üçün bu il martın 29-da dövlət başçısının sərəncamı ilə 50 milyon manat vəsait ayrılıb. Amma bu işlər niyə görülmür, məlum deyil. Bu da insanlarda haqlı narazılıq yaradır. 2 ildən çoxdur ki, həmin insanlar qəzalı evlərdə yaşayırlar. O evlərin bir çoxu hər an uça bilər. Bu isə bədbəxt hadisələrlə nəticələnə bilər. Hazırda bu evlərlə bağlı bir çox işlər məhkəmə müstəvisindədir. Sual müəllifi haqlı olaraq qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi onları bir ildən çoxdur ki, məhkəmələrdə süründürür. Əvvəl bu işlərə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi baxırdı. Bu ilin aprel ayından ərazi prinsipi əsas gətirilərək bütün işlər Şirvan İnzibati İqtisad Məhkəməsinə göndərildi. Bu, insanları get-gələ salmaqla onları yormağa və problemin həllindən çəkindirməyə hesablanmış yanlış bir qərar idi. Çünki cavabdeh tərəf - Fövqəladə Hallar Nazirliyi Bakıda yerləşir və bu istiqamətdə olan xeyli məhkəmə işinə Bakıda baxılmışdı. Sentyabr ayının 3-dən Şirvan İnzibati İqtisad Məhkəməsində 8 qrupda 30 nəfərdən artıq iddiaçının məhkəməsi başlayıb və artıq 10-a yaxın məhkəmə prosesi keçirilsə də, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri məhkəmələrdə iştirak etmir. Halbuki iddia sənədlərinin Şirvana göndərilməsi Fövqəladə Hallar Nazirliyinin təkidi və göstərişi ilə olub. Amma indi onlar proseslərdə iştirak etmirlər, məhkəməyə açıq-aşkar hörmətsizlik və saymazlıq nümayiş etdirirlər. Onlar həm də qanunlara hörmətsizlik edirlər. Təəssüf ki, bir çox məhkəmə və hakimlər də Fövqəladə Hallar Nazirliyindən və onun başında dayanan şəxslərdən qorxduqları üçün müstəqil, ədalətli qərar qəbul etməyə çətinlik çəkirlər. Amma bütün bunlara baxmayaraq biz öz işlərimizi və mübarizəmizi davam etdiririk. Artıq son məhkəmə proseslərində hakimlər Fövqəladə Hallar Nazirliyi vəkillərinin məhkəmədə iştirakının zəruriliyi barədə nazir Kəmaləddin Heydərova rəsmi məktub göndəriblər. Dəmirova Zemfira, fəlakət qurbanı: Daşqın nəticəsində evim tamamilə yararsız hala düşüb. 3 ildir heç bir tədbir görmürlər. İşimiz də məhkəmədədir. Mən başqa hara müraciət edim ki, evimi tiksinlər? Cavab: Məhkəmə şikayətlərin ünvanlandığı son mərhələdir. Bir az da səbir və təmkinlə işlərinizi davam etdirmənizi arzulayıram. Pərviz Əliyev, Bakı Xətai rayonu: Oqtay müəllim, siz 4 aydır ki, ev dustaqlığına buraxılmısınız. Bu nə vaxta qədər davam edəcək? Ev dustağı ola-ola necə fəaliyyət göstərirsiniz? Cavab: 4 aydır ki, polis nəzarəti altında olmaqla ev dustaqlığındayam. Ölkədən çıxmağım yasaqlanıb. Sənədlərim istintaq orqanındadır. Vaxtaşırı Xətai rayonunda polis qeydiyyatından keçirəm. Hətta şəhərdən kənara çıxanda da polisi məlumatlandırmalıyam. Təbii ki, bütün bunlar mənim fəaliyyətimi məhdudlaşdırır. Səhhətimlə bağlı yayda qonşu ölkələrdən birində müalicə olunmaq istədim. Təəssüf ki, istintaqı əsas gətirib icazə vermədilər. Mənim haqqımda olan cinayət işi qondarma və saxtadır. Ev dustaqlığının nə zaman bitəcəyi məlum deyil. Təbii ki, bu qeyri-müəyyənlik adamı sıxır, eyni zamanda mənim fəaliyyətimi məhdudlaşdırır və çətinləşdirir. Mənə əlavə problemlər yaradır. Bütün bunlar düşünülərək edilib. Bu qeyri-müəyyənliyin nə vaxta qədər davam edəcəyi məlum deyil. Vəkillərim aidiyyəti qurumlara müraciət ediblər, cavab gözləyirik. Anonim: Həyatda cavabını verə bilmədiyiniz suallar çoxmu olur, axırıncı dəfə hansı sualın cavabını verməyə çətinlik çəkimsiniz? Cavab: Hərdən belə şeylər olur... Həbsdə olduğum müddətdə 30-a yaxın kitab oxudum. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin həyatı və mübarizə tarixi ilə bağlı oxuduğum kitablar məni düşünməyə vadar etdi. Nəyə görə bir əsrdə 5 dəfə inqilab etmiş Azərbaycan xalqı hələ də tam azadlığına qovuşmayıb, özünə layiqli həyat qura bilməyib? Dünyanın əksər ölkəsi demokratiya və bütövləşmə problemlərini həll etdikləri halda, biz buna nail ola bilməmişik. Nədən xalqımızın Səttarxan, Xiyabani, Rəsulzadə, Pişəvəri, Elçibəy kimi həyatını vətəni, milləti üçün fəda edən oğulları ehtiyac içində, vətənində və vətənindən kənarda sürgün həyatı yaşayıb, bəziləri isə xaincəsinə qətlə yetiriliblər? Nədir bizim millətin sirri? Bəzən bu suallara cavab axtaranda çətinlik çəkirəm. Daha bir sual isə... Şüvəlan İstintaq Təcridxanasında saxlandığım günlərdə orta məktəb şagirdi olan oğlum Təbriz mənə məktub yazıb sual vermişdi: “Ata, siz ki insanlara bu qədər kömək edirdiniz, bəs sizi niyə həbs etdilər?” Bu suala cavab verə bilmədim. Növbəti məktubunda sualına o özü cavab vermişdi ki, “Sizi “Avroviziya”ya görə tutublar, buraxacaqlar”. Sonra öyrəndim ki, bizə gələn cəbhəçi dostlarıma da Təbriz eyni sualı verib və bu sözləri onlar deyiblər... Nuriyev Feyruz, Saatlı rayonu, fermer: Fermer təsərrüfatı ilə məşğulam. 2010-cu ilin may ayında baş vermiş daşqından sahibkar kimi ziyan çəkmişəm. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı sayəsində sənədlərim ölkədə olan bütün məhkəmələri keçərək Avropa Məhkəməsinə göndərilib. Azərbaycan vətəndaşıyam, yerli məhkəmələr işimə baxmır. Avropa Məhkəməsinin mənə köməyi dəyəcək, yoxsa yox? Kür-Araz çayının daşması zamanı əhaliyə dəyən zərərin ödənilməsi üçün ölkə prezidentinin sərəncamı ilə 460 milyon 900 min manat pul ayrılıb. Ayrılan məbləğdən biz sahibkarlara bir manat belə verilməyib. Bunun səbəbini öyrənmək istəyirəm. Cavab: Ümid edirəm Avropa İnsan Hüquqları Məhkəməsində sizlərin işinə obyektiv baxılacaq. İstərdim ki, Azərbaycan hökuməti probleminizi həll etsin və Avropa Məhkəməsinin qərarına ehtiyac qalmasın... Təəssüf ki, hökumətin daşqınlara görə əhaliyə ödədiyi kompensasiya dəymiş ziyana adekvat olmadı. Yəni insanlara, fermerlərə çox cüzi yardım edildi. O zaman Azərbaycan hökuməti xaricdən təklif olunan yardımdan da imtina etmiş və bildirmişdi ki, bizim öz gücümüz problemin həllinə yetər. Həmin 460 milyon manat vəsait təyinatı üzrə, şəffaf və səmərəli xərclənmədiyi üçün daşqınların törətdiyi problemlər hələ də həll olunmayıb və bu gün Feyruz bəy kimi neçə-neçə fermer narazı qalıb, onların şikayəti artıq Avropa Məhkəməsinə qədər gedib çıxıb. Yeri gəlmişkən, mənim və təşkilatımızın digər fəalı İlham Əmiraslanovun qanunsuz həbsi, təşkilatımızın üzvlərinə olan təzyiqlər də məhz ayrılan vəsaitlərin xərclənməsində yol verilən korrupsiya faktlarını üzə çıxardığımıza, ziyan çəkən vətəndaşlarımızın hüquqlarını müdafiə etməyimizə görə olub. Məhəddin Babaşov, İmişli rayonu, Rəsullu kəndi: 2 ildir daşqın nəticəsində evimiz qəzalı vəziyyətə düşüb. 8 nəfər qorxa-qorxa qəzalı evdə yaşayır. Şirvan və Bakı məhkəmələrinə etdiyimiz müraciətlərin bir nəticəsi yoxdur. Biz kimə müraciət edək ki, səsimizə səs verən olsun? Cavab: Mən yuxarıda bu suala qismən cavab verdim. Sizin indiyə qədər müxtəlif instansiyalara etdiyiniz şikayətlərə baxılmadığına görə məhkəməyə müraciət etmisiniz. Məhkəmə araşdırmaları davam etdirilməlidir. Biz paralel olaraq bu problemlərin həlli istiqamətində də çalışırıq. İctimai müzakirələr keçiririk, problemi hesabat halında sistemləşdirərək yerli və beynəlxalq təşkilatların diqqətinə çatdırırıq. Eyni zamanda məsələ ilə əlaqədar bu işlə birbaşa məsul olan Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik və onlardan cavab gözləyirik. Geri qayıt |