Əsas Səhifə > Siyasət, Manşet > RƏSMİ BAKI ƏHMƏDİNEJADDAN HESABAT İSTƏYİR

RƏSMİ BAKI ƏHMƏDİNEJADDAN HESABAT İSTƏYİR


8-10-2012, 11:48
RƏSMİ BAKI ƏHMƏDİNEJADDAN HESABAT İSTƏYİR
İRAN TƏRƏFİ MƏSƏLƏNİ «SƏHƏR» KANALINA QADAĞA İLƏ YATIRTMAQ İSTƏYİR

DİA.AZ: - Məlum olduğu kimi, rəsmi Tehran dünənə qədər Azərbaycan əleyhinə təbliğatı ilə diqqətə gələn «Səhər» kanalına kampaniyasını durdurması barədə göstəriş verib. Əslində, bu göstərişdə məqsədin nədən ibarət olduğunu təxmin etmək o qədər də çətin deyil. İran prezidenti Azərbaycana gəlir və bu səbəbdən münasibətlərdəki gərginlik şiddəti azaldılmalıdır.

Amma bir yandan da belə bir göstərişin ortaya çıxması rəsmi Tehranın həm də bir etirafı idi. Çünki dünənə qədər Azərbaycan dövləti «Səhər» kanalı ilə bağlı iradlarını İrana çatdıranda daha çox diplomatik cavablar alırdı. İran tərəfi ya bildirirdi ki, «Səhər» kanalı müstəqildir, ya da ümumiyyətlə, belə bir təbliğatın aparılmadığını iddia edirdi. İndi isə «Səhər» kanalının əslində İranın xüsusi xidmət orqanlarının məhz Azərbaycan şəbəkəsinə aid sıradan bir təbliğat vasitəsi olması rəsmən etiraf olundu.

Amma bununla bərabər, ekspertlər belə hesab edir ki, sözügedən göstəriş və yaxud da tapşırıq müvəqqəti xarakter daşıyır. Çünki bu göstərişin altındakı imzanın mürəkkəbi qurumamış İrana bağlı təxribatçı qruplar Azərbaycanın təhsil nazirliyi qarşısında «qeyri-ənənəvi», yəni Azərbaycanın siyasi mühitinə uyuşmayan bir aksiyanı həyata keçirdi. Söhbət ondan getmir ki, hər zaman aksiyalarda polislər iştirakçıları döyməlidir, məsələ ondadır ki, bu dəfə aksiya iştirakçıları məhz polisləri döymək üçün səfərbər olunmuşdular. Ki, bu da haqlı olaraq rəsmi Tehranın Azərbaycan dövlətinə xəfif bir ismarıcı kimi qəbul olundu. Yəni biz Azərbaycanda artıq istədiyimizi edə biləcək səviyyədəyik və bizim uğrumuzda hətta həbsi belə göz önünə alanlar var.

Bəli, məhz İranın uğrunda! Çünki burada din faktoru, hicab məsələsi bir bəhanə idi.

Bununla bağlı DİA.AZ-ın diplomatik qaynaqlardan əldə etdiyi informasiyalardan da aydın olur ki, əslində İran-Azərbaycan münasibətləri heç də «Səhər» kanalına və ayrı-ayrı İranın xəbər portallarına verilən təlimatlarla yumşalacaq həddə deyil: «İran öz yaratdığı süni problemləri müvəqqəti olaraq dondurursa, bununla heç nə dəyişə bilməz. Əgər İrani həqiqətən də Azərbaycana xoş münasibətdədirsə və İslama bağlı bir dövlətdirsə, Ermənistanla əlaqələrinə yenidən baxmalıdır. İran tərəfi çalışır ki, Azərbaycanla münasibətlərinin pozuqluğu səbəbi ki, Bakıda ayrı-ayrı siyasi təşkilatların Bütöv Azərbaycan ideyasını amal kimi seçmə faktını göstərsin. Amma əslində İran-Azərbaycan münasibətlərindəki gərginlik birbaşa olaraq rəsmi Tehranın Ermənistana verdiyi nümayişkaranə dəstəyin nəticəsidir. Və bu hal hələ mərhum prezident Heydər Əliyevin dövründən müşahidə olunmaqdadır».

Mənbəmiz bildirdi ki, Bakıya gəlməyə hazırlaşan İran prezidentinin səfərinə Azərbaycan dövləti də ciddi tədarük görür: «Məsələ heç də «Səhər» kanalına qoyulan qadağa ilə bitə bilməz. Rəsmi Bakının İrana çox ciddi iradları var. Hətta girov şairlərin azadlığa buraxılmasında göstərilən «mərhəmət» də önəmli deyil. Söhbət İran kəşfiyyatının Azərbaycandakı fəaliyyətindən gedir. Halbuki iki dövlət arasında 3 dəfə bir-birinin əlekyhinə kəşfiyyatın aparılmaması və ərazilərindən 3-cü bir dövlətə kəşfiyyat məqsədilə istifadəyə icazə verilməməsilə bağlı anlaşma imzalanıb. Yəni sorulası hesab budur».

Geri qayıt