Əsas Səhifə > Partiya > VAHİD NAMİZƏD KİM OLACAQ?

VAHİD NAMİZƏD KİM OLACAQ?


4-11-2011, 12:36
VAHİD NAMİZƏD KİM OLACAQ?

HƏLƏLİK MÜXALİFƏT BU BARƏDƏ DÜŞÜNMÜR

"Vətəndaş Hərəkatı Forumu”nda birləşmiş partiya sədrləri dünən bir araya gələrək 2013-cü il prezident seçkilərində vahid namizəd məsələsini müzakirə ediblər. Qərara alınıb ki, müəyyənləşəcək vahid namizəd ətrafında geniş birlik yaradılsın. Eyni zamanda, Forumda təmsil olunmayan Müsvat Partiyası və AXCP ilə də vahid namizəd məsələsilə bağlı müzakirələrin aparılması qərarlaşdırılıb. Maraqlıdır, adıçəkilən partiyalar Forumun bu təşəbbüsünü necə qarşılayır?

Bununla bağlı Teleqraf.az-a açıqlama verən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu təklifi müsbət qarşıladığını , aparılan müzakirələrdən sonra məsələnin təfərrüatının tam aydın olacağını deyib: “İndiki halda vahid namizəd məsələsi ilə bağlı mövqenin ifadə olunması birlik istəyinin nümunəsidir. Bu baxımdan bu, pozitiv bir mövqedir, ancaq başqa bir məqam da var ki, indiki halda vahid namizəd məsələsi o qədər də aktual məsələ deyil. Çünki ölkədə demokratik seçki mühiti olmadan, hansısa siyasi qüvvə təmsilçisinin vahid namiz olması bir o qədər də həlledici təsirə malik deyil. Məsələ ondadır ki, ölkədə demokratik seçki mühiti olsun və siyasi qüvvələrin səyləri də demokratik seçki mühitinin formalaşmasına yönəlsin. Bu, seçkilərin demokratik keçirilməsində bütün qüvvələrin maraqlarına uyğundur və daha birləşdirici motivdir”.

F.Qəhrəmanlının qənaətincə vahid namizəd məsələsində müxtəlif yanaşmalar, çoxsaylı iddialar ortaya çıxa bilər: “Bu fərqli yanaşmaların və iddiaların uzlaşdırılması diqqəti əsas məsələlərdən yayındıra bilər. Bu baxımdan, indiki halda prioritet məsələlər müəyyənləşdirilərkən ilk növbədə demokratik seçki şəraiti üçün təminatların yaradırlması əsas məqsəd olmalıdır. Bundan sonra vahid namizəd məsələsinin müzakirəsi arzuolunandır. Siyasətdə hədəfə çatmaq üçün vəzifələr sıralanır, ardıcıllıq müəyyənləşir. Ölkədə dəyişiklik baş verəcəksə, bu, demokratik seçki ilə olacaq. Bu günə qədərki fəaliyyətdə demokratik seçki mühiti yarada bilməmişiksə, demokratik seçki şərtlərinin yaranmasına nail ola bilməmişiksə, bu artıq bundan imtina etmək demək deyil. Bu məsələ bizim üçün prioritet hesab olunmasa, vahid namizəd məsələsini necə həll etməyimizdən asılı olmayaraq, biz heç nəyə nail ola bilməyəcəyik. Ona görə də biz hesab edirk ki, vahid namizəd məsələsi daha çox seçki ərəfəsi həllini tapası məsələdir. Seçkiyə iki ilə yaxın bir müddət var və bu müddət ərzində bütün siyasi spektrə aid qüvvələrin fəaliyyətinin təmərgüzləşməsi, seçkiqabağı mühitin demokratikləşməsində səylərini artırması daha optimaldır, Artıq burda birləşdirici motiv daha çoxdur və birgə fəaliyyət də mümkündü”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı da Teleqraf.az-a açıqlamasında məsələnin pozitiv sayıla biləcəyini deyib. Amma onun qənaətincə, seçkiyə iki ilə yaxın vaxt qaldığından indidən vahid namizəd müəyyənləşdirmək tezdir: “Mən ideya olaraq bunu çox yaxşı qəbul edirəm və biz bu ideyianı dəstəkləyirik də. Amma indidən mexanizm ortaya qoymaq vahid namizədi müəyyənləşdirmək, ümumiyyətlə həmin namizədə qarşı əks-təbliğat üçün şərait yarada bilər. Ona görə də məncə bu hələ tezdir. O ki qaldı Forumun bu məsələ ilə bağlı təklifinə, yəqin ki, bunu Müsavat Partiyası Divanda müzakirə edib münasibətini bildirər. Bu mənada hələlik mən partiya adından fikir bildirmək səlahiyyətində deyiləm”.


Geri qayıt