Əsas Səhifə > Cəmiyyət, Manşet > MAFİOZ QÜVVƏLƏRİN QARANLIQ ÇÖRƏK SİYASƏTİ

MAFİOZ QÜVVƏLƏRİN QARANLIQ ÇÖRƏK SİYASƏTİ


7-10-2012, 12:39
MAFİOZ QÜVVƏLƏRİN QARANLIQ ÇÖRƏK SİYASƏTİ
GÖMRÜK RÜSUMU, ƏDV QALDIRILSA DA, QİYMƏT YENƏ DƏYİŞMƏYİB

DİA.AZ: - Məlum olduğu kimi, Nazirlər Kabinetinin 24 sentyabr tarixli qərarı ilə buğda, buğda unu və ya buğda-çovdar unu idxal gömrük vergisi və ƏDV-dən azad edilib. Qərar bir il qüvvədədir və qeyd olunur ki, atılan addım dünya bazarında taxılın qiymət artımı ilə bağlıdır.

Onu da bildirək ki, bu gün taxıl idxalı biznesinə fövqəladə hallar naziri Kəmaləddin Heydərova və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın şəxslər nəzarət edir. Ən böyük payın isə FHN şefində olduğu bildirilir. Bundan əlavə, bu gün ölkədə iki böyük dəyirman da adları çəkilən şəxslərin nəzarəti altında olduğundan, ölkədə un və taxılın qiyməti də həmin şəxslər tərəfindən müəyyən olunur.

Qeyd edək ki, dünya bazarında taxılın qiymətinin qalxması Azərbaycana da öz təsirini açıq şəkildə göstərib. Və dövlət də bu səbəbdən idxal olunan taxıl gömrük vergisindən, həmçinin ƏDV-dən azad edilib. Amma bu da vəziyyəti dəyişməyib. DİA.AZ-a bu barədə məlumat verən sahibkarlardan birinin sözlərinə görə, dünənə qədər bir kisəsini 17 manata aldıqları unu indi 23 manata alırlar. Və bu da göstərir ki, hətta dövlətin müvafiq addımları belə taxıl idxalı biznesini, un istehsalı monapolistlərini geri çəkilməyə vadar etməyib. Bu isə o deməkdir ki, verilən qərar simvolikdir.

Əslində isə qərar heç də simvolik deyil. Bu barədə danışan sahibkar bildirir ki, ona məxsus olan çörək sexi baha qiymətə aldığı unun müqabilində bişirdiyi un məhsullarının da qiymətini artırmaq zorundadır: «Yəni əgər aldığım unun qiyməti 30 faiz bahalaşıbsa, istehsal etdiyim məhsulların da qiyməti anoloji qaydada artmalıdır. Amma buna imkan vermirlər. Yerli icra strukturlarından təzyiqlər olunur və bizə qiymətləri artıracağımız təqdirdə iş yerlərimizi bağlayacaqlarını deyirlər».

Beləliklə ziyanla işləmək zorunda qalan sahibkarlar vəziyyətin bu şəkildə uzun sürməyəcəyini də deyirlər: «Təbii ki, vəziyyət belə davam edə bilməz və məsələlər o həddə çatar ki, artıq çörək sexləri ziyanla işləməkdənsə, yerli icra strukturlarının əli ilə yox, öz əlləri ilə fəaliyyətlərinə son verməli olacaqlar».

Geri qayıt