Əsas Səhifə > Güney Press, Araşdırma > BEYLƏQANDA KİMLƏR KRESLOSUNU İTİRƏCƏK?

BEYLƏQANDA KİMLƏR KRESLOSUNU İTİRƏCƏK?


6-10-2012, 11:52
BEYLƏQANDA KİMLƏR KRESLOSUNU İTİRƏCƏK?
İCRA BAŞÇISINDAN HESAB SORULACAQ

DİA.AZ: - Beyləqan rayon rəhbərliyi təlaş içindədir. Bunun səbəbi isə çəkilməsi üçün prezident İlham Əliyev tərəfindən regionların inkişafı proqramı çərçivəsində 6 milyon manat ayrılan Beyləqan-Ağcabədi yolundakı vəziyyətdir. Belə ki, yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulan yolun ancaq yarısının çəkilməsi və bu çəkilən hissəninin də, qətiyyən standartlara cavab verməməsidir.

Məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yaxın zamanlarda Beyləqana səfəri nəzərdə tutulur. Prezidentin istifadəyə verəcəyi obyektlər içində məhz Bolsulu, Təzəkənd, Kəbirli, Minstroy və Sirik yaşayış sahələrini Ağcabədinin Qaradolaq magistralına birləşdirməli olan yol da olmalıymış. Lakin yolun hələ ki, yarısı belə hazır deyil.

Yolun çəkilməsində məsul olan «Orion M» MMC şirkətinin bu günə qədər gördüyü iş yarıtmaz olmaqla yanaşı, həmçinin bütün rayon rəhbərliynin taleyini təhlükə altına alıb. Hazırda yaranmış vəziyyət Beyləqan İcra Hakimiyyətini və «Orion M» MMC-nin rəhbəri Şükür Məmmədovu ciddi şəkildə narahat edilməkdədir.

Mənbənin bildirdiynə görə yaxın zamanlarda prezident İlham Əliyevin bu rayona səfər zamanı rayon rəhbərliyndən hesab sorulması ehtimal olunur. Çünki nəzərdə tutulan yolun prezidentin bölgəyə səfəri zamanı açılışı nəzərdə tutulurdu və prezident yolun vəziyyəti ilə maraqlandığı halda rayon rəhbərliyinin və Şükür Məmmədovun vəziyyətinin necə olacağını təsəvvür etmək çətin deyil.

Yolun çəkilişinin yubanması ilə bağlı danışan mənbənin sözlərinə görə əsas səbəb prezidentin ayırdığı vəsaitin böyük bir hissəsinin mənimsənilməsidir. Belə ki, bildirilir ki, Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev duru başından prezidentin ayırdığı 6 milyonunun 2 milyonunu götürüb. Bir hissəsi isə Bakıda tenderi alınması zamanı mənimsənilib. Və Vaqif Abdullayev Şükür Məmmədova tapşırıb ki, hardasa 3 milyonla yolu çəkməlidir.

Qeyd edək ki, «Orion M» şirkətinin nə zaman yarandığı, hansı nizamnamə kapitalına sahib olduğu və nə zaman qeydiyyatdan keçdiyi bəlli deyil. Ən əsası bu şirkət heç vaxt belə layihələri həyata keçirməyib və yol çəkilişi üçün şirkətin ixtisaslı mütəxəsisləri yoxdur. «Orion M» şirkətnin tenderi qazanmasının tək səbəbi Şükür Məmmədovun Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yaxın münasibətlərdə olmasıdır.

Mənbənin sözlərinə görə 34 km-lik yolun hardasa 15 km-i çəkilən yol heç bir standartlara cavab vermir. Belə ki, standartlara görə asfaltın qalınlığı ən az 12 sm olmalıdır. Amma faktiki olaraq yola tökülən asfaltın qalınlığı ilkin asfaltlamada 4-5 sm-dən artıq olmayıb. İşi bu şəkildə təhvil verməyin mümüknüsüz olduğunu anlayan Şükür Məmmədov sonradan ikinci dəfə yola 3-4 sm qalınlığında asfalt tökməyə məcbur olub. Bundan başqa çəkilən yol boyunca layihəyə 9 körpü salınmalıdır. Bu körpülərin salınmasında da ciddi pozğunluqlar var. Belə ki, vəsaitin mənimsənilməsi səbəbindən körpülərin heç biri layihələrdə göstərilən standartlara cavab vermir. Hətta vəziyyət o həddədir ki, yolun istifadəyə verilməsindən daha əvvəl körpülərin uçma təhlükəsi var. Bunu Şükür Məmmədov da bildiyi üçün artıq «qazandığı tenderdən» imtina etmək istəyib. Amma Vqif Abdullayevdən aldığı cavab onu işi davam etdirməyə məcbur edib.

Hazırda Şükür Məmmədovun əsas probleminin maliyyə problemi olduğu bildirilir. Əsas məsələ isə son bir neçə ayda bitiumun qiymətinin kəskin şəkildə qalxması ilə bağlıdır. Hazırda bitiumun bir maşının qiyməti orta hesabla 5 000 manata qədər yüksəlib. Bu isə Şükür Məmmədovu çıxılmaz vəziyyətə salıb. Bildirilir ki, şirkət bitiumu hazırda Bəhrəmtəpədə yerələşən və ARDNŞ-ə mənsub olan iki asfaltzavoddan alır. Qiymətlə bağlı aparılan danışıqlar heç bir nəticə vermədikdə isə Beyləqan rəhbərliyi inzibati yollara əl atıb. Mənbənin bildirdiyinə görə ARDNŞ-ə mənsub olan iki asfaltzavod ətraf mühitə həddindən artıq ziyan vurdduğuna görə rayon rəhbərliyi zavodları bağlamaqla hədələyib. Belə ki, bir neçə gündən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gələn müfəttişlər zavodu bir saat müddətinə bağlayıblar. Sonra nə olubsa, Nazirliyin müfəttiişləri Vaqif Abdullayevi belə dinləmədən rayonu tərk ediblər.

Yolun çəkilməsində yaranmış vəziyyət bu yolun əldə qalan vəsaitlə çəkilməsini imkansız edib. Ya yola ayrılan pulun mənimsənilən hissəsi geri qaytarılmalı, ya da bu layihəyə görə gurultulu həbslərin aparılması qaçınılmaz olacaq. Mənbənin sözlərinə görə hazırda «Orion M» MMC-nin rəhbəri Şükür Məmmədov hər gün həbs olunacağının təhlükəsi ilə yaşayır. Əsas məsələlərdən biri isə prezidentin bölgəyə səfəri zamanı istifadəyə veriləməsi nəzərdə tutulan yolun vaxtında bitirilməsinin artıq imkansız olmasıdır. Bu durumda isə bir çoxlarının ağır şəkildə cəzalanması gözlənilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt