Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOVUN MƏKTƏBLƏRİNDƏ AÇIQ BAZAR QURULUB

MİSİR MƏRDANOVUN MƏKTƏBLƏRİNDƏ AÇIQ BAZAR QURULUB


5-10-2012, 11:26
MİSİR MƏRDANOVUN MƏKTƏBLƏRİNDƏ AÇIQ BAZAR QURULUB
VALİDEYNLƏRDƏN TƏK-TƏK PUL YIĞILMASI KİMƏ VƏ NECƏ SƏRF EDİR?

DİA.AZ: - Bu gün müəllim günüdür və bizlər də öz növbəmizdə müəllim adını layiqincə daşıyan, bu adın şərəfini qoruyan hər bir təhsil işçisini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edirik.

Amma deyəsən, hər kəs bu günün yaratdığı təəssüratı şadyananlıqla qarşılaya bilmir. DİA.AZ-a müraciət edən bir qrup valideyn ayrı-ayrı orta məktəblərdə müəllim günü ilə bağlı baş verən özbaşınalıqdan şikayət edirlər.

Bildirək ki, bir neçə gün əvvəl də bu tarixi günlə bağlı orta məktəblərdə pul yığımı kampaniyasına start verilməsi gündəmə gəlmişdi və həmin zaman Bakı Baş Təhsil İdarəsinin rəsmiləri maraqlı bir mövqe ortaya qoymuşdular. Onlar deyirdilər ki, kimsə kiminsə başına silah dayayıb, pul istəmir. Yəni hər kəsin pul verməkdə könüllü olması, sanki bir üstünlük halı imiş.

Bu bir yana. Sözügedən idarədən onu da bildirmişdilər ki, bəs filan məktəbin filan gənc müəllimi orta məktəbdə dərs dedikdən sonra gedib fəhləlik edir, ailəsini bu şəkildə dolandırır. Və bu misalı çəkən BBTİ rəsmisi əlavə etmişdi ki, yəni bu müəllimə pul düşmürmü? Əcəb işə düşmüşük. Adamlar müəllimlərin maaşlarının artırılmasını tələb etmək əvəzinə, müəllimlərə sosial qayğının artırılmasını tələb etmək əvəzinə, hansısa müəllimin böhranlı durumunu misal gətirərək rüşvətxorluğa haqq qazandırmağa çalışırlar.

Elə narazı valideynlər də bildirirlər ki, onların övladlarının oxuduqları orta məktəblərdə əməlli-başlı özbaşınalıqdır və aşkar surətdə rüşvət yığılır. Qeyd edək ki, Bakının bir neçə orta məktəbi ilə bağlı şikayət daxil olduğundan, konkret ünvan göstərməyəcəyik. Əgər müvafiq dövlət qurumlarının araşdırmağa maraq və həvəsləri olarsa, redaksiyamız tərəfindən bütün bilgiləri təqdim etməyə hazırıq.

Valideynlərin sözlərinə görə, ilk əvvəl sinfi rəhbəri ilə 20 manatdan danışıblar: «Yəni hər bir uşaq 20 manatdan pul verməlidir və yığılan pul sinifə dərs deyən müəllimlər arasında bölüşdürülməlidir. Amma sonradan nə qərar verdilərsə, anlaşma pozuldu. Dedilər ki, hər bir valideyn müəllim günü ilə bağlı pulu ayrıca verməlidir. Guya ki, burada valideynlərin imkansızlığı nəzərə alınıb. Amma elə şərait yaratdılar ki, kimsə 20 manatı bir nəfərə verə bilməsin. Elə valideynlər var ki, hər bir müəllimə 50 manatdan, hətta 100 manatdan pul verir. Əksər valideynlər isə bu qədər pul verə bilmədiklərindən, uşaqlarının gələckdə ayrıseçkiliyə məruz qalacağından narahatlıq keçirir».

Bildirək ki, bu kimi hallar hətta ibtidai siniflərdə də populyardır. Yəni bu o deməkdir ki, möhtərəm Misir Mərdanovun müəllimləri körpələrimizi məktəblərə ayaq açar-açmaz rüşvətə alışdırırlar.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt