Əsas Səhifə > Ölkə, Manşet > HACIBALA ABUTALIBOV AĞIR XƏSTƏDİR

HACIBALA ABUTALIBOV AĞIR XƏSTƏDİR


3-11-2011, 16:46
HACIBALA ABUTALIBOV AĞIR XƏSTƏDİR

BAKI MERİ SƏHHƏTİNƏ GÖRƏ İŞDƏN ÇIXMAQ İSTƏYİR

DİA.AZ: - Uzun zaman gedişi barəsində qəzetlərdə yazılar dərc olunan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyəsən, həqiqətən də vəzifəsindən gedəcək. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasının (dia-az.life) hökumət içindəki mötəbər qaynaqlardan əldə etdiyi informasiyadan aydın olur ki, Hacıbala Abutalıbovun gediş niyyəti sırf olaraq onun səhhəti ilə bağlıdır.

Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Hacıbala Abutalıbov bərk stress keçirib. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, həmin tarixdə Azərbaycan paytaxtına yeridilən sovet qoşunlarının əsgərləri ilə təsadüfən Bakı küçələrinin birində rastlaşan Hacıbala Abutalıbovun başının üzərindən rus zabitlərdən biri «Kalaşnikov» avtomatının bir darağının patronlarını boşaldıb. Bu hadisə nəticəsində ruhi sarsıntı keçirən Hacıbala Abutalıbovun uzun müddət müalicə aldığı da bildirilir. Amma əsəb sisteminin pozulması özünü sonradan da hiss etdirib.

Son günlərə qədər müalicə aldığı söylənilən Hacıbala Abutalıbovun səhhəti yenidən kəskinləşib. Bu barədə danışan mötəbər qaynaq iddia edir ki, Bakı meri hətta yaddaş itkisinə də uğrayıb: «Bir həftə yataq xəstəsi olan Hacıbala Abutalıbov ətrafdakıları belə tanımaz hala düşüb. Lakin həkimlərin vaxtlı müdaxiləsi Bakı merinin səhhətində irəliləyişlərin yaranmasına səbəb olub. Amma onun yenə də ciddi müalicəyə ehtiyacı var».

Mənbəmiz bildirir ki, Hacıbala Abutalıbov uzunmüddətli müalicə olunması niyyətiylə İsrailə getmək niyyətindədir: «Təxminən 6 aylıq müalicə kursuna ehtiyacı var. Bu şəkildə isə onun vəzifə başında qalması mümkün deyil».

Mənbəmizin sözlərinə görə, artıq Hacıbala Abutalıbov bu səbəbdən Prezident administrasiyasına və ölkə başçısına istefa vermək niyyətində olması barədə müraciət ünvanlayıb: «Hələlik ona heç bir cavab verilməyib. Amma Hacıbala Abutalıbovun səhhətindəki problemlərlə əlaqədar vəzifəsindən azad ediləcəyi heç şübhəsizdir. Çünki onun durumundan ölkə rəhbərliyi də xəbərdardır».

Geri qayıt