Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SURİYADAN AZƏRBAYCANA QAÇANLARA QAÇQIN STATUSU VERİLMİR

SURİYADAN AZƏRBAYCANA QAÇANLARA QAÇQIN STATUSU VERİLMİR


4-10-2012, 09:36
SURİYADAN AZƏRBAYCANA QAÇANLARA QAÇQIN STATUSU VERİLMİR
MƏHKƏMƏYƏ MÜRACİƏT

Bu gün Azərbaycanla qonşu, eləcə də əlaqəli olan dövlətlərdə baş verən mənfi hadisələr ölkəmizə gələn qaçqınların sayını artırır. Bir qrup əcnəbi öz ölkələrindən gələrək burada yaşamağa üstünlük verir. Bəs bu insanların sayı ölkəmizdə nə qədərdir? Ümumiyyətlə, bu il necə nəfərə qaçqın statusu verilib?

Bununla bağlı Modern.az saytının Dövlət Miqrasiya Xidmətinə göndərdiyi sorğuya bir cümlə ilə cavab verilib ki, 2012-ci ilin birinci yarımili ərzində Azərbyacan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən hər hansı bir əcnəbiyə qaçqın statusu verilməyib.

“Azərbaycanda təxminən 1600-1800 çərçivəsində qaçqın statusu almaq istəyən şəxs var. Ancaq onların hamısına Miqrasiya Xidməti tərəfindən rədd cavabı verilib”.

Bu sözləri isə Modern.az saytına açıqlamasında Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin sədri Əlövsət Əliyev deyib. O qeyd edib ki, həmin şəxslər rədd cavabı aldıqları üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinə müraciət edirlər: “BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanın təcrübəsinin buna imkan verməməsini əsas gətirərək həmin şəxsləri öz himayəsinə götürür. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hesab edir ki, həmin şəxslərin öz ölkələrinə qaytarılması onların həyatı üçün təhlükə törədə bilər”.

Ə.Əliyev bildirir ki, hazırda Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olan 1600-dən çox insan var.

O qeyd edib ki, Azərbaycanda Dövlət Miqrasiya Xidməti yaranana qədər qaçqın statusu alanlar var idi: “Nə qədər ki, Qaçqın Statusunun Müəyyənləşdirilməsi Departamenti Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsində struktur vahidi idi, onda qaçqın statusu üçün müraciət edənlərə bu status verilirdi. Amma Dövlət Miqrasiya Xidməti yaranandan sonra ümumiyyətlə Azərbaycanda miqrasiya siyasəti həddindən artıq sərtləşib. Hətta qaçqın statusu üçün 100 faiz əsası olan şəxslərə Dövlət Miqrasiya Xidməti tərəfindən rədd cavabı verilir”.

Birlik sədri deyir ki, Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu ilə bağlı müraciət etmiş şəxslər aldığı cavablardan narazı qaldıqda onlara müraciət edirlər: “Biz o cavabları məhkəmələrdə mübahisələndiririk və Azərbaycanda müstəqil məhkəmə olmadığına baxmayaraq, Dövlət Miqrasiya Xidmətinin qaçqın statusunun verilməsi ilə bağlı qəbul etdiyi qərarların ləğv edilməsi halları olub”.

Ə.Əliyev bildirib ki, Azərbaycnada qaçqın statusunun verilməməsi əslində Azərbaycan haqqında çox eybəcər fikir formalaşdırır. Onun sözlərinə görə, Ermənistanda qaçqın statusu alanların sayı Azərbaycanda qaçqın statusu alanların sayından dəfələlərlə çoxdur.

“Qaçqın statusunun verilməməsi Azərbaycana miqrasiya axının qarşısını kəsmir. Əslində məcbur edir ki, Azərbaycana qaçqın statusu almağa gəlmiş şəxlsər qeydiyata düşməsinlər və onlar barəsində ədalətli qərarlar qəbul edilməsin. Qaçqın statusunun verilməməsi əslində Azərbaycanda qanunsuz yaşayanların sayını artırır. Miqrasiya Xidməti rədd etdiyi vəsatətlərə yenidən baxmalıdır. Bu gün Suriyadan gələnlərə qaçqın statusunun verilməsindən imtina edilib. Bu çox gülməli haldır. Suriyadan gələn bir ailə dünən bizə müraciət edib ki, onların qaçqın statusu almaq haqqında müraciətlərinə rədd cavabı verilib. Hazırda bu işi məhkəməyə hazırlayırıq”.

Geri qayıt