Əsas Səhifə > Şou-biznes > QƏDİR RÜSTƏMOV HƏKİMLƏRİN GÜDAZINA GEDİB

QƏDİR RÜSTƏMOV HƏKİMLƏRİN GÜDAZINA GEDİB


3-11-2011, 13:51
QƏDİR RÜSTƏMOV HƏKİMLƏRİN GÜDAZINA GEDİB

“O, ARTIQ 10 GÜNDÜR Kİ, KOMADADIR”

“Qədir Rüstəmov artıq 10 gündür, komadadır. Bu günlər ərzində heç bir hərəkət etməyib, səhhətində heç bir irəliləyiş yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun qayını Əli Azadi deyib.

Xanəndənin İstanbul “Acıbadem” Xəstəxanasının reanimasiya şöbəsində olduğunu qeyd edən Ə. Azadi onun yanından ötən gün qayıtdığını bildirib: “Belə olacağını gözləmirdik. Qədir müəllim ay yarımdır, həmin xəstəxanada müalicə olunur. Problemi başı ilə əlaqədar idi, bir də sol ayağını tərpədə bilmirdi. Sol gözündə də görmə problemi vardı. Türkiyəyə getməmişdən əvvəl Bakıda lazımi müayinələrdən keçdi, burdakı mütəxəssislər ona respublikadan kənarda müalicə olunmağı məsləhət gördülər. İstanbula getdi, müalicə aldı, çox yaxşılaşmışdı. Qədir müəllim də, yanında qalan ailə üzvləri də Vətənə qayıtmaq istəyirdilər, ancaq qəflətən halı pisləşdi, komaya düşdü”.

Ə. Azadinin sözlərinə görə, Qədir Rüstəmovun komaya düşməsinə xəstəxanada aparılan şüa müalicəsi səbəb olub: “Bilirsiniz ki, 14-15 yaşı olanda Qədir müəllimin bir böyrəyi çıxarılıb. Amma o özünə çox diqqət edirdi, daim lazımi müalicələr alırdı. Şüa müalicəsi orqanizminə pis təsir etdiyindən komaya düşdü. Nə vaxt ayılacağına həkimlər də zəmanət vermirlər. Amma Allahdan ümid kəsilməz. Biz onun sağ-salamat Vətənə qayıtmasını istəyirik. Ailəsi, övladları Qədir müəllimin yanındadırlar”.

Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olub, burada xanəndə kimi yetişib. Əvvəlcə Azərbaycan Dövlət Musiqi Məktəbində ustad-xanəndə Hacıbaba Hüseynovdan muğam dərsləri alıb, sonradan Ağdamda təhsilini davam etdirib. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalqın rəğbətini qazanan Qədir Rüstəmov xanəndə kimi məşhurlaşıb.

Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır. “Sona bülbüllər” mahnısı Q. Rüstəmovu bütün dünyada məşhurlaşdırılıb .

Geri qayıt