Əsas Səhifə > Cəmiyyət > ŞOK: SƏMƏD SEYİDOVUN EVİNDƏ AXTARIŞ APARILIB

ŞOK: SƏMƏD SEYİDOVUN EVİNDƏ AXTARIŞ APARILIB


3-10-2012, 10:41
ŞOK: SƏMƏD SEYİDOVUN EVİNDƏ AXTARIŞ APARILIB
AXTARIŞIN MTN TƏRƏFİNDƏN HƏYATA KEÇİRİLDİYİ DEYİLİR

ADU rektorunun mənzilində MTN tərəfindən axtarış aparılması və mənzildən istintaq üçün olduqca zəruri olan bir sıra sənədlər, hazır diplomlar və sair götürüldüyü barədə məlumatlar aldıq...

Deyəsən, bu payız bəzi deputatlar üçün düşərsiz oldu. Gülər Əhmədovanın işi ilə paralel olaraq Azərbaycan Dillər Universitetində korrupsiya hallarına qarşı mübarizə çərçivəsində cinayət işi başlandı (Srağagün isə deputat Əhliman Əmiraslanovun rektoru olduğu ATU-nun təzə tikilməkdə olan korpusu od tutub yandı).

Amma Azərbaycan Dillər Universitetinin rektoru, deputat Səməd Seyidov isə neçə gün əvvəl belə demişdi: "Dillər Universitetində sifariş əsasında yoxlama aparılması haqda bəzi KİV-də yayılan məlumatların əsası yoxdur. Bu məlumatlar tamamilə cəfəngiyatdır... Mənim şübhələrim var idi. Bu səbəbdən də bu ilin mayında Hesablama Palatasına yoxlama aparılması üçün müraciət etdim və araşdırma nəticəsində müəyyən faktlar ortaya çıxdı. Təbii ki, bunun əsasında cinayət işinin qaldırılması qanunauyğundur".

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Səməd Seyidovun bu arqumentində həqiqət çaları çox az idi və bu barədə KİV-lərdə də yazılıb. Çünki hansı ağıllı rəhbər daxildəki korrupsiya hallarını yoxlatdırıb, cinayət işi açdırıb özünə quyu qazdırar?

***

Qeyd edək ki, Respublika Prokurorluğu neçə gün əvvəl məsələ ilə bağlı rəsmi açıqlama yaymışdı. Prokurorluğun məlumatına görə, Hesablama Palatasının apardığı yoxlamadan sonra Dillər Universitetində baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun məlumatında o da deyilir ki, təftiş dövründə universitetdə dərs saatlarına və vəzifə maaşlarına əlavələr düzgün hesablanmayıb. Habelə universitetin bir sıra əməkdaşlarına artıq əmək haqqı ödənib. Təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına əmək haqqı kartları açılıb. Bu kartlara qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Qeyd olunur ki, "Universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında saxta ödəmə cədvəlləri tərtib edilib. Həmçinin yanacaq xərcləri ilə bağlı külli miqdarda dövlət vəsaiti mənimsənilib".

Dünən redaksiyamıza daxil olan məlumatda, həmçinin bildirilirdi ki, MTN S.Seyidovun mənzilində axtarış aparıb və nəticədə istintaq üçün bir sıra zəruri maliyyə sənədləri, həmçinin hazır diplomlar və s. aşkar edərək götürüb.

Qəzet çapa gedənədək S.Seyidovun mobil telefonuna dəfələrlə zəng etsək də, cavab verilmədi. Qarşı tərəf olaraq məsələyə dair mövqeyini dərc etməyə hazırıq. \ Tezadlar \

Geri qayıt