Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ NAZİRİMİZ İRAN MOLLASINI HƏDƏLƏDİ

KEÇMİŞ NAZİRİMİZ İRAN MOLLASINI HƏDƏLƏDİ


3-10-2012, 08:48
KEÇMİŞ NAZİRİMİZ İRAN MOLLASINI HƏDƏLƏDİ
«SEYİD HƏSƏN AMİLİ DƏ SAPI ÖZÜMÜZDƏN OLAN BALTALARDANDIR»

DİA.AZ: - Bu günlərdə okeanın o tayından Güney Azərbaycanın azadlığı ilə bağlı müsbət impulsların gəlməsi gözlənildiyi kimi fars-molla rejimi tərəfindən böyük təpgi ilə qarşılanıb. Amma maraqlıdır ki, Azərbaycanın güneyi ilə quzeyinin birləşməsi məsələsinə rəsmi Tehran adından hansısa fars kökənli birisi yox, elə türk əsilli bir zat cavab verib.

Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili etnik kökəncə Azərbaycan türkü olsa da, fars-molla rejiminin millətimizə qarşı danışan dillərindən biri olduğu hər kəsə məlumdur. DİA.AZ bildirir ki, elə ABŞ-dan gələn Güney Azərbaycan açıqlamasını təpgi ilə qarşılayan Seyid Həsən Amilinin Şimali Azərbaycan Respublikasını «Şimal ölkəsi» adlandırmasından da bu adamın hansı ovqatda olması aydın şəkildə görünməkdədir. Amilinin «AranNews» portalında yer almış reaksiyasını olduğu kimi diqqətinizə çatdırırıq.

«İİR-nın 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz.

AranNews - Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində düşmənlərin etnik hislərdən sui-istifadə etmək istəmələri mövzusuna toxunaraq deyib: "Bu yaxınlarda Amerika Konqresi azərbaycanlıların duyğularından sui-istifadə etmək və onu İran əleyhinə bir vasitəyə çevirmək üçün hərəkətə keçdi. Şimal ölkəsində (Azərbaycan Respublikası) də bəzi "millətçilər" bu addımı yaxşı qarşılayıblar".

Ayətullah Amili vurğuladı: "İran İslam Respublikasının 33 illik tarixi göstərir ki, düşmən bu ölkədə etnik hislərdən sui-istifadə edə bilməz. İranda hər bir kəsə millət və irqdən öncə əsas mövzu İslamdır və hamı bu mehvər ətrafına toplaşıb, bir-birləri ilə fərq hiss etmirlər".

İmam cümə həmçinin, ümid və hədəfin Peyğəmbərin (s) ideal olduğu bir cəmiyyət qurmaq olduğunu və bu hədəfin dünyada gerçəkləşəcəyinə qədər mübarizədən əl çəkilməyəcəyinə və düşmənlərin İranda millətçilik ruhunu qaldırmağa çəhd etmələrinin əbəs olduğunu vurğulayıb.

Qeyd edək ki, bir müddət qabaq ABŞ Konqresi Nümayəndələr Palatasının üzvlərindən biri qurumun xarici əlaqələr komitəsinə məktub yazaraq Bütöv Azərbaycanın təşkil edilməsini istəmişdi».

Bu açıqlamaya isə keçmiş Daxili İşlər Nazirimiz İsgəndər Həmidov tərəfindən olduqca sərt reaksiya verilib. İsgəndər bəy DİA.AZ-a açıqlamasında Seyid Həsən Amilini sapı özümüzdən olan baltaya da bənzədib:

«Birinci o xəritənin yayımını mən alqışlayıram. Allah eləsin ki, həmin xəritədə əks olunan dövlət qurulsun və paytaxtımız Təbriz olsun. Qədim türk məsəli var. Meşəyə deyirlər ki, kimdən qorxursan, deyir baltadan. Deyirlər niyə, deyir ki, çünki sapı özümüzdəndir. Seyid Həsən Amili də sapı özümüzdən olan baltalardandır və təəssüflər olsun ki, milli kimliyini unudaraq farslara nökərçilik yolunu tutub.

O ki qaldı imam-cümənin açıqlamasına, Amili gedib Təbrizdə fars dilində danışmağa cəsarət edərsə, mən də onun sözlərini həqiqət kimi qəbul edərəm. Seyid Həsən Amili kimilər heç bir halda Güney Azərbaycan türklərini təmsil edə bilməzlər. Mən İranda da olmuşam. Və orada da görmüşəm ki, fars əsarəti altında olan soydaşlarımız bizdən də betər həsrət çəkirlər. Mən bu kimi səbəblərdən Seyid Həsən Amiliyə milli qeyrət arzulayıram və ona öz vətəninin müstəqil parçası olan bugünkü Azərbaycan dövlətinə qarşı mola rejiminin apardığı təbliğatdan çəkilməyi məsləhət görürəm. Amilinin sözlərindən belə çıxır ki, bu gün Güney Azərbaycan türkləri ən primitiv, ən ibtidai milli haqqlarını tələb etdiklərinə görə farslar tərəfindən işgəncələrə məruz qalmalarından, edam olunmalarından, təqib olunmalarından, vətənlərindən didərgin düşmələrindən məmnundurlar? Sizcə də gülməli deyilmi? Kim işgəncədən məmnun ola bilər?».

Geri qayıt