Əsas Səhifə > Ölkə, Manşet > HƏRBİ KOMİSSARLIQ SİSTEMİNDƏ BUDAMA ƏMƏLİYYATI
HƏRBİ KOMİSSARLIQ SİSTEMİNDƏ BUDAMA ƏMƏLİYYATI2-10-2012, 11:54 |
ÜÇ RAYONUN KOMİSSARI HƏDƏFDƏDİR DİA.AZ: - Son günlərin məşhur olayı yenidən antikorrupsiya tədbirləri məsələsini gündəm gətirib. Xatırladaq ki, keçən ilin fevral ayından etibarən rəsmi Bakı korrupsiyaya qarşı mübarizə apardığını bəyan etdi və bununla əlaqədar çox ciddi addımlar da atdı. Doğrudur, görülən tədbirlər nəticəsində cəzalandırılan məmur heyəti daha çox aşağı ranqlılar kateqoriyasından idi ki, bu da antikorrupsiya prosesinin yuxarılara doğru irəliləməsinin mümkünsüzlüyü, eyni zamanda YAP iqtidarının apardığı mübarizənin daha çox kampaniya xarakteri daşıması kimi dəyərləndirildi. Amma bir müddət əvvəl prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə ilə bağlı daha konkret addımların yer aldığı 3 illik fəaliyyət proqramının icrası ilə bağlı sərəncam imzaladı ki, bununla da korrupsiya ilə mübarizə müstəvisində yeni dönəmin - İkinci Dalğanın təməli atılmış oldu. Bir daha vurğulayırıq ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaratdığı ajiotajlı videoqalmaqaldan dolayı bu kimi məsələlər ertələnmiş kimi görünsə də, bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə tamam fərqli düşünür: «Əslində Elşad Abdullayev mövzusu korrupsiya ilə mübarizə məsələsinin yenidən gündəmə daşınması ilə nəticələnib. Və bu gün rəsmi Bakı özünün konkret addımları ilə həm hazırki qalmaqallı mühiti darmadağın edəcək və həm də az öncə prezident tərəfindən verilmiş qərarın icrasına start veriləcək». Mənbəmizin sözlərindən belə aydın olur ki, bu dəfə də əsas hədəf kimi diqqətə gələn istiqamətlərdən biri hərbi komissarlıq sistemidir: «Doğrudur, bu gün hərbi komissarlıqlar yeni yaranmış quruma tabedir və bu qurumun rəhbərliyi də yenidir. Amma köhnədən sözügedən strukturda çalışanlar var ki, onlarla bağlı qəti addımların atılması gözlənilir». Qeyd edək ki, bundan əvvəlki antikorrupsiya tədbirləri çərçivəsində bir neçə hərbi komissar və ya hərbi komissarlıq işçisi həbs olunub. Elə həmin ərəfədə yayılan məlumatlarda da vurğulanırdı ki, əslində baş verən həbslər sabiq baş hərbi komissar, hazırda deputat olan Əliağa Hüseynovla bağlıdır və əsas hədəf onun özüdür. Amma sonradan bu məsələ yatırılmış təəssüratı bağışlandı. Son məlumatlarda isə bildirilir ki, yenidən sözügedən istiqamətdə antikorrupsiya budaması işinin davam etdirilməsi nəzərdə tutulur. DİA.AZ-a daxil olan son məlumatlara görə, hal-hazırda Əliağa Hüseynovun üç yaxın qohumu hədəfdədir. Məlumatda deyilir ki, onlardan biri Yasamal rayon hərbi komissarı, deputatın qardaşı oğlu Namiq Hüseynovdur. İddialara görə, bu şəxslə bağlı xeyli sayda şikayət Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olub və onların araşdırılması ilə bağlı hazırlıq gedir. Hədəfdə olan ikinci şəxs isə Əliağa Hüseynovun bibisi nəfəsi, hazırda Salyan rayon hərbi komissarıdır. Bildirirlir ki, komissarlıqda ciddi korrupsiya və maxinasiya hallarına yol verilib. Mənbənin verdiyi digər bir məlumata görə, artıq Tərtər rayon Hərbi Komissarlığında da yoxlamalar gündəmə gəlib. Komissarlıqda aparılacaq yoxlamaların hansısa plan əsasında gerçəkləşdiyi də istisna edilmir. Bildirilir ki, rayon hərbi komissarı Rza Rüstəmov 15 ildir bu sistemdə çalışır. Onun da hədəfə alınması korrupsiya faktları ilə bağlı daxil olan şikayətlərdir. Mənbə bildirir ki, əslində deputatın qohumlarını hədəfə almaqda maraqlı olan qüvvələr bununla da Ə.Hüseynovun komissarlıq sistemindəki nüfuzunu azaltmaq və biznesinə çökmək istəyirlər. Yazıda adı çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |