Əsas Səhifə > Cəmiyyət > GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB

GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB


2-11-2011, 17:05
GƏNCLƏR FORUMUNDA REPRESSİYALAR MÜZAKİRƏ OLUNUB

FORUMDA ÇAĞIRIŞ ELAN OLUNDU

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında Gənclər Forumu keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, təşkilatın siyasi şurasının üzvü Samir Əsədli gənclərin problemlərindən danışaraq Yeni Azərbaycan Partiyasının (YAP) hakimiyyətə gəldiyi gündən bəri müxalifət və müxalif düşüncəli insanların təzyiqlərə məruz qaldığını və hakimiyyətin müxalifətə qarşı səlib yürüşünə çıxdığını deyib. Eyni zamanda, təhsil sistemindəki problemlərdən danışan S.Əsədli bu sahənin bərbad vəziyyətə salındığını bildirib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı çıxışında bildirib ki, hazırki rejim gənclərin öz potensialını dövlətin mənafeyi üçün sərf etməyə imkan vermir. O, çıxışında, həmçinin gənclərin sosial hüquqlarının təmin olunmadığını, yaşayış üçün minimum şərtlərin ödənilmədiyini, mədəni hüquqlarının təmin olunmadığını diqqətə çatdırıb. Ə.Qurbanlı ölkədə gənc yazarların qarşılaşdıqları problemlərə də diqqət çəkib. O da təhsildəki problemlərdən danışaraq mütərəqqi boloniya sisteminin ölkəmizdə rüşvət üçün istifadə olunduğunu deyib. Azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil almalarına maneələrin yaradıldığını və hakimiyyətin gənclərin ABŞ kimi ölkədə deyil, Çində yaxud Sinqapurda təhsil almasında maraqlı olduğunu qeyd edib: “ Buna əsas kimi isə həmin ölkədə təhsil alan tələbələrin müxalifətçi kimi ölkəyə qayıtmaları göstərilir”.

Ölkə hakimiyyətinin öz nəznində fəaliyyət göstərən gənclər təşkilatlarına daha çox diqqət ayırdığını deyən Ə,Qurbanlı Gənclər Təşkilatları Milli Şurasına narkomaniya ilə mübarizə üçün milyonlarla vəsait ayrıldığını xatırladıb: “GTMŞ-na narkomaniya ilə mübarizə aparmaq milyonlar ayrılır, DİN isə elan edir ki, narkomaniya gəncləşir”.

Gənclər Forumunda qəbul edilən bəyanatda 2 aprel məhbusları və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinə də münasibət bildirilib və bu faktlar hakimiyyətin cəmiyyəti uçuruma sürükləmək niyyətinin göstəricisi kimi dəyərləndirilib. Bəyanatda deyilir:

“02 aprel 2011-ci il tarixində əsaslı siyasi islahatlar aparılması tələbi ilə Bakı şəhərində keçirilən dinc etiraz aksiyası zamanı qanunsuz olaraq həbs olunan aksiya iştirakçılarından 14 nəfərə qarşı heç bir hüquqi əsas olmadan qondarma cinayət işi açılıb. Məhkəmələrin gedişi zamanı müqəssir hesab edilən şəxslərin sərbəst ifadələri, onların və vəkillərin məhkəmədə etdikləri son çıxışları qaldırılan cinayət işinin tamamilə saxta olduğunu, istintaqın heç bir real fakta malik olmadığını və bu işin siyasi sifariş olduğunu bir daha təsdiq etdi. Zərərçəkənlərin öyrədilmiş və ya bu işə məcbur edilmiş şəxslərdən, ittiham tərəfinin şahidlərinin isə əsasən hüquq-mühafizə orqanlarının işçilərindən və ya onların agentura şəbəkəsindən ibarət olduğu sübut olundu.

Məhbusların və onların vəkillərinin təqdim etdiyi təkzibedilməz faktlar əsasında məhkəmələrdə araşdırılan cinayət işinin saxta olduğunun sübuta yetirilməsi, vəkillərin qaldırdıqları qanunauyğun vəsatətlərin heç bir qanuni əsas göstərilmədən, bəzən isə vəsatətlər oxunmadan hakimlər tərəfindən bir qayda olaraq təmin edilməməsi, məhkəmələrin kiçik iclas zallarında yarımqapalı şəraitdə keçirilməsi, zərərçəkənlərin və şahidlərin təqsirləndirilən şəxslərə qarşı kobudluqlarının hakimlər tərəfindən qarşısının alınmaması, dövlət ittihamçısının vəkillərin verdiyi sualları heç bir əsas olmadan çıxarılmasını tələb etməsi və hakimin buna sözsüz əməl etməsi və s. bu işin siyasi sifariş olduğunu təsdiqləyən faktlar sırasındadır.

Artıq Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Arif Alışlı 3 il, Elnur İsrafilov 2 il 6 ay, Sahib Kərimov 2 il, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazlı 1 il 6 ay, Arif Hacılı 2 il 6 ay, Tural Abbaslı 2 il 6 ay, Məhəmməd Məcidli 2 i 6 ay, Nəsimi rayon məhkəməsinin çıxardığı hökmə əsasən Əhəd Məmmədli 3 il, Rüfət Hacıbəyli 1 il 6 ay, Ülvi Quliyev 3 il və Elnur Məcidli 2 il, Göyçay rayon məhkəməsinin çıxardığı hökmə əsasən Vidadi İsgəndərli 3 il azadlıqdan məhrum ediliblər. Səbail rayon məhkəməsinin çıxardığı hökmə əsasən Fuad Qəhrəmanlı 2 il şərti cəzaya məhkum edilib.

02 aprel mitinqinə hazırlığı pozmaq məqsədilə şərlənərək həbs olunan Şahin Həsənli qanunsuz silah saxlamaq ittihamı ilə avqust ayında Şəmkir rayon məhkəməsinin çıxardığı hökmə əsasən 2 il müddətinə azadlıqdan məhrum edilib.
Arif Alışlı, Elnur İsrəfilov, Sahib Kərimov, Elşən Həsənov, Babək Həsənov, Zülfüqar Eyvazlı və Şahin Həsənlinin apellyasiya şikayətinə baxılıb, 6 nəfərin hökmü eynilə saxlanılıb, yalnız Elşən Həsənovun cəza müddəti 1 ilədək azaldılıb.
Hənçinin Bəxtiyar Hacıyev və Cabbar Savalanlı da siyasi fəallıqlarına görə daha öncə azadlıqdan məhrum edilmişlər ki, onların da vicdan məhbusları olduqları artıq sübut olunmuşdur.

Bu qanunsuz, ədalətsiz hökm ölkə və dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə qınanılır və günahsız insanların dərhal azad edilməsi tələb edilir.

Gənclər forumu hər bir Azərbaycan vətəndaşını məhkəmələrdə əsassız ittiham olunan dönməz mübarizləri - vicdan məhbuslarını ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq müdafiə etməyə çağırır”.


Geri qayıt