Əsas Səhifə > Cəmiyyət > GENERALIN BACISI OĞLU NİŞANDA SİLAH ÇƏKDİ

GENERALIN BACISI OĞLU NİŞANDA SİLAH ÇƏKDİ


30-09-2012, 13:51
GENERALIN BACISI OĞLU NİŞANDA SİLAH ÇƏKDİ
ONU SAKİTLƏŞDIRƏN ƏMƏLİYYATÇINI ÖLÜMCÜL DÖYDÜ

BƏYLƏR ƏYYUBOVUN QOHUMU GÖYGÖLDƏ ARANI QATDI


Göygöl rayonun Yeni Zod kəndində silahlı insident baş verib. Bu barədə “Azadlıq”a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, kənddə keçirilən nişan mərasimində Gəncə şəhər Baş Polis Idarəsinin baş əməliyyat müvəkkili, prezident şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun bacısı oğlu Azər Şahverdiyev içkili vəziyyətdə xidməti silahı olan “Makarov” tipli tapançadan daldabal havaya atəş açıb.

Qorxuya düşən sakinlər dərhal mərasimi tərk ediblər və bu barədə “102" xidmətinə məlumat veriblər. Göygöl rayon polis şöbəsinin Sarısu bölməsinin əməliyyatçısı Vəfadar Orucov hadisə yerinə gəlib. O, sərxoş vəziyyətdə olan və hələ də atəş açmaqda davam edən və bununla insanları qorxudan Azər Şahverdiyevi sakitləşdirmək istəyib. Lakin Azər Şahverdiyev Vəfadar Orucovu ölümcül döyüb. Bundan sonra sakinlər daha da qorxuya düşüblər. Sakinlərin verdiyi məlumata görə, onlar növbəti dəfə Göygöl polisinə müraciət etsələr də, nəticəsi olmayıb: ”Hamı Azər Şahverdiyevdən qorxur. Ona görə də polis göndərmirlər". Bir qədərdən sonra Azər Şahverdiyev özü atəşə ara verib.

Məlumat üçün deyək ki, Azər Şahverdiyev bir neçə il əvvəl Göygöl polisində çalışıb. Öz iş yoldaşlarının üstünə silah çəkdiyinə və onların xidməti maşınını güllə ilə dəlik-deşik etdiyinə görə bir müddət əvvəl işdən çıxarılıb. Lakin Bəylər Əyyubovun bacısı oğlu olduğu üçün qısa zaman kəsiyində Gəncə şəhər Baş Polis Idarəsinə baş əməliyyat müvəkkili təyin edilib.

Məlumatla DIN-lə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, məsələ araşdıralaraq məlumat veriləcək. Mövzunu diqqətdə saxlayacağıq. \ azadliq.info \

Geri qayıt