Əsas Səhifə > Ölkə, Manşet > ETİBAR PİRVERDİYEV MİNGƏÇEVİRİ NECƏ İDARƏ EDİR?

ETİBAR PİRVERDİYEV MİNGƏÇEVİRİ NECƏ İDARƏ EDİR?


2-11-2011, 16:03
ETİBAR PİRVERDİYEV MİNGƏÇEVİRİ NECƏ İDARƏ EDİR?

MƏMURLAR ARASINDA BÖLÜŞDÜRÜLƏN AZƏRBAYCANDA YAŞAMAQ ÇOX AĞIRDIR

DİA.AZ: - Məlumdur ki, hakimiyyət guya idarəetməni asanlaşdırmaq üçün Azərbaycanın bölgələrini ayrı-ayrı dövlət məmurlarının nəzarət zonasına daxil edib. Yəni sirr deyil ki, bu gün məmurlar rəsmən rəhbəri olduqları sahələrlə yanaşı, həm də müvafiq olaraq rayonlara da nəzarət edirlər, onların inkişafına görə cavabdehlik daşıyırlar.

Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şimal rayonlarına, Etibar Pirverdiyevin Mingəçevirə və digərlərinin də ayrı-ayrı rayonlara nəzarət etmələri bir faktdır. Rayonlarla yanaşı, hakimiyyət həm də iqtisadi strukturları da qeyri-rəsmi olaraq məmurların monopoliyasına verib. Məsələn, son olaraq verilən qərarlara görə, artıq hətta ən ucqar kəndlərin belə yollarının inşası, asfaltlanması həmin kəndlərin yerləşdiyi rayonun rəhbərliyinə yox, birbaşa olaraq nəqliyyat naziri Ziya Məmmədovun tabeçiliyinə verilib.

Bütün bunlardan isə aydın olur ki, Azərbaycan əslində, ayrı-ayrı monopolistlərin idarə etdiyi bir məkandır və burada vahid söz sahibi yoxdur. Yəni hərə öz dərəsində bəydir. Təbii ki, bu dərəbəylik Azərbaycana ağır nəticələr verib və verməkdədir. Məsələn, yolların inşasının və asfaltlanmasının birbaşa olaraq Ziya Məmmədovun monopoliyasında olmasının acısı bəri başdan duyulmaqdadır. Artıq yolların çəkilişi İlham Əliyevin səfərlərinin trayektoriyası isə müəyyənləşdirilir. Yəni prezident hansı bölgəyə səfər edəcəksə, həmin bölgənin üzü gülür və oranın yolları kosmetik şəkildə təmir etdirilir və yaxud da inşa edilir. Amma bunun qarşılığında, məsələn, daha çox asfalt yolun ehtiyacında olan rayonlarda vəziyyət biabırçıdır.

Sözügedən inhisarlaşmanın fəsadı özünü bir başqa məqamda da nəzərə çarpdırır. Məsələn, bu gün ayrı-ayrı nazirlərin və dövlət məmurlarının nəzarətində olan rayonlar onlar tərəfindən dədə malları kimi istismar edilməkdə, əslində isə talan edilməkdədir. Necə ki, dünənə qədər Vasif Talıbov Naxçıvan xanı kimi tanınırdı, artıq bütün bölgələrin öz vasifləri, yəni xanları mövcuddur. Onlar isə əllərinə düşən bu fürsətdən ustalıqla yararlanmağa çalışırlar. Məsələn, Kəmaləddin Heydərov Qəbələ ərazisindəki bütün torpaq sahələrinin alışını-satışını, idarə və müəssisələrə rəhbər təyinatını, habelə bütün infrastrukturu öz nəzarətində saxlayır.

Eynilə Etibar Pirverdiyev də Mingcəçevirlə davranır. Sovetlər Birliyi zamanı Azərbaycanın ən yaşıl və təmiz şəhəri hesab olunan Mingəçevir şəhəri bu gün Etibar Pirverdiyevin cılız axritektur təfəkkürünün poliqonuna çevrilib. Artıq Mingəçevirin mərkəzi küçələri Pirverdiyevin tikinti sahələri kimi qəbul olunur və qeyd edək ki, yerli-yersiz aparılan bu tikintilər hesabına şəhərin əvvəlki xoş görüntüsünə xələl gəlməklə yanaşı, həm də insanların hərəkətlərinin belə məhdudlaşdırılması, rahatlığının pozulması adi hala çevrilib.

Təbii ki, bütün bunlar bu gün iqtidar başında oturan qüvvələrin idarəetmə mexanizmi və onun acı fəsadlarıdır. Barışıb-barışmamaq isə bir seçki prosesində verilən qərarla özünü biruzə verə bilər. Yəni biz bu gün hələ də qərar vermiş millətə bənzəmədiyimizdən yaşadığımız eybəcər həyata qane kimi görükürük.

Geri qayıt