Əsas Səhifə > Cəmiyyət > VİDADİ İSGƏNDƏRLİYƏ CAVAB VERİLDİ

VİDADİ İSGƏNDƏRLİYƏ CAVAB VERİLDİ


2-11-2011, 15:46
VİDADİ İSGƏNDƏRLİYƏ CAVAB VERİLDİ

PENİTENSİAR XİDMƏT HÜQUQ-MÜDAFİƏÇİSİNİ İNKAR EDİR

Penitensiar Xidmət (PX) deputatlığa sabiq namizədin 2 saylı istintaq təcridxanasında məhkum və təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə bağlı məhkəmə prosesində səsləndirdiyi ittihamları əsassız sayır.

Qeyd edək ki, deputatlığa sabiq namizəd Vidadi İsgəndərli çərşənbə axşamı Şəki Apelyasiya Məhkəməsində keçirilən prosesdə çıxışı zamanı 2 saylı istintaq təcridxanasında saxlanma şəraitinin ağır, təqsirləndirilən şəxslərə və məhkumlara qarşı pis rəftarın olduğunu bildirib.

O qeyd edib ki, təcridxanada normadan artıq şəxs saxlanılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov çərşənbə günü Trend-ə bildirib ki, 2 saylı istintaq təcridxanasında saxlama limitindən az sayda təqsirləndirilən və məhkum saxlanılır.

"Vidadi İsgəndərlinin saxlandığı kamera 6 nəfərlikdir, orada onunla birgə 4 nəfər saxlanılır", - şöbə rəisi deyib.

Onun sözlərinə görə, son müddət ərzində həmin təcridxanaya ombudsman Elmira Süleymanova, Ombudsman Aparatının Gəncə regional şöbəsinin əməkdaşları, BQXK, ədliyyə naziri yanında İctimai Komitənin nümayəndələri baş çəkiblər.

"Onların hər biri məhkumlarla, təqsirləndirilənlərlə görüşüb, onların problemlərini öyrəniblər. Şəxsi heyətin saxlanılan şəxslərə qarşı davranışı, təcridxanadakı saxlanma şəraiti ilə bağlı hər hansı problemlə bağlı onlara müraciət olmayıb. Baş çəkən həmin şəxslərdən də Penitensiar Xidmətə heç bir şikayət daxil olmayıb", - Sadıxov deyib.

Şöbə müdirinin sözlərinə görə, müəssisənin rəhbərliyi İsgəndərlinin problemləri ilə maraqlanıb.

"Ona tövsiyə olunub ki, səhhətində hər hansı problem olduğu halda təcridxanadakı tibb məntəqəsində istənilən yardım göstərə bilərlər. Vidadi İsgəndərliyə istinadən bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir", - PX sözçüsü deyib.

İsgəndərli Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirli bilinərək Göyçay rayon məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt