Əsas Səhifə > Manşet, Ölkə > "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?"

"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?"


Bu gün, 10:23
"110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?"
"Ötən gün səhər saatlarında Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən mənzilimdə təxminən 15 il əvvəl quraşdırılmış şəhər telefonu ilə bir dövlət idarəsinə zəng etmək istəyirdim. Telefonun dəstəyini götürən zaman cihazın işlədiyini bildirən spesifik səsi eşitmədim. O an xatırladım ki, 3 manat 85 qəpik olan telefon haqqını ödəmişəm. Özümə də təəccüblü gəldi ki, görəsən telefon niyə işləməsin?".

Bunu istefada olan hərbi qulluqçu Elşən Məmməd oğlu Quliyev rabitə xidmətində qarşılaşdığı anlaşılmaz məqamla bağlı "AzPolitika"-ya və digər mətbu orqanlara ünvanladığı şikayət məktubunda bildirib.

Şikayətçi məsələni aydınlaşdırmaq üçün "155" çağrı mərkəzinə müraciət etdiyini bildirir: "Müraciətimdən təxminən 3 saat keçəndən sonra “Şərifzadə ATS”-i kimi tanıdığımız Rabitə Qovşağının 0124314299 nömrəsindən mənə zəng edildi. Bildirildi ki, "sizin nömrəniz ona görə işləmir ki, yeni fiber-optik xətlə əvəzlənməsi gedir. Gərək bu məsələ ilə bağlı yaxınlaşasınız ATS-ə və müqavilə bağlayasınız. Üstəlik də 110 manat ödəniş edəsiniz ki, sizin telefonunuz işləsin.

Dedim necə?!

Dedi "bax elə dediyim kimi, 110 manata sizə "modem" verəcəklər. Onu evdə quraşdırdıqdan sonra nömrəniz işləyəcək".

Dedim ay xanım, yəni buna məcbur edirlər də bizi, belə başa düşdüm? Susdu və bir müddət sonra dedi ki, "biz bu işlərə baxmırıq".

Nə isə, xanımının məlumatsız olduğu gümanı ilə eşitdiklərimi dəqiqləşdirmək üçün yenidən "155" çağrı mərkəzinə zəng etdim. Cavab verən xanıma bu ana qədər baş verənləri bildirib, məsələnin nə yerdə olduğuna aydınlıq gətirilməsini istədim. Məlumat bürosundakı xanım çox təəssüflə ATS-dən verilən məlumatın doğruluğunu təsdiq elədi. Dedi "gərək 110 manat ödəyəsiz, yoxsa nömrəniz işləməyəcək".

Dedim ay xanım, bu bina 15 ildir tikilib istismara verilib. Hazır olandan sonra isə rəsmi qaydada vətəndaşlardan binanın kabelləşməsi,çəkiliş,nömrə xərcləri alınıb. Necə ola bilər ki, yenidən mənzildə mövcud olan telefonun işləməsi üçün 110 manat xərc tələb olunsun?! Dedi "bəli,bir daha təəssüf ki, bu belədir".

E. Quliyev üzləşdiyi problemlə bağlı Rəqəmsəl İnkişaf və Nəqliyyat Nazirliyinə, eləcə də digər aidiyyəti qurumların rəsmilərinə bir sıra suallar ünvanlayıb: "Mən Noyabr ayının 8-də aylıq abunə haqqı ödəmişəm. Kim verib bu tapşırığı ki, telefonum kəsilsin və bərpası üçün 110 manat ödəyim, bu nə deməkdir məmurlar? Hansı haqla mənim telefondan istifadə hüququm heç bir bildirişsiz, xəbərdarlıqsız özfəaliyyət nəticəsində dayandırılır. İstəmirəm sizin 110 manatlıq "xidməti"nizi. İllərlə mənzildə istifadə edilən telefon xəttini vətəndaşların hesabına dəyişirdiniz? Şəxsən mən bunu sizdən xahiş etməmişdim. Bəlkə məndən bu barədə soruşan olmuşdu, yoxsa bu barədə məlumat verilmişdi? Siz nə üçün vətəndaşı məcbur edirsiniz ki, o, 110 manat ödəniş etsin, bu harada yazılıb? Və nəhayət,bir təqaüdçü olaraq elə mənim timsalımda ayın axırında təqaüd gözləyən minlərlə təqaüdçüləri bu formada günün günorta vaxtı məcburi şəkildə 110 manat ödənişə məcbur eləmək sizcə "fiber-optik" soyğunçuluq deyilmi? Əldə etdiyim məlumata əsasən, bu cür fiber-optik yeniləmə bir müddət əvvəl 7-ci mikrorayon ərazisində başa çatdırılıb və sakinlərdən mənzillərə quraşdırılmış modem üçün heç bir ödəniş tələb olunmayıb!".

"AzPolitika.info"

Geri qayıt