Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Turan ideyasına qarşı yaradılan “gizli əl”

Turan ideyasına qarşı yaradılan “gizli əl”


4-12-2024, 19:04
Turan ideyasına qarşı yaradılan “gizli əl”
Suriyada baş verən son proseslər çərçivəsində kürd dövlətinin yaradılması versiyası ortaya atılır. Bəzi analitiklərin fikrincə, “kürd kartı”ndan Türkiyəni, bilavasitə Türk Dövlətləri Təşkilatını (TDT) vurmaq üçün istifadə etməyə çalışırlar.

Bu proseslər türk dünyasının birliyinə, Turan ideyasının inkişafına, vahid türk ordusunun qurulmasına, iqtisadi ittifaqının yaranmasına nə kimi mənfi təsir göstərə bilər?

Globalinfo.az-a danışan siyasi təhlilçi Füzuli Qurbanov deyib ki, TDT-nin güclənməsi, türk dünyasının real inteqrasiyası təkcə region deyil, artıq Avrasiya miqyasında aktual geosiyasi məsələ kimi müzakirə olunur:

“Bu, türk dövlətlərinin keçdiyi böyük yoldur. Əvvəllər belə bir birliyin yaranacağı ilə bağlı müzakirə aparılmırdı. İndi isə TDT regionlararası miqyasda ciddi təsir gücünə malik quruma çevrilib. Bu təşkilatın aparıcı dövləti Türkiyədir. Eyni zamanda, Azərbaycanın bu prosesdəki fəallığı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm türk dövlətləri birliyinin ideya müəllifi, həm də bu istiqamətdə ilk addımı atan ölkədir. 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsi bu ideyanı konkret bir formaya saldı. Şuşa Bəyannaməsi və Qarabağ Bəyannaməsi isə TDT-nin gələcəyini müəyyən edən və ciddi təsir gücünə malik rəsmi-hüquqi sənədlər oldu. Bu sənədlər beynəlxalq hüquq normaları çərçivəsində türk dövlətlərinin əməkdaşlıq, təhlükəsizlik və özünümüdafiə aspektlərində bir araya gəlməsi məsələlərini ehtiva edir”.

F.Qurbanovun sözlərinə görə, TDT mahiyyət, mənbəcə sivil təşkilatdır:

“Onun üçün əməkdaşlıq, milli təhlükəsizlik çox önəmlidir. Bu sıçrayış bir çox ölkələri narahat etməyə başlayıb. Müxtəlif üsullara əl atmağa çalışırlar. Bunlardan biri də qardaş kürd xalqı, farslarla münasibətlərimizi pozmağa hesablanıb. Bu cəhdlərin haradan və niyə gəldiyi məlumdur. Müəyyən radikal qüvvələr bu problemlərdən yararlanmağa çalışırlar. KİV-lərdə bu və ya digər adlar altında müxtəlif ibarələrin də şahidi oluruq. Lakin tam əminəm ki, bütün bunların faydası olmayacaq, TDT daha da güclənəcək.

Suriya, İraq, Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropadakı proseslər göstərir ki, TDT-nin inteqrasiya prosesinin qarşısını almağa heç bir güc yetməyəcək. Bizim üçün əsas geosiyasi risk Rusiya-Ukrayna müharibəsinin uzanması, ikinci müharibə zonası kimi İsrail-Fələstin münaqişəsinin qalmasıdır. Proseslərin Suriyada cərəyan etməsi münaqişənin yeni mərhələyə keçməsindən xəbər verir. Suriyadakı müxalifət prosesi qabaqladığı üçün burada fərqli ssenari gündəmə gəlib”.

Siyasi təhlilçinin fikrincə, Mərkəzi Asiyada Rusiya yaxud Çin sərhədi yaxınlığında yeni münaqişə yarana bilər:

“Bu gərginliyin olmaması üçün TDT çox böyük addımlar ata bilər. Vahid türk ordusunun qurulması məsələsi həssasdır. Türk Dövlətləri Təşkilatının son sammitləri göstərir ki, həmin istiqamətdə müzakirələr var. Hazırda əsas istiqamət isə türk xalqlarının mədəniyyəti, elmi, təhsili, əlifbası məsələsini vahid sistem halına gətirmək, digər tərəfdən isə təhlükəsizliyi birgə təmin etmək üçün addımlar atmaqdan ibarətdir”.
Geri qayıt