Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ?

Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ?


Bu gün, 09:27
 Duda Naxçıvanda nəyi görmək İSTƏYİRDİ?
Ermənistana səfərə gələn Polşa prezidenti Anjey Duda fransızsayağı hərəkət edib. O, Naxçıvanla sərhəddə yerləşən Arazdəyən qəsəbəsində olub və Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə birgə patrul xidməti həyata keçirib.

Polşa Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Andjey Duda noyabrın 27-də Ermənistanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədi yaxınlığındakı Paruyr Sevak kəndində yerləşən EUMA məntəqəsini ziyarət edib. Prezident burada Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşərək vəziyyətlə tanış olub, missiyanın gördüyü işlər barədə maraqlanıb.

Görüş zamanı çıxış edən Dudanın açıqlamaları isə birmənalı qarşılanmayıb:

“Avropa İttifaqından olan ekspertlərin iştirakının məqsədi münaqişə tərəfləri arasında razılıq əldə etmək və eyni zamanda münaqişə və sərhəd bölgəsində baş verənləri müşahidə etməkdir”.

Polşa prezidenti hesabı qarışdırıb?

Amma Duda Naxçıvanla sərhədə boş yerə gedib. Çünki münaqişə bu ərazilərdə yox, Ermənistanın Şərq hissəsindəki sərhədlərində olub. Ona görə də həm Aİ müşahidəçilərinin, həm də Dudanın Naxçıvanla sərhəddə peyda olması xeyli sual doğurur.

Əslində polşalılar özləri də bu səfərin əsl mahiyyətini gizlətmək üçün müxtəlif versiyalar irəli sürürlər. Guya ki, Dudanın məqsədi missiyaya daxil olan polyaklarla görüşmək olub. Nəzərə alaq ki, Aİ-nin Ermənistandakı missiyasının müavini Polşa vətəndaşı Marek Kuberskidir. Polşa prezidenti Ermənistanda olarkən özünə borc bilib ki, Kuberski ilə görüşsün. Amma bu tezisi irəli sürən Polşa mətbuatı nədənsə Dudanın Aİ missiyasının rəhbəri Markus Ritterlə görüşü barədə daha geniş yazıblar.

Üstəlik, Dudanın binoklla Azərbaycan torpaqlarını seyr etməsini də videoformatda yayımlayıblar. Amma onu yazmayıblar ki, Duda Naxçıvan ərazisində nə görmək istəyib. Axı, hərbi toqquşmalar tam fərqli coğrafiyada baş verib.

Məntiqlə həm Aİ missiyası, həm də Duda Gorus, Qafan, Basarkeçər və yaxud da Tavuzqalaya gəlməli idi. Deməli, Polşa prezidentinin məqsədi münaqişə bölgəsində qarşı tərəflərin ordularının dislokasiyasını izləmək yox, emosiyaları qızışdırmaq, siyasi təxribat törətməkdir.

Nəzərə alaq ki, Duda 13 illik prezidentliyi dövründə ilk dəfə Ermənistana gəlib. Amma bir qədər gecikmiş səfəri zamanı o, fransızsayağı ermənipərəstlik nümayiş etdirib.

Beləki, Duda Ermənistanda deyib ki, Polşa Ermənistanı “Avropa ailəsinə” yaxınlaşdırmaq üçün hər şeyi edəcək. O bununla kifayətlənməyərək “münaqişə”nin Ermənistanın maraqları baxımından həlli üçün əllərindən gələni edəcəkləri vədini də verib.

Polşalılar da fransızlardan nümunə götürür

Polşa liderinin həm son səfəri, həm onun “durbin diplomatiyası” gizli planlardan xəbər verir. Ən başlıcası Polşa bu addımları ilə Fransayla həmrəylik nümayiş etdirir. Məlumdur ki, Azərbaycanın qətiyyəti hesabına Fransanın müstəmləkəçilik siyasəti ifşa olunub. Nəticədə bir çox Avropa ölkələri ilə yanaşı Fransa neokolonizmindən əziyyət çəkən dövlətlər də Azərbaycanın yanında yer alıb. Bu da təbii ki, Azərbaycanın artan siyasi gücünü göstərməklə yanaşı bəzi Qərb ölkələrini ciddi şəkildə narahat edir.

Həmin ölkələrdən biri də Polşadır. Rəsmi Varşava açıq şəkildə Azərbaycana qarşı çıxmsa da, Dudanın sərhədimizə qədər gəlməsi çox mətləblərdən xəbər verir.

Nəzərə alaq ki, “binokl diplomatiyası” Fransanın icadıdır. Elə sonuncu dəfə bu yaxınlarda Fransanın Ermənistandakı səfiri də Ermənistan-Azərbaycan sərhədində olub və durbinlə Azərbaycan ərazisini müşahidə edib. Ən əsası rəsmi Bakının ünvanına bir sıra təxribat xarakterli bəyanatlar verib.

Rəsmi Bakının cavabı

Bu günsə Polşa prezidenti eyni addımı atır. Doğrudur, Azərbaycan diplomatik kanallarla Polşaya öz etirazını çatdırıb. Ötən gün Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır”.

Bundan əlavə, Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək, Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib.

Bu da o deməkdir ki, Dudanın “dürbün diplomatiyası” Polşa ilə Azərbaycan arasında diplomatik böhrana səbəb ola bilər. Belə vəziyyətdə isə hər şey rəsmi Varşavanın yaxın günlərdə verəcəyi açıqlamadan asılıdır.

Surxay Atakişiyev, Bizim.Media

Geri qayıt