Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışıBu gün, 09:53 |
Fransanın Ermənistandakı səfiri Olivye Dekottini İran ərazisində yerləşən Qərbi Azərbaycan vilayətinin xəritəsini yayıb. Dekottini xəritəni “Tək və yeganə” adı ilə paylaşıb. Azərbaycana qarşı bütün platformalarda antitəbliğat aparan Fransanın səfiri bununla guya Azərbaycan Respublikasındakı “Qərbi Azərbaycan” termininə qarşı çıxıb. Yəni Qərbi Azərbaycan – yalnız İrandadır. Qeyd edək ki, Qərbi Azərbaycan – Şimalı Azərbaycanın qərbini – indiki Ermənistanın ərazisini əhatə edən termin kimi istifadə edilir və Azərbaycanın tarixi İrəvan, Göyçə, Vedi, Zəngəzur, Dərələyəz tarixi mahallarını əhatə edir. İrandakı Qərbi Azərbaycan vilayəti isə Güney Azərbaycan ərazisinin 6 vilayətə bölünməsi nəticəsində yaradılıb. Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, bu, bir daha onu göstərir ki, Fransanın ölkəmizə qarşı təxribatları və açıq qərəzi davam edir. Deputat vurğulayıb ki, Fransa dəfələrlə bütün platformalarda biabırcasına uduzmasına baxmayaraq, davamlı olaraq təxribatlar həyata keçirməkdədir: "Fransanın Ermənistandakı səfiri öz işi ilə, yəni diplomatik fəaliyyətlə deyil, Azərbaycana qarşı təxribatlarla, ciddi suallar doğuracaq fəaliyyətlə məşğuldur. Qərbi azərbaycanlıların indiki Ermənistana, öz tarixi yurdlarına geri qayıtması haqqı təbiidir. Soydaşlarımız öz yurdlarından, yəni indiki Ermənistan ərazisindən zorla qovulub, deportasiyaya məruz qalıblar, İran ərazisindən yox. Bununla bağlı çoxsaylı sübutlar, dəlillər ortadadır. İran ərazisindəki azərbaycanlıların məsələsi başqa mövzudur. Amma söhbət bugün yüzminlərlə Qərbi azərbaycanlının öz doğma yurdlarına qayıtmasından gedir". Parlamentari qeyd edib ki, 1920-ci ildən başlayaraq günümüzə kimi bir neçə dəfə azərbaycanlılar Ermənistandan deportasiyaya məruz qalıblar: "Təkcə 1980-ci illərin sonunda 300 minə yaxın azərbaycanlı Ermənistandan zorla çıxarılıb. Azərbaycanın haqlı tələbi ondan ibarətdir ki, azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdırlar. Bu, öz yurdlarından qovulmuş hər bir azərbaycanlının təbii haqqı, hüququdur. Ermənistan hökuməti də bu haqqı tanımalıdır. Fransız səfirin nə deməsindən asılı olmayaraq, azərbaycanlılar mütləq Qərbi Azərbaycana geri dönəcəklər. Bizim buna heç bir şübhəmiz yoxdur. Ermənistan da bunu mütləq nəzərə almalıdır. Fransa da bu cür təxribatlara son qoymalıdır". Geri qayıt |