Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır?

Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır?


Dünən, 08:34
Aİ deşifrə olunmuş kəşfiyyatçıları sərhədimizdən qaçırır?
Ermənistan-Azərbaycan sərhədində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqının (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox “mülki müşahidəçi”sinin orada qalıb-qalmayacağı hələlik məlum deyil. Bu arada Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib ki, yekun qərar yoxdur.

“Yeni Müsavat”ın məlumatına görə, diplomat jurnalistlərin suallarına cavabında İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib. Bildirib ki, missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb: “Amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”. Qeyd edək ki, Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq. Ermənistan çalışır ki, Avropa İttifaqının sərhəd bölgələrində yerləşən “mülki müşahidəçi”lərinin mandatının vaxtının uzadılmasına nail olsun. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ay parlamentdəki çıxışında Aİ-nin mülki müşahidə missiyasının mandatının uzadılmasının zəruriliyini delimitasiya prosesinin başa çatmaması, sabit və uzunmüddətli sülhün olmaması ilə izah etmişdi.

“Binokl diplomatiyası”ndan söz düşmüşkən isə Prezident İlham Əliyevin bu il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər. Dövlətimizin başçısı Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı əlavə etmişdi ki, “Avropa müşahidəçilər missiyasının” müddəti ölkəmizin razılığı olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılıb. Ölkə Prezidenti həmçinin mövcud xüsusda ritorik sual səsləndirmişdi: “Buna nə ehtiyac var idi?!” Prezident İlham Əliyev “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından kənarlığını bildirmiş, habelə, Azərbaycanın Aİ ilə təmaslarda bu məsələnin qaldırılacağını dilə gətirmişdi.

Ermənistandakı “mülki”adında casus şəbəkəsinin faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğuna artıq şübhə qalmayıb, özü də bunu təkcə Azərbaycan tərəf bəyan etmir. Ermənistanda vazkeçilməz maraqları və hərbi bazası olan Rusiyanın da Aİ missiyası ilə bağlı “qırmızı xətti” var. “Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, - deyə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri iclasında çıxışı zamanı demişdi. “Aİ-nin müstəqil mülki müşahidə missiyası konkret NATO ölkəsinin maraqları naminə Rusiya və tərəfdaşlarımıza qarşı kəşfiyyat fəaliyyəti həyata keçirir”, - Rusiya rəsmisi qeyd edib. A.Bortnikovun sözlərinə görə, Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Azərbaycan-Ermənistan nizamlanması prosesinə başçılıq etməyə və de-yure BMT-nin, de-fakto NATO-nun himayəsi altında regionda özünün “sülhməramlı” kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır. O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. FTX direktoru qeyd edib ki, güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır.

Maraqlısı budur ki, Nikol Paşinyan KTMT-ni birdəfəlik tərk etməklə bağlı da mövqeyini qətiləşdirməyib. Rusiyanın çətiri altında fəaliyyət göstərən hərbi bloku tərk etməyə cürət etməyən rəsmi İrəvan Azərbaycanın və ardınca Rusiyanın xəbərdarlıqlarından sonra Aİ missiyasının vaxtının uzadılmasında da tərəddüd edir. Heç şübhəsiz, Ermənistan Azərbaycanla yarımçıq sülh bağlamağa həm də ona görə tələsirdi ki, Aİ-nin casus şəbəkəsinin şərti sərhədlərdə daha uzunmüddətli qalmasını da sakit şəkildə həll edə bilsin. Eyni zamanda Ermənistanın Qərbə bağlı hakimiyyətinin bir gözü Ukraynadadır, Rusiyanın savaşı udması halında onun Aİ missiyası ilə əməkdaşlığı Kreml tərəfindən cəza mexanizminin işə salınmasına təkan verə bilər.

Lakin zaman daralır və Aİ missiyası ilə bağlı ya “hə”, ya da “yox” deyilməlidir. Üstəlik, “iştah diş altındadır”, N.Paşinyan son zamanlar Avropadan müxtəlif adlar altında Ermənistana axan milyonlardan da özünü məhrum etmək istəmir. Bugünlərdə Avropa İnvestisiya Bankının qlobal bölməsi (EIB Global) Ermənistanla 300 milyon avrodan artıq məbləğdə kredit müqaviləsi imzalayıb. “EIB Global” Şimal-Cənub nəqliyyat dəhlizinin seqmenti olan yolun tikintisini birgə maliyyələşdirmək üçün Ermənistanla 236 milyon avroluq kredit sazişi imzalayıb", - məlumatda qeyd olunub. Eyni zamanda Avropa İttifaqı Ermənistana 10 milyon avroluq qrant verəcək və bu, enerji səmərəliliyinin artırılmasına və İrəvanda klinika və uşaq bağçalarının təmirinə yönəlmiş 25 milyon avroluq EIB kreditini tamamlayacaq. Qeyd olunur ki, bundan əlavə, EIB ölkədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini genişləndirmək üçün üç Ermənistan bankına 58.5 milyon avro kredit verəcək. Bundan əlavə, Avropa Sülh Fondu da Ermənistana 10 milyon avro ayırıb. Brüssel razılaşmasına əsasən, Avropa Birliyinin 4 il ərzində Ermənistana ayıracağı 265 milyonu və ABŞ-nin 65 milyonluq dəstəyini də nəzərə alsaq, Ermənistanın Aİ-dən, üstəlik, Kanadanın timaslında NATO-nun da olduğu 209 nəfərlik cəsus şəbəkəsindən asanlıqla əl çəkəcəyi şübhə doğurur. Bütün bunlardan sonra missiyanın rəhbəri Maraqosun dediklərindən gəlinən nəticə budur ki, yaxın günlərdə məsələ ilə bağlı yekun qərar veriləcək. Bəs ekspertlərimiz nə düşünür: Aİ sərhəddə kəşfiyyat məlumatları toplayan və deşifrə olunmuş “missiyasaını” geri çəkəcək, yoxsa “sülh əldə olunanadək” Ermənistanda qalmaqda davam edəcək?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi ki, Avropa İttifaqının Ermənistandakı “mülki missiyası” ilə bağlı Praqada əldə olunmuş razılaşma prosesin həyata keçirildiyi ilk gündən və bir neçə istiqamətdə pozulub: ""Müşahidə missiyası"nın tərkibi, sayı və Ermənistanda davam etməkdə olan mövcudluğu Aİ-nin öz öhdəliklərinə sadiq qala bilmədiyini və bu təsisatla, xüsusilə də sülh və təhlükəsizlik kimi məsələlərdə etimadlı əməkdaşlığın mümkünsüzlüyünü nümayiş etdirir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “müşahidə missiyası”nın artıq qeyri-müəyyən zaman kəsiyinə doğru irəliləyən mövcudluğu ilə bağlı səsləndirdiyi mülahizələr isə boşboğazlıqdan başqa bir şey deyil. Reallıq isə ondan ibarətdir ki, mövcudluğunun heç bir hüquqi əsası olmayan “müşahidə missiyası”, əslində delimitasiya prosesinin intensivləşməsinə, sabit və uzunmüddətlu sülhün əldə olunmasına maneə yaradır". E.Mirzəbəylinin fikrincə, Aİ-nin “müşahidə missiyası”, hazırda konkret qütbün maraqlarının ifadəçisi və tərəf kimi çıxış edir ki, bu da Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kənardan yeridilən “yad cisim” kimi görünür: “Bununla yanaşı, hələlik "müşahidə missiyası"nı Ermənistana göndərənlərin yaxın 3 ay ərzində əks istiqamətdə qərar qəbul edəcəklərini gözləmirəm".

Sabiq nazir Fikrət Yusifov qəzetimizə bu barədə danışarkən bildirdi ki, Ermənistanın sülhü pozmağa yönəlmiş addımlarından biri də Avropanın və xüsusilə də Fransanın hüquq-mühafizə orqanlarında çalışıb təqaüdə çıxmış hərbiçiləri “müşahidəçi” qismində Azərbaycanla sərhədə dəvət etməsidir: “Bir para keçmiş hərbiçinin bizimlə sərhəddə apardığı "binokl diplomatiyası" Ermənistana nə verir? Əslində bu missiyanın dəvət olunmasına və sərhəddə müşahidə apararaq reallıqları gözləri ilə görməsinə Azərbaycan hökuməti də etiraz etməmişdi. Lakin bu “müşahidəçilər” missiyaları başa çatdıqdan sonra çıxıb getmək əvəzinə, bizimlə sərhəddə öz fəaliyyətini davam etdirirlər. Bu “müşahidə qrupu” indi də bizimlə sərhəddə öz “missiyasını” davam etdirməkdədir. Ermənistan hər vəchlə onların bizimlə sərhəddə qalması müddətinin uzadılmasına çalışır".

F.Yusifov rəsmi İrəvanın yanlış seçim etdiyini və riskli oyunlara alət olduğunu qeyd etdi: “Ermənistan hakimiyyəti anlamalıdır ki, bu qəbildən olan gedişlər Azərbaycanla Ermənistan arasında etimadın yaranması yolunda ciddi bir əngəldir. Azərbaycanın razılığı olmadan sərhəddə belə bir missiyanın yerinə yetirilməsi münasibətlərin nizama salınması yolunda ciddi əngəldir. Bir tərəfdən "biz Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirik" deyən Ermənistan hakimiyyəti, digər tərəfdən sülhün kökünü bu şəkildə baltalayır. Biz ermənilərin xəyanətkar xislətinə tarixdən çox yaxşı bələdik. Ermənistan hakimiyyəti anlamalıdır ki, sülh müqaviləsi ilə etimadsızlığın bir arada olması mümkün deyil - “mən səninlə sülh müqaviləsi bağlamaq istəyirəm, ancaq sənə etimad etmirəm” deməklə sülh müqaviləsi bağlamaq mümkün deyil. Və belə olduqca sülh müqaviləsi də bağlanmayacaq. Bu gün sülh müqaviləsi dalana düşmüş Ermənistanın bir dövlət kimi yeganə xilas yoludur. Əgər Ermənistan Avropa Birliyinin “binokl diplomatiyası” yürüdən missiyasının Azərbaycanla sərhəddə qalması müddətini uzadarsa, o halda sülh müqaviləsinin də bağlanması uzanacaq..."

Görək Paşinyan Avropanın gözqamaşdıran avrolarının qarşılığında hansı addımı atacaq. Əminliklə qeyd edə bilərik ki, rəsmi İrəvan Bakının və Moskvanın xəbərdarlıqları fonunda riskli qərara imza atacaqsa, vəziyyətini ağırlaşdıracaq, üstəlik, sülh prosesinə zərbə vuracaq.

Geri qayıt