Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskvanın İrəvana təsirləri mənasızdır

Moskvanın İrəvana təsirləri mənasızdır


Dünən, 10:22
Moskvanın İrəvana təsirləri mənasızdır
Avropa İttifaqı həyəcan təbili çalır ki, İrəvan Ermənistan-Azərbaycan sərhədindəki Aİ-nin müşahidə missiyasının müddətinin uzadılması məsələsinə hələ də aydınlıq gətirməyib. Aİ səfiri Vasilis Maraqos ötən gün bildirib ki, missiya bitdikdən sonra 200-dən çox müşahidəçinin Ermənistanda qalıb-qalmayacağı məlum deyil: “Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”. Erməni mətbuatı da bildirir ki, Azərbaycanla yanaşı, Rusiya da Aİ müşahidəçilərinin Ermənistandakı fəaliyyətindən narazıdır. Qeyd olunur ki, İrəvanın müşahidə missiyasının müddətinin uzadılması üçün müraciət etməsi məntiqli olardı, amma vəziyyət başqa cürdür. Son zamanlar Ermənistan hakimiyyətinin Rusiyaya yönəlik siyasət yürütdüyü, Moskva ilə münasibətləri yaxşılaşdırmağa çalışdığı göz qabağındadır. Moskva missiyanı Azərbaycan, Rusiya və İrana qarşı casusluq fəaliyyətində ittiham edir. Avropada ehtiyatlanırlar ki, Paşinyan hakimiyyəti Qərbdən üz döndərib, yenidən Rusiyaya qucaq aça bilər. Azərbaycan da müşahidəçilərin yerləşdirilməsinin əleyhinədir. İstisna deyil ki, Bakıdan da müşahidə missiyasının mandatının uzadılmaması tələbi olub və İrəvan həmin tələbi yerinə yetirmək qərarına gəlib. Məlumat üçün deyək ki, Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti gələn ilin fevralında başa çatır.

Azərbaycan Demokratik Partiyasının sədr müavini Həsrət Rüstəmov deyib ki, avropalı müşahidəçilərin regionda mövcud olduqları dövrdə diqqəti cəlb edən bir nailiyyətləri olmayıb. Siyasi şərhçi hesab edir ki, bu missiya Avropa İttifaqının və ümumiyyətlə, Qərbin bizim bölgəyə maraq göstərdiyinin təzahürlərindən biridir:

"Hazırda rəsmi İrəvan onların fəaliyyətlərinin davam etməsinə maraq göstərmirsə, bu o deməkdir ki, Ermənistana Moskvanın təsirləri artacaq. Amma düşünmürəm ki, Avropa İttifaqı İrəvanla bu məsələdə həmfikirdir. Çox güman ki, bir yol tapıb Avropa İttifaqının missiyasının müddəti uzadılacaq. Nəzərə alsaq ki, sülh müqaviləsi də hələ də imzalanmayıb, bu, onlara regionda bir müddət daha qalmağa əsas verə bilər".

Geri qayıt