Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır

Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır


Bu gün, 17:03
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır
Ölkədə daha məvaciblə mənzil almaq mümkün görünmür. Mənzil bazarındakı qiymətlər xüsusilə paytaxtda ev sahibi olmağın möcüzə sayıla biləcəyinə işarə vurur. Bakıda hətta fransız və italyan layihəli dar, birotaqlı mənzilləri də 100 min manatdan ucuz almaq olmur.

Bizimyol.info xəbər verir ki, Rusiyada ayrı-ayrı şəhərlərdə orta aylıq maaşla yemədən-içmədən neçə ilə mənzil almağın mümkünlüyü barədə araşdırma aparılıb. Paytaxt Moskvada yerli sakinlər 12 ilini xərcləməlidir. Murmansk vilayətində yaşayanlara hətta 4 ildən az müddət lazım ola bilər. Dağıstan sakinləri isə mənzil üçün 16 il gözləməlidir.

Bu mənada Qərb ölkələrinin vətəndaşları üçün şərtlər daha yaxşıdır. İsveçrənin böyük şəhərlərində sahəsi 60 kvadratmetri keçməyən mənzili 300 min avrodan ucuz almaq mümkün deyil. Bunun üçün isveçrəli təxminən 40 aylıq məvacibini üst-üstə toplamalıdır. Yəni 3 ildən bir qədər artıq mübarizə nəticə əldə etməyə kifayətdir.

Ümumiyyətlə, Avropa ölkələrinin əksərində vəziyyət oxşardır. Təxminən 4-5 illik maaşı toplamaq imkanı olsa, mənzil problemi həllini tapar.

Azərbaycanda orta aylıq əməkhaqqı 997 manatdır. Paytaxtda sahəsi 60 kvadratmetrdən bir qədər çox olan, sovet dövründə inşa edilmiş binalardakı mənzillər 175-180 min manatdan ucuz satılmır. Belə çıxır ki, Azərbaycan vətəndaşı azı 15 illik məvacibini toplayaraq mənzil ala bilər. Amma bizdə orta aylıq əməkhaqqı anlayışının da mübahisəli olduğunu unutmayaq. Ölkədə median əməkhaqqı heç 500 manata çatmır. Müəllimlərin az qala yarısı bu qədər məvacib almır. Paytaxtda xidmət sektorunda çalışanların əksəri uzağı bu maaşa iddia edə bilər. Yəni 997 manat çox adam üçün əlçatmazdır. İsveçrədə bir müəllim 4-5 illik məvacibini toplasa, mənzil sahibinə çevrilə bilər. Azərbaycan müəllliminə heç 20 il də çatmaz.

Hansı nəticəyə gəlmək olar? Ölkədə mənzil sahibi olmaq üçün təxminən 20 il külüng çalmaq lazımdır. Hələ bunu da xeyli güzəştlə yazmaq olar. Ölkədə maaşla mənzil almaq mümkünsüz kimi görünür.

Geri qayıt